İran nə üçün Zəngəzur dəhlizinin açılmasını istəmir? - MÜNASİBƏT BİLDİRİLDİ

İran nə üçün Zəngəzur dəhlizinin açılmasını istəmir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Təəssüf ki, İranın Zəngəzur dəhlizinə münasibəti və mövqeyi hələ də dəyişməyib. Bundan sonra da onun bu məsələyə münasibətinin dəyişməsi mümkünsüz görünür. Nə vaxtsa Zəngəzur dəhlizi fəaliyyətə başlasa belə İranın pozucu və təxribatçı mövqeyinin şahidi ola bilərik. Çünki Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi İran tərəfindən onun taktiki və strateji maraqlarına bir təhlükə kimi qiymətləndirilir. Əslində isə Zəngəzur dəhlizi İranın nə taktiki, nə də strateji maraqlarına heç bir təhlükə törətmir. Sadəcə Zəngəzur dəhlizinin timsalında İranın molla rejimi bir fobiya yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, İran Zəngəzur dəhlizi fəaliyyətə başlayacağı təqdirdə müstəqil Azərbaycan dövlətinin iqtisadi, geoiqtisadi və geosiyasi mövqelərinin daha da güclənə biləcəyindən ehtiyatlanır: “Bu ehtiyatlanma müəyyən qədər əsaslara malikdir. Ona görə ki Zəngəzur dəhlizi həqiqətən Azərbaycan üçün yeni imkanlar, yeni şanslar, ölkənin logistika və beynəlxalq nəqliyyat məsələləri sahəsində imkanlarının daha da genişləndirilməsi deməkdir. İkinci olaraq İran onun bölgədə yeganə müttəfiqi sayılan Ermənistanla yerüstü əlaqələrinin zəifləyə biləcəyindən ehtiyat edir. Baxmayaraq ki Zəngəzur dəhlizinin nəzərdə tutulmuş qaydada fəaliyyətə başlamasının İran-Ermənistan coğrafi bağlılığının itməsinə hər hansı bir aidiyyatı yoxdur. Üçüncüsü, Zəngəzur dəhlizinin işə düşməsi bölgədə xüsusilə də Azərbaycan üzərindən Mərkəzi Asiyanın türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi deməkdir”.

A.Quliyev sözlərinə davam edərək bildirib ki, bu mənada Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə türk dövlətləri arasında bir körpü rolunu oynayacaq: “İranın da qorxusu ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının bütövləşməsi yolunda bir addım olacaq. Təəssüf ki, İran türk dünyasının güclənməsini özünə rəqib qüvvə kimi görür. Ona görə də bütün gücünü bu dəhlizin açılmasına qarşı yönləndirib. İranın hansı mövqeni tutmasından asılı olmayaraq Zəngəzur dəhlizi məsələsini yeni bir reallıq kimi Azərbaycan siyasəti ortaya çıxarıb. Bu səbəbdən dəhlizin fəaliyyətə başlaması da İranın hərəkətlərindən asılı olmayaraq yeni bir reallıq kimi meydana çıxacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə