AzTV-nin əməkdaşlarına hücum dünya ictimaiyyəti tərəfindən pislənilir
Fransa hakimiyyəti Makronun rəhbərliyi altında Avropada neonasizmi yeni formada tətbiq etməyə başlayıb. Nanter şəhərində polisin 17 yaşlı Əlcəzair əsilli yeniyetməni sadəcə polisə tabe olmadığı və bundan artıq hüquq-mühafizə orqanlarına təhlükə yaratmadığı bir şəraitdə qətlə yetirilməsi bu ölkədə insan haqlarına, sərbəst toplaşmaq hüququna dəyər verilmədiyini sübuta yetirdi. Bütün baş verənlər göstərir ki, yeniyetmə məhz irqi zəmində öldürülüb. Bununla da Makron hakimiyyətinin “Qoca qitə”də insan haqları hədəflərini heçə saydığını görə bilərik. Polisin gənci tutması üçün əlində müxtəlif imkanlar olduğu halda onu soyuqqanlılıqla qətlə yetirməsi vəhşilikdir və bunu heç nə ilə əsaslandırmaq olmaz. Amma biz nə görürük? Beynəlxalq insan haqları təsisatları susur, ixtisaslaşmış təşkilatlar məsələyə hüquqi qiymət vermir və bunula da Makron hakimiyyəti ilə həmrəy olduqlarını, onların cinayətlərinə ortaq olduqlarını sübut edirlər.
Baş verənlər Fransa cəmiyyəti üçün də utancdır. Fransızların əksəriyyəti hadisələrə sükutla yanaşır. Amma bir qismi etirazını iğtişaşlar, barrikadaların qurulması, avtomobillərin, müxtəlif obyektlərin yandırılması kimi büruzə verir. Bu onu göstərir ki, xalqın Makron hakimiyyətinə etimadı qalmayıb və əslində Makron hakimiyyəti laxlayır. Dünyanın hər yerində neokolonist niyyət sərgiləyən Makron Fransada idarəolunmaz bir vəziyyət yaradıb. Ölkədə asayiş, insanların təhlükəsizliyi getdikcə zəifləyir. Bu günlərdə AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb, əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Əlbəttə, Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücum qınanılır. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılmasını tələb edirir. AzTV əməkdaşlarına hücum Fransada söz azadlığına vurulan ağır zərbədir. Fransa özünü dünyaya demokratik ölkə kimi təqdim edir. Guya bu ölkədə insan haqları zərgər dəqiqliyi ilə qorunur. Qətiyyətlə demək olar ki, demokratiyadan, insan haqlarından, dini və irqi ayrıseçkilikdən danışan ölkələrin ən sonunda Fransa gəlir. Fransa cəmiyyətində Afrika əsilli vətəndaşlara hələ də 5-ci növ insan kimi baxılır. Hələ də kübar fransız ailələrində qul əməyindən istifadə edilir, köləlik Fransa elitasının həyat tərzinə çevrilib. Ağdərili fransızların hüququ qaradərili və yaxud ərəb əsilli Fransa vətəndaşlarından iki pillə irəlidədir.
Azərbaycan Televiziya və Radio Verilişləri (AZTV) Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Televiziyasının müxbiri Kamil Balakişiyevin və operatoru Oqtay Qasımovun iyunun 28-də Fransanın Nanter qəsəbəsində hücuma məruz qaldığını bildirib. “Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər. Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, AzTV-nin yaydığı bəyanatda deyilir.
AZTV-nin İnfromasiya Proqramları Studiyasından bildiriblər ki, əməkdaşlar Nanter qəsəbəsindəki aksiya nəticəsində yaranan durumu çəkərkən onlara hücum olub. Hücum edənlər 6-7 nəfər olub. Onlar kameramana hücum edib və onu yerə yıxaraq kameranı zorla əlindən alıblar. Bu zaman əməkdaşlar kameranı qaytarmaq üçün onları təqib edib. Hücumçular tapança ilə əməkdaşları hədələyərək Nanter qəsəbəsini tərk etmələrini tələb edib. Əməkdaşlarımız hücumun soyğunçuluq məqsədi daşımadığı fikrindədir.
Məlumata görə, Azərbaycanın Fransadakı səfriliyi jurnalistlərin hücuma məruz qalmasının araşdırılması məqsədi ilə Nanter qəsəbəsinin polisinə müraciət edib. Fransanın Azərbaycandakı səfiri Ann Buayon (Anne Boillon) tvitter hesabında bildirib ki, Fransada AZTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənir. “Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq”, səfir qeyd edib.
Hücumla bağlı Azərbaycan Respublikası Audiovizual Şurası da bəyanat yayıb. Bəyanatda deyilir:
“Azərbaycan Respublikası Audiovizual Şurası Fransada peşə borclarını yetirən AzTV televiziya kanalının əməkdaşlarına olunmuş təzyiq və hədələri qətiyyətlə pisləyir, bu faktı söz və media azadlığına təhdid kimi qiymətləndirir. Fransanın müvafiq orqanlarını, habelə beynəlxalq media və jurnalist hüquqları üzrə təşkilatları baş vermiş insidentə hüquqi qiymət verməyə çağırır, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün yerli hüquq-mühafizə orqanlarından bütün zəruri tədbirləri həyata keçirməyi tələb edirik”.
Azərbaycan Mətbuat Şurasının bəyanatında isə deyilir: “AzTV əməkdaşlarının Fransada hücuma məruz qalmasının söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsidir. Fransada peşə borclarını yerinə yetirən jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılması, onlara qarşı şiddət halları ilk deyil. AzTV-nin əməkdaşları da belə bir hadisə ilə xidməti vəzifələrini yerinə yetirərkən - çəkiliş apararkən üzləşiblər. Müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlik, media təmsilçiləri silahla hədələniblər. Azərbaycan Mətbuat Şurası məlum insidenti qətiyyətlə pisləyir. Qurum Fransa hakimiyyətini azərbaycanlı jurnalistlərin qanuni peşə borclarını yerinə yetirmələrinə aşkar müdaxilə faktına hüquqi qiymət verməyə, günahlarların tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırır. Şura həmçinin Avropada və dünyada söz və ifadə azadlığının, media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış aparıcı təşkilatları da məsələni diqqətdə saxlamağa, həmrəylik nümayiş etdirməyə çağırır".
Rumıniya Peşəkar Jurnalistlər İttifaqının sədr müavini, “Ultima Ora” qəzetinin baş redaktoru xanım Teodora Marin Fransada AzTV-nin əməkdaşlarının hücuma məruz qalmasını qətiyyətlə pisləyib. Bu barədə fikirlərini bölüşən Teodora Marin deyib: “Baş verən hadisə bir daha sübut edir ki, söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə hələ də dünyada basqı davam edir. Bu, yolverilməzdir və dünya ictimaiyyəti, xəbər agentlikləri, mətbuat ittifaqları buna reaksiya verməlidir”.
Qeyd edək ki, Fransada AzTV-nin əməkdaşlarına hücum edilməsi barədə Rumıniyanın qabaqcıl “News24hours” xəbər portalında, “Ultima Ora” qəzetində, Rumıniya Peşəkar Jurnalistlər İttifaqının rəsmi internet səhifəsində məlumat verilib.
Beləliklə, Fransa hakimiyyətinin, xüsusən də Makronun rəhbərlik etdiyi 5-ci respublikanın əməlləri, yürütdüyü siyasət hələlik insanlığa, sivil bəşəriyyətə qarşı yönəlib. Makronun hakimiyyəti Fransada yaşayan, yaxud bura miqrasiya edən insanlara yalnız bəlalar gətirib. Afrikadan qovulan Fransadır, “qara qitə”nin usandığı, zillət çəkdiyi və nəhayət qurtulduğu imperialist dövlətin adı FRANSAdır.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB