"Azərbaycan polisi vətəndaşların təhlükəsizliyində fəallıq göstərir" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan polisinin çox şanlı tarixi var. Müstəqillik əldə edildikdən qısa müddət sonra AXC rəhbərləri dövlətçiliyin əsas atributlarını yaratmağa başladılar. Bunlardan biri də Azərbaycan polisi oldu. Dağılmış imperiyanın bir hissəsində polis sistemi ictimai asayişin qorunmasında, təxribatçıların qarşısının alınmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fəallıq göstərməyə başladılar. Eyni zamanda, polis işçiləri yeni yaranmış Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı vaxtaşırı təcavüzünün qarşısının alınmasında da böyük rol oynadılar. Təəssüf ki, müstəqilliyimizin tarixi az oldu və Azərbaycan yenidən Rusiyanın yeni yaratdığı dövlət birliyinin tərkibinə daxil oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın o dövrdə milis sistemində çalışan azərbaycanlı oğul və qızlarımız vətəndaşların hüquqlarının qorunmasında öz töhfələrini verdilər: “Bu təcrübə azərbaycançılığın formalaşmasında hər bir kəsin özünü böyük bir tarixə və mədəniyyətə malik olan xalqın nümayəndəsi kimi hiss etməsində əhəmiyyətli rol oynadı. Azərbaycan milisi 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra döyüşə ilk atılan insanlar olub. Həmin dövrdə milis, daha sonra isə polis adlandırılan şəxslər arasında xeyli şəhidlər oldu. Müstəqilliyimizin 30 ildən artıq bir müddətində Azərbaycan polisi özünün yeni simasını uğurla ortaya qoydu. Bu gün Azərbaycan polisi sözün əsl mənasında vətəndaşın təhlükəsinin qorunmasının əsas qarantlarından biridir”.
Deputat sözlərinə davam edərək bildirib ki, hər kəs hansısa bir hadisə baş verdikdə ilk olaraq polisə müraciət edəcəyinin fərqindədir: “Polislərimiz gecə-gündüz yaşayış məntəqələrində, avtomobil yollarında, strateji obyektlərin qorunmasında öz töhfəsini verir. Bugünkü gündə Azərbaycan polisi ilə fəxr etmək olar. Heç də təsadüfi deyil ki, polis orqanlarında işləmək istəyənlərin sayı az deyil. Biz onların fəaliyyətinə yüksək qiymət verir və dövlətçiliyimizin qorunmasında onların fəaliyyətinin əhəmiyyətli rolunu dərk edirik. Azərbaycan polisi hər bir vətəndaşın özünü təhlükəsiz hiss etməsi üçün əlverişli şərait yaradıb. Təəssüf ki, polisimizə ləkə yaxmaq, onu gözdən salmaq istəyən qüvvələr olur. Dərindən araşdırıldıqda bu insanların xaricdən təlimatlandırıldığı məlum olur. Onların bu cəhdləri isə əbəsdir. Çünki bütün bu cəhdlərə baxmayaraq Azərbaycan xalqı polisə inanır və onunla fəxarət hissi duyur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB