“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda gözlənilən görüşləri sözsüz ki, əvvəlkilərdən məzmunca fərqli ola bilər. Bu ehtimalın gerçəkləşəcəyinə əsaslar çoxdur. Şübhəsiz ki, Vaşinqtondakı növbəti görüş mayın əvvəlində Blinkenin vasitəçiliyi ilə keçirilmiş görüşün davamı olacaq. Bu ötən müddət ərzində əldə olunmuş razılaşmalara uyğun nələrin dəyişdiyinin bir növ monitorinqləri aparılacaq. Vaşinqtonda may ayının əvvəllərində keçirilmiş görüş zamanı konkret qərarlar olmasa da, mövqelərin üst-üstə düşdüyü məsələlərlə bağlı qeyri-rəsmi siyahı tutulmuşdu. Yəqin ki həmin siyahıya uyğun olaraq hansı işlərin görüldüyü, eləcə də mövqelərin fərqlilik məsələsi ilə bağlı müzakirələr aparılacaq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Vaşinqton görüşləri Moskva görüşləri ilə müqayisədə daha konkret və nəticəyönümlü olması ilə seçilir: “Çox güman ki, bu dəfə də sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyası ilə bağlı prosesin irəliləyişi üçün daha konkret addımlar atıla bilər. Moskva formatında əsas məsələ kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasıdırsa, Vaşinqton formatı çərçivəsində indiyədək olan görüşlərin təhlili göstərir ki, bu formatda vacib olan sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyasıdır. Məhz Vaşinqton görüşündə dövlətlərin ərazi bütövlüyünün tanınması prinsipi ətrafında razılaşma əldə olunduğu rəsmən elan olundu. Daha doğrusu, açıq şəkildə bildirildi ki, sülh sazişinin imzalanması yolunda ən böyük maneə bu idi və bu da aradan qaldırıldı”.
A.Quliyev sözlərinə davam edərək bildirib ki, Vaşinqtondakı görüşdə sülh sazişinin mətninin hazırlanması istiqamətində addımların atılacağını gözləmək olar: “Amma nəzərə alsaq ki, Ermənistan bu görüşlər baş tutmadan öncə sərhədlərdə gərginliyi artırmaq, bölgəyə başqa oyunçuları cəlb etmək və digər mübahisəli məsələlər yaratmaq taktikasına hələ də üstünlük verir. Buna görə Vaşinqton görüşünə bəslənən ümidlər də özünü doğrultmaya bilər. Ermənistan öz təxribatları və pozuculuq hərəkətlərini daim davam etdirir. Bu da həm Vaşinqton görüşünün baş tutmasını gecikdirmək, həm də görüşün baş tutacağı təqdirdə danışıqlar masası arxasında öz mövqelərini gücləndirmək məqsədinə xidmət edir. Hər iki halda nəticə Ermənistan üçün xoş məram daşımır. Əgər Ermənistan bəd niyyətini Vaşinqton görüşünə qədər davam etdirsə, bu o deməkdir ki, o görüşün müsbət nəticə verməsində maraqlı deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB