Azərbaycan-Qazaxıstan münasibətləri: yeni hədəflərə doğru - TƏHLİL

Azərbaycan-Qazaxıstan münasibətləri: yeni hədəflərə doğru - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir"

Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbulu zamanı azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqların ənənəvi dostluq və qardaşlıq əlaqələrinə əsrlərə söykəndiyini bildirib: "Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir".

"ÖLKƏLƏRİMİZ ARASINDA ƏLAQƏLƏR REGİONAL ƏMƏKDAŞLIQ, O CÜMLƏDƏN XƏZƏR HÖVZƏSİNDƏ VƏ DAHA GENİŞ MƏKANDA ƏMƏKDAŞLIQ ÜÇÜN BÖYÜK ÖNƏM DAŞIYIR"

Prezident İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını deyərək bunu əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz arasında əlaqələr regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Alixan Smailovun səfərinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Bəli…

HƏR İKİ DÖVLƏTLƏRİN BAŞÇILARININ MÜNTƏZƏM XARAKTERLİ SƏFƏRLƏRİ ÖLKƏLƏRARASI ƏLAQƏLƏRİN İNKİŞAFINA, YENİ ƏMƏKDAŞLIQ İMKANLARININ YARANMASINA GƏTİRİB ÇIXARIB

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. O cümlədən azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci il oktyabrın 13-14-də olub və dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Ötən il avqustun 24-də isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib.

Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli film çəkilib ki, bu filimdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında ümummilli liderin xidmətlərindən bəhs edilir.

Eyni zamanda, Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.

BAŞ NAZİR ALİXAN SMAİLOV: "Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır"

"Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır". Bunu Qazaxıstanın Baş naziri Alixan Smailov iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb.
Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Alixan Smailov qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və dost Azərbaycan xalqına təbriklərini çatdırdı. Və bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu vurğulayan qonaq Ulu Öndərin Qazaxıstana həmişə səmimi dostluq münasibətləri bəslədiyini dedi, bu il Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışını ölkələrimizin və xalqlarımızın birliyinin təcəssümünü bir daha nümayiş etdirdiyini söyləyib.

Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən qonaq ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirdi və potensialın daha da artırılması üçün imkanların olduğunu söyləyib.

Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Son dövrlərdə Xəzər dənizindən Orta Dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan, həmçinin üçüncü tərəflərin bu marşrut istiqamətində yüklərinin həcminin çoxalması məmnunluqla qeyd edildi, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb.

Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.
Bir sözlə….

AZƏRBAYCAN VƏ QAZAXISTAN REGİONAL İNKİŞAFA TÖHFƏ VERƏN NƏHƏNG GÜCLƏRDİR

Bəli, Azərbaycan və Qazaxıstan regional inkişafa töhfə verən nəhəng güclərdir. Azərbaycan və Qazaxıstan müstəqilliklərini qazandıqları gündən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Qazaxıstan həmişə ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdir. Yalnız dövlətlərarası sənədlərdə deyil, real həyatda da Azərbaycan Qazaxıstanın dəstəyini hər zaman hiss edib.

Azərbaycanla Qazaxstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün də yüksək səviyyədədir. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də ölkəmizlə çoxşaxəli əməkdaşlıq etməkdə maraqlıdır və bu istiqamətdə real addımlar atır. Və bu gün prezidentlər İlham Əliyevin və Qasım-Jomart Tokayevin səyləri nəticəsində iki ölkə arasındakı mövcud əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğalçılardan azad etmək üçün apardığımız mübarizədə Qazaxıstanın mövqeyini xüsusilə vurğulamaq lazımdır. Qazaxıstanın, eləcə də ölkəmizin çoxsaylı həqiqi dostlarının obyektiv və balanslı mövqeyi İkinci Qarabağ savaşında ədalətin qalib gəlməsinə kömək etdi. Bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etməsi üçün bu gün də tərəflər siyasi iradəsi numaiyiş etdirirlər.. Din, dil və ortaq tariximiz də bunu tələb edir. İki ölkə arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Bu, şübhəsiz ki, Qazaxıstan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına öz töhfəsini verir. Azərbaycanın Qazaxıstanda və Qazaxıstanın Azərbaycanda vaxtaşırı mədəniyyət günləri keçirilməklə ölkələrin mədəniyyət sahəsindəki nailiyyətləri nümayiş etdirilir. Bütün bu amillər son 30 ildə bizi daha da yaxınlaşdırıb. Eyni soy köklərimiz, adət-ənənələrimiz- bütün bunlar xalqlarımızın daha da yaxınlaşmasına yaxşı zəmin yaradıb. Bir sözlə, bütün bu uğurlar bir daha onu təsdiqləyir ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə