Avropa, ələlxüsus da Fransa bir çox ölkələrdə demokratiya ilə bağlı daim narazılıq ifadə edir, bununla bağlı təəssüf hissini də açıq şəkildə bəyan edir. Hətta digər ölkələrdə demokratiya ilə bağlı vəziyyəti bəyənmədiklərini də qeyd edərək, hökumətlərdən müəyyən “ümumbəşəri normalara” riayət etməyi tələb də edirlər. Xüsusən də Fransa prezidenti Makron Cənubi Qafqazda demokratiya ilə əlaqədar vəziyyətlə bağlı tövsiyyələr də verməyi özünə rəva bilir, halbuki elə Avropanın düz ortasında, Fransanın özündə demokratik normaların kobud şəkildə pozulduğunu sanki görmür, ya da görmək istəmir.
İnsan haqlarını və demokratiyanın vəziyyətini böyük canfəşanlıqla qiymətləndirmək həvəsində olan Makronun “avtoritarizm” təhlükəsinə qarşı xəbərdarlıq etməsi hədsiz dərəcədə gülünc görünür və hətta öz ölkəsində olanlar, cərəyan edən hadisələr fonunda onun bu istəyini təzad kimi də qiymətləndirirlər. Əvvəla ona görə ki, məsələn, Cəbuni Qafqaz ölkələrindən biri olan Azərbaycanda müşahidə olunan demokratiya ənənəsi bir örnək, bir nümunə hesab olunur. Digər tərəfdən də bizdə olan demokratiya Fransanın özündə belə müşahidə edilmir axı. Məgər Makronun öz ölkəsi demokratik dəyərlərə belə riayət edir ki, onun hansısa ölkələrə demokratiya dərsi keçmək haqqı olsun? Bu zamana qədər dünya ictimaiyyəti bunun, yəni Fransada demokratiya deyilən ali dəyərlərə həmin ölkə hakimiyyətinin sayqı ilə yanaşdığının şahidi olmayıb axı.
Çoxluğun hakimiyyəti iddiasında olan Fransa dövlətinin rəhbərləri öz əhalisinin əksəriyyətinin dəstəyinə arxalandığını iddia edə bilərlərmi? İddia edə bilməzlər. Çünki demokratiya mücərrəd liberal-demokratik dəyərlər haqqında fəlsəfədən ibarət deyil. Demokratik dəyərlərə hörmət edən ölkə ilk növbədə öz vətəndaşlarının maraqlarını, çoxluğun istəklərini, haqlarını müdafiə etməlidir, özü də sözdə deyil, əməldə. Necə ki, bunu elə fransalılar özləri Azərbaycanda müşahidə edirlər. Təsadüfi də deyil ki, bizdə hakimiyyətlə xalq arasında birlik, həmrəylik var və məhz bizim ölkəmizdə dövlət öz ölkəsinin vətəndaşlarının, əhalisinin dəstəyinə arxalanır. Amma bunu Fransa barəsində demok mümkün deyil. Ona görə ki, Fransa hökuməti həmvətənlərinin aktual problemlərini həll etməyə sanki heç vaxt tapmır və ümumiyyətlə, onların fikrlərinə məhəl də qoymur, saymazlıq edir. Bu vəziyyətdə demokratiyadan dəm vurmaq belə təzad deməkdir. Əgər Avropanın düz ortasında, Fransada hökumətin belə saymazlığına cavab olaraq vətəndaşlar küçələrə çıxır, iğtişaşlar törədir və hökumət binalarına hücum edirlərsə, bu ölkədə demokratiya haqqında danışmağa dəyməz. Çünki görünən odur ki, Fransa ilə demokratiya arasında uçurum göz önündədir.
Etirazçılara qarşı zirehli maşınlardan və vertolyotlardan istifadə olunan dövlətdə hansı demokrratiyadan danışmaq olar? Belə bir dövlətin ən parlaq nümunəsi elə Fransadır. Bu ölkədə pensiya islahatları ilə bağlı aylarla davam edən kütləvi etirazlar bitməyə vaxt tapmamış yeni bir məsələ ortaya çıxdı. Fərqli formatda və məcrada iğtişaşlar başladı. Fransa polisinin 17 yaşlı gənci güllələyib öldürməsindən sonra gənclər hər gecə polislə “döyüşməyə” başlayıb. İndi bu ölkənin düz ortasında narazı kütlə avtomobilləri və ictimai binaları yandırmaqla öz narazılığını ifadə edir. Fransa hakimiyyəti isə bunun qarşısını güc yolu ilə almağı tərcih edir, doğru sayır. Bu ölkədə nümayişçilərə qarşı təkcə polis xüsusi təyinatlılarından deyil, həm də zirehli texnikası olan helikopterlərdən belə istifadə edilir. Bunun fonunda həmin ölkə hakimiyyətinin, şəxsən Makronun demokratiyadan danışmağa mənəvi haqqı belə çata bilərmi? Bilməz.
Zorakılığın və qırğınların yeni dalğası 2005-ci ildən müşahidə ediləndən indi daha böyük miqyasdadır. Bu dağıdıcı hərəkətləri müəyyən assosial elementlərin cinayət meylləri olaraq izah etmək, yaxud təqdim etmək sadəcə olaraq mümkün deyil. Bütün bu hadisələr onu deməyə əsas verir ki, Fransa, məhz həmin cəmiyyətdə özləri üçün heç bir perspektiv görməyən, sosial müavinətlər və qeyri-müəyyən iş yerləri hesabına acınacaqlı həyat sürməyə məcbur olan gənclərlə, insanlarla doludur. Bəli, indi onların atdıqları daşdır, seçki bülleteni deyil və buna görə günahı onlarda axtarmaq özü də absurd yanaşmadır. Fransa hökumətinin belə bir yanaşması doğru deyil, çünki bunun günahı hökumətdədir. Əgər Fransa hökuməti günahı nümayişçilərdə axtarırsa, deməli, elə demokratik dəyərlərə özü hörmətsizlik edir. Məgər indi müşahidə olunan iğtişaşlar, narazı nümayişçilərin ortaya çıxması birdən-birə baş verib? Xeyr, qətiyyən. Diqqətə çatdıraq ki, 2018-ci ildə başlayan və getdikcə dərinləşən “sarı jiletlilər” etirazlarını “pensiya etirazları” əvəz etdi. Yəni bu etiraz dalğası həmin etirazların bir növ davamı oldu. Bütün bu proseslər onu deməyə əsas verir ki, Fransa hökumətinin demokratik mandatı çoxdan şübhə altına alınıb, özü də ilk növbədə fransızlar tərəfindən. Yəni bu Avropa ölkəsi ilə demokratiya arasında böyük uçurumun olduğu elə fransızların özləri tərəfindən də qəbul olunur.
Prezident Makron qlobal siyasət oyunu oynamaqdansa, Cənubi Qafqazdakı proseslərə müdaxilə edtməkdənsə, əsl demokratik siyasətçinin ümdə vəzifələrini, öz ölkəsi ilə bağlı ilk növbədə nə etməli olduğunu nəzərdən qaçırmamalıdır. Bu ölkənin lideri ən elementar vəzifə olaraq, iqtisadi və sosial problemlərin həlli barədə düşünmürsə, bəs onda başqalarının işinə niyə burnunu soxur? Hansısa Afrika ölkəsinə “sülhməramlılar” göndərmək demokratik ölkə olmaq demək deyil. Yaxud, bir xristian ölkəsi olan Ermənistanı öz ölkəsindən daha böyük canfəşanlıqla guya “qorumaq” barədə iddialılıq çox gülünc görünür. Öz vətəndaşlarının, fransızların halına yanmayan birinin erməni təəssübkeşliyi özü belə təzad olaraq giymətləndirilir. Nəhəng və qlobal sosial məsələlərlə bağlı fikirlər bildirən Fransa lideri daxili vəziyyəti vecinə almırsa, buna nə ad vermək olar? Yaxud, öz vətəndaşının huquqlarının tapdalanmasını çox böyük saymazlıqla seyr edən, hətta vətəndaşın özünü, ölkəsinin narazı kütləsini günahkar bilən bir ölkə liderinin, Fransa prezidentinin özünü ermənilərin haqq və hüquqlarının müdafiəçisi kimi göstərməsi təkcə gülünc görünmür, həm də ən azından dona girmək kimi görünür. Çünki öz vətəndaşının haqlarının müdafiəçisi olmayan bir ölkə liderini başqa bir ölkə vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi heç kim qəbul edə bilməz.
Sanki Fransa prezidenri öz vətəndaşlarının narazılığına, hətta qəzəbinə belə məhəl qoymamağa öyrəncəlidir. Kiçik bir əyalətdə deyil, düz Marseldə baş verən iğtişaşlar sanki onun vecinə də deyil. Makron sosial problemlər içində boğulan, daim iğtişaş və zorakılığın episentrlərindən birinə çevrilən ölkəsində həmvətənlərinin problemlərinin həlli yollarını axtaran biri kimi görünmür. Əksinə, narazı kütləni, etirazçıları günahlandırır və onlara qarşı sərt tədbirlərin görülməsini doğru hesab edir. Öz vətəndaşlarının vəziyyəti ilə bağlı qətiyyən maraqlanmayan Fransa kimi bir ölkənin lideri ölkəsində erməni diasporunun radikal fəalları ilə, daha dəqiq desək, Daşnaksütyun üzvləri ilə görüşür, hansıki onların bəzilərinin Ermənistana belə girişi qadağan edilib. Ən təzadlı məqam odur ki, görüş zamanı Makron Azərbaycan-Ermənistan nizamlanmasına müdaxilə etməkdə qərarlı olduğunu bəyan edib. Bu ölkənin lideri ilk dəfə İrəvana hərbi attaşe göndərməsinin səbəbsiz olmadığına eyham vurmaqla yanaşı, utanmazcasına vurğulayıb ki, Azərbaycan tərəfinə Paşinyandan daha çox “təzyiq” edir. Fransa prezidentinin başa düşdüyü demokratiya budurmu? Yaxud bu ölkənin lideri demokratiya dedikdə, öz ölkəsinin narazı və etirazçı vətəndaşlarının səsini zor gücü ilə boğması fonunda erməni təəssübkeşliyini demokratiya sayır? Fransızlar Makrondan onun daşnaklarla görüşünü, ermənilərin məsələlərinin müzakirəsini deyil, ölkə vətəndaşlarının, özlərinin problemlərinin həllini gözlədikləri halda, buna məhəl qoyulmadığını görürlərsə, buna görə də hiddətlənərək iğtişaşlara meyilli olurlarsa, onlara qarşı da zor tətbiq olunursa, bu ölkədə demokratiyadan dəm vurmağa dəyməz və bunu həmin ölkənin vətəndaşları da, hakimiyyəti də, elə lideri də yaxşı bilir. Belə olan halda başqa dövlətlərdə demokratiya ilə bağlı vəziyyətə onların ağız büzməsi ən azından həyasızlıqdır.
Bir çox müşahidəçilər hadisələrlə bağlı qeyd edirlər ki, Makron öz adi taktikasına sadiq qalaraq, onun şərtlərinə, tələblərinə etirazçıların razılaşacağı, güzəştə gedəcəyi məqama qədər gözləmək qərarına gəlib. Yəni, Fransa liderinin etirazçıları, onların tələblərini də, vəziyyətlərini də nəzərə almaq kimi bir niyyətinin olmadığı qeyd olunur. Niyyətinin nədən ibarət olduğu elə əslində polis zorakılığının miqyasında belə özünü göstərir. Bu elə onun narazılıqlara, vətəndaşlarının tələbinə cavabıdır, amma demokratiya deyil. Parisdə nə qədər “demokratik dəyərlər” barədə danışılsa belə, “avtokratik rejimlər” barədə fikir səsləndirilsə belə, buna çətin ki, bundan sonra məhəl qoyan ola. Çünki fakt budur ki, Fransa vətəndaşlarının kütləvi şəkildə etirazları və bu etirazların zor gücünə boğulması göz önündədir və belə olan halda nə demokratiyadan danışmaq olar, nə də başqalarına irad tutmaq. Polisdən qaçmaq istəyərkən iki Şimali Afrikalı yeniyetmənin öldürülməsi də, bu dəfə polisin Əlcəzairdən olan mühacir nəslindən 17 yaşlı Naeli öldürməsi də heç bir ölçüyə-biçiyə sığışmır. Yolda yoxlama aparan polis məmurunun 17 yaşlı Əlcəzairli mühacir Nael Merzuku güllələməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının Naelin onların tələbi ilə maşını saxlamaqdan imtina etməsini bəhanı gətirməsi, Fransa hakimiyyətinin də məmuru müdafiə edərək güllələnəni günahlandırması nə demokratiyaya uyğun gəlir, nə insan haqlarına, nə də ən adi və sadə məntiqə. Çünki polis hər maşını saxlamaq istəməyənə atəş açmalı olsa, bütün dünyada hər gün yüzlərlə, hətta bəlkə də minlərlə günahsız insan həlak olardı. Bu baxımdan istənilən halda və məqamda Fransa polisinin bu hərəkətləri cinayət kimi görünür, amma təəssüf doğuran odur ki, ibtidai istintaq yeniyetmənin ölümünün hüquq-mühafizə orqanları əməkdaşlarının silahla düzgün rəftar etməməsinin nəticəsi olduğunu artıq sübut etməsindən sonra da Fransa lideri polisin hərəkətlərini pisləmir belə. Bəlkə də Fransa prezidenti polisin günahı ilə bağlı hansısa ifadələr səsləndirsəydi etirazçıların hiddətini birtəhər soyuda bilərdi, amma o bunun əvəzində yanğını benzinlə söndürməyə üstünlük verərək, nazirliklərarası böhran qrupunun iclasında etirazçıların hərəkətlərini pisləyib və hətta qarşısının zorla belə alınacağını bildirib. Bu, demokratiya deyil, Makronun və ümumilikdə Fransa hakimiyyətinin demokratiyanı ələ salmasıdır. Çünki məhz Makron və onun hakimiyyəti polisin özbaşınalığını da, zorakılığını da haqlı hesab edir, halbuki belə zorakılıqlara haqq qazandırmaq olmaz. Əks halda bu ölkədə demokratiyadan danışmaq çox absurd səslənər, necə ki, səslənir. Yeri gəlmişkən onu da diqqətə atdıraq ki, indiki nümayişlərdə iştirak edənlər arasında çoxlu sayda yerli avropalılar da var və bu da onu deməyə əsas verir ki, Fransada vətəndaşlara qarşı etnik və dini zəmində ayrı-seçkiliyin olduğunu başa düşən, qəbul edən sağlam qüvvələr yetərincədir və Fransa ilə demokratiya arasında böyük uçurumun olması barədə bizim qeyd etdiklərimiz heç də qeyri-adi deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB