Vaşinqtonda üçtərəfli görüşün keçirildiyi bir zamanda separatçıların öz təxribat ənənələrinə əl atmalarının nəyə hesablandığı hər kəsə bəllidir, çünki təxribatçıların ənənəvi pozuculuq siyasəti, eləcə də bəsit şəkildə eyni yanaşma tərzi heç kim üçün sirr deyil. Bu təxribatları törədənlərin məqsədi hər zaman olduğu kimi, reinteqrasiyanın guya mümkün olmadığı görüntüsünü yaratmaq, eyni zamanda azərbaycanlıların guya ermənilərə hücum etməkdə olduqları təəssüratını formalaşdırmaqdan ibarətdir. Amma hər zaman olduğu kimi, Bakının cavab tədbirləri separatçıların planlarını darmadağın etdi və Azərbaycanın təklif etdiyi, ABŞ-ın da dəstəklədiyi reinteqrasiya prosesini kimin pozduğunu açıq şəkildə ortaya qoydu.
Çox güman ki, dünya ictimaiyyəti, xüsusən də, ABŞ cəmiyyəti bu dəfə də erməni separatçılarının əsl üzlərini gördü və göstərmək istədiklərinin tamamilə əksini müşahidə etdi. Özlərini danışıqlar zamanı tərəf kimi aparmaq niyyətləri bu dəfə də dərhal ortaya çıxdı, çünki Ermənistan nümayəndə heyətinin ABŞ-a səfəri, eləcə də danışıqlarla bağlı görüşləri fonunda qarışıqlıq yaratmalarının, təxribat törətmələrinin, Azərbaycanın mövqelərinə tərəf atəş açmalarının başqa mənası ola bilməzdi və həmin separatçılar bununla eyni zamanda, tərəf olmaq istəkləri barədə rəsmi İrəvana da mesaj göndərirdilər. Amma rəsmi Bakının onların təxribatlarına layiqli cavabı bunun qəbul edilmədiyini, eləcə də mümkünsüzlüyünü bir daha təsdiq etdi, isbatladı. İsbat etdi ki, onların əməlləri güzəşt üçün deyil, qisas üçün zəmin yaradan əməllərdir.
ABŞ bu dəfə də şahidi oldu ki, pozucu tərəf Azərbaycan deyil. Şahidi oldu ki, azərbaycanlıların amnistiya ilə bağlı təklifləri qarşılığında ermənilər, erməni separatçıları təxribatlara can atır, müxtəlif qarışıqlıqlar törədir, pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Rəsmi Vaşinqtonun da dəstəklədiyi amnistiya təklifinə erməni separatıların məhəl qoymadığının bu dəfə ABŞ tərəfi əyani şəkildə şahidi oldu və bunu artıq təkzib də edə bilməz. Çünki Vaşinqtonda tərəflər arasında görüş keçirildiyi, danışıqlar aparıldığı, məsələlərin həlli ilə bağlı müzakirələr edildiyi zaman erməni separatçılarının aranı qarışdırmağa hesablanan addımlarla təxribat törətmələrini görməməzliyə vurmaq qətiyyən mümkün deyil. Bir sözlə, Azərbaycan tərəfinin qisas əməliyyatını aparmaqda haqlı olduğunu danmaq bundan sonra qətiyyən mümkün deyil və bundan sonra amerikalılar çətin ki, bunun əksini fərz etmək istəyərlər.
Erməni separatçıları çox yaxşı başa düşməli idilər ki, Vaşinqtonda danışıqlar fonunda etdikləri əməllərlə, törətdikləri təxribatlarla, Azərbaycan tərəfinə atılan atəşlərlə, ümumiyyətlə, yol verdikləri axmaqlıqlarla rəsmi Bakıya qəti addımlar atmaq, antiterror əməliyyatlarına başlamaq imkanı vermiş oldular. Həmçinin onlar anlamalı idilər ki, bu axmaqlıqları, təxribat xarakterli hərəkətləri ABŞ tərəfindən də müşahidə olundu və indi rəsmi Vaşinqtona başa salmağa belə ehtiyac qalmır ki, separatçılar amnistiya istəmir və mümkün antiterror əməliyyatları qaçılmazdır, hansı ki, Azərbaycan tərəfinin buna haqqı, hüququ çatır. Bir sözlə, erməni separatçıları öz məkrli niyyətləti, hərəkətləri ilə Vaşinqtonun da “diqqətini” qazana bildilər və artıq amerikalılar antiterror əməliyyatlarının labüdlüyünə, vacibliyinə özləri də əmin oldular, özü də yerindəcə. Daha dəqiq və qısa şəkildə desək, Vaşinqtonda keçirilən görüşlər zamanı Qarabaqda baş verənlər, erməni separatılarının etdiləri məhz siyasi müstəvidə də Azərbaycan tərəfinin xeyrinədir və qisas əməliyyatı üçün əsaslı zəmin deməkdir.
Sülh prosesi ilə bağlı müzakirələrin getdiyi bir zamanda, məqamda atəş səslərinin eşidilməsi sözsüz ki, hərbi müstəvidə addımlara rəvac verir və bunun üçün sanki ermənilər əldən-ayaqdan gedirlər. Bütün bunlar sanki danışıqların deyil, hərbi əməliyyatların daha vacib olduğunu ortaya qoyur. Hadisələrin gedişi hərbi müstəvidə mümkün perspektivləri ön plana çıxarır və hərbi əməliyyatların qaçılmaz olduğunu bir daha təsdiq edir, hansı ki, bunu bütün dünya ictimaiyyəti məhz Vaşinqton danışıqları fonunda da bir daha görmüş oldu. Hər kəs gördü və əmin oldu ki, əgər Azərbaycanın mövqelərinə tərəf atəş açılırsa, deməli, qanunsuz erməni silahlı dəstələri hələ də bölgədədir. Əmin olundu ki, onların bölgədən çıxarılması öhdəliyi Ermənistan tərəfindən icra olunmayıb və hələ də olunmur. Belə olan halda Azərbaycan tərəfinin praktiki addımlar atmaq hüququ artıq nəinki ABŞ, ümumilikdə, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti tərəfindən tanınmaya, qəbul edilməyə bilməz. Deməli, istənilən zamanda, istənilən anda rəsmi Bakı antiterror əməliyyatlarına başlaya və ərazini tamamilə nəzarətə götürə, öz ərazilərini erməni silahlı dəstələrindən təmizləyə bilər. Çünki reinteqrasiya peosesinin önünü kəsən, amnistiyadan belə imtina edən, əvəzində təxribatları davam etdirən, miqyasını genişləndirməyə çalışan separatçılar məsələnin diplomatik deyil, hərbi müstəviyə daşınmasını labüd, qaçılmaz edir və qısa zamanda bunun zərurət olaraq qəbul olunacağı ehtimalı bəlkə hələ göz önünə də alınıb.
Heç şübhəsiz ki, separatçılar törətdikləri təxribatlarla İrəvana da mesaj ötürmək niyyəti güdüblər və əlbəttə, istər sülh məsələsi, istərsə də inteqrasiya ilə bağlı razılığa gəlmədiklərini çatdırmaq fikrində olduqları dərhal bəlli olur. Hətta, Azərbaycan tərəfinin amnistiya təklifini belə dəyərləndirə bilmədikləri özünü büruzə verir. Bu baxımdan onların prosesi pozmaq cəhdlərini görmək çətin deyil. Doğrudur, bu yanlış addımdır, amma separatçılarım həmin addımlarının pərdəarxası məqamları da təkzib edilə bilməz. Məsələn, Rusiyanın onları qızışdırması tam mümkün haldır, çünki Vaşinqtonda müzakirələrin aparılmasının rəsmi Moskvanın istəyindən kənar olduğu bəllidir. Ruslar heç zaman istəmirlər ki, Azərbaycanla Ermənistan arasında olan məsələlərlə bağlı prosesə amerikalılar da qarışsınlar və bu baxımdan separatçıların məhz Vaşinqton danışıqları zamanı təxribatlar törətmələri də təsadüfi sayıla bilməz. Amma erməni separatçıları gərək nəzərə alardılar ki, etdilərinin adekvat cavabı ruslara deyil, onlara olacaq və altını da özləri çəkmiş olacaqlar.
Təbii ki, Azərbaycanın və Ermənistanın bu dəfə Vaşinqton danışıqlarında razılıq baxımından irəliləyiş əldə etmək ehtimalından erməni separatçıları çox ehtiyatlanıblar. Hətta qorxublar da. Çünki bu iki tərəf arasında razılığın əldə olunması onların nəinki siyasi, hətta fiziki varlığının da sonu sayıla bilər, bir halda ki, amnistiya təklifindən yararlanmayblar. Deməli, həmin təklifi doğru-düzgün qiymətləndirməyənlərin yuxuları da qarışıb, kürklərinə də haqlı olaraq birə düşüb. Məhz bu baxımdan prosesi, razılığa gəlinməsi ilə bağlı prosesi pozmaq cəhdləri də anlaşılan məqamlarlardır. Amma anlaşılmayan odur ki, həmin erməni separatçıları vəziyyətlərinin daha ağır ola biləcəyini niyə qanmaq, başa düşmək istəmirlər. Axı bilməlidirlər ki, hadisələrin gedişi, onların atdıqları addımlar, terror hərəkətləri, ümumiyyətlə, ərazini tərk etməmələri və tabe olmamaları ciddi şəkildə pseseslərə təsir edə, qisas əməliyyatına səbəb ola bilər və belə olacağı da gözlənilir.
Hadisələrin gedişi təsdiq edir ki, rəsmi İrəvan özü də danışıqlar prosesindən yayınmağa çalışır. Doğrudur, Ermənistan danışıqlar prosesinə qatılır və bu ölkənin baş naziri belə sülh prosesi barədə fikirlər səsləndirir, amma separatçılara rəsmi İrəvanın cavab verməməsi, onları susdurmaması tamam başqa mənzərəni açıb ortaya qoyur və bu mənzərə qisas əməliyyatının zamanı olduğu barədə düşünməyə əsas verir. İstənilən halda erməni separatçılarının təxribatları sülh prosesinə zərbə olaraq qiymətləndirilir və istər Moskva, istərsə də Vaşinqtonun bu istiqamətdə təşəbbüslərinin pozulmasına hesablanan addım kimi qəbul olunur. Bütün bunlar isə, Azərbaycanın öz suveren ərazidində antiterror əməliyyatlarına zəmin yaradır və hətta beynəlxalq dəstəyin olacağı da bu məqamda real görünür. Üstəlik, əgər separatçılar hələ də yeni təxribatlar planlaşdırırlarsa, deməli, növbəti qisas əməliyyatı artıq gözləniləndir.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın dördüncü bəndinin tələblərinə uyğun olaraq, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması ilə paralel şəkildə aparılmalı idi və əgər üç ilə yaxın müddət ərzində bu tələb yerinə yetirilməyibsə, bu tələbin icrasının həyata keçirilməməsi üçün müxtəlif bəhanələr uydurulursa, Ermənistan tərəfi Qarabağda, yəni Azərbaycan ərazisində öz hərbi mövcudluğunu davam etdirirsə, ölkəmizin ərazi bütövlüyünü tanıdığını, sülh müqaviləsində maraqlı olduğunu bəyan etməsi fonunda hərbi-siyasi təxribatlarını davam etdirirsə növbəti qisas əməliyyatlarına zəmin yaradır, əsas verir. Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin 10 minə yaxın üzvü hələ qalırsa, onların böyük əksəriyyəti də Ermənistan silahlı qüvvələrinin mənsublarıdırsa, onların əməliyyat-idarəetmə sistemi, logistikası, silah-sursat təminatı Ermənistan ordusunun Baş Qərargahı tərəfindən reallaşdırılırsa, maliyyə təminatını da İrəvan həyata keçirirsə, deməli, hələ də ermənilər öz məkrli niyyətlərindən əl çəkməyiblər və bu da növbəti qisas əməliyyatı üçün yetərincə əsas, zəmin deməkdir. Çünki Üçtərəfli Bəyanatla bağlı öhdəliyinin olduğunu öz imzası ilə təsdiq edən erməni baş naziri də, Ermənistanın öhdəliyinin icrasının təmin edilməsinin qarantı olduğunu öz imzası ilə təsdiq edən Rusiya prezidenti də ən azından ya separatçıların öhdəsindən gələ bilmir, ya da nə Ermənistan, nə də Rusiya öz üzərinə düşən missiyanı həyata keçirmir. Belə olan halda isə Ütərəfli Bəyanatın legitimliyindən söhbət gedə bilməz və cərəyan edəcək hadisələrdə məsuliyyət məhz Ermənistanla Rusiyanın üzərinə düşmüş olur. Yəni, istənilən beynəlxalq qurumdan tutmuş, Fransa kimi ermənipərəst ölkəyə qədər hansısa bir qurumun da, ölkənin də, qüvvənin də legitimliyi sual altında olan bir bəyanata görə ölkəmizi nədəsə ittiham etməsi absurd sayılır və deməli, növbəti qisas əməliyyatı ilə bağlı kimsə ağız büzə bilməz. Ona görə ki, Azərbaycan öz ərazisində yaşayan əhalinin, vətəndaşlarının təhlükəsizliyini təmin etmək, bunun üçün də öz suveren torpaqlarında qalan və təhlükəsizliyə təhdid hesab olunan silahlı dəstələri zərərsizləşdirmək hüququna malikdir və bu hüququ kimsə dana bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB