"Fransa hökumətindən hadisəni ciddi şəkildə araşdırmağı tələb edirik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Fransada Azərbaycan jurnalistinə hücum edilməsi, onun kamerasının əlindən alınması xəbəri hər bir Azərbaycanlını hiddətləndirdi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkədə mətbuatın sərbəstliyi və azadlığı qorunmadığı halda, onun dünyada azadlığı necə qoruması artıq istər-istəməz sual doğurur". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Fransa bütün dünyaya demokratiya dərsi keçmək istəyir: "Ancaq onun ərazisində mətbuat azad hərəkət edə bilmir, jurnalistin təhlükəsizliyi təmin edilmir. Maraqlıdır ki, hadisə baş verib, Azərbaycan XİN bununla bağlı nota verib, ancaq Fransa bu barədə hələ bir reaksiya verməyib. Nə mətbuata cavabdeh olan hakimiyyət orqanı, nə Fransanın jurnalist təşkilatları bu məsələdə hər hansı bir mövqe bildirməyib. Sanki adi bir hadisə baş verib. Jurnalistikaya, azad mətbuata demokratiyanın ocaqlarından biri sayılan ölkədə belə soyuq münasibət əlbəttə ki, təəccüb doğurur. Biz Fransa hakimiyyətindən orada fəaliyyət göstərən jurnalistimizin sərbəst fəaliyyət göstərməsi üçün təhlükəsiz şərait yaradılmasını tələb edirik".
Deputat sözlərinə davam edərək bildirib ki, Fransa hökümətindən bu məsələyə münasibət bildirməyi, hadisəni ciddi araşdırmağı və səbəbkarları tapıb cəzalandırmağı tələb edir: "Hesab edirik ki, istənilən jurnalistin fəaliyyətinə yerləşdiyi ölkənin soyuq münasibəti heç də yaxşı göstərici deyil və demokratik dəyər sayıla bilməz. Hesab edirik ki, Fransa bu məsələdə özünün mövqeyini, özünün nə dərəcədə demokratik dəyərlərə bağlı olduğunu bir daha göstərməlidir. Azərbaycan jurnalisti yerləşdiyi ölkədə oranın hakimiyyət orqanları tərəfindən təhlükəsizliyi təminata alınmalıdır. Baş verən hadisədə isə biz bunu görə bilmədik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB