Azad və abad Laçına əbədi qayıdış! - TƏHLİL

Azad və abad Laçına əbədi qayıdış! - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu"

2020-ci ildə 44 günlük müharibədə əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəst¬əxana tikintisi sürətlə davam edir, artıq sakinlər doğma yurd-yuvalarına köçürülür. Artıq Laçına da köç başlayıb. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

BİRİNCİ MƏRHƏLƏ - 20 AİLƏ YENİDƏN QURULAN LAÇIN ŞƏHƏRİNƏ QAYIDIŞI

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb. Belə ki, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Mayın 28-də - Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir: “Biz Laçında Prezident İlham Əliyevin açılışını etdiyi məkanları gördükcə əslində, 7-8 aya nə qədər böyük işlərin görüldüyünü anladıq. Göründüyü kimi, 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcəklər. Prezident çıxışında bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.

Prezident İlham Əliyev laçınlılarla görüşündə onu da bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu”.

Bu ərazilərdə sözsüz ki, vətəndaşlarımızın təhlükəsizliyi məsələsi də düşünülüb. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması Laçında yaşayan əhalinin təhlükəsizliyi baxımdan olduqca önəmlidir. Prezident bu barədə dedi ki, sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır: “Həmçinin Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu. Laçında İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.

"DÜNYA MİQYASINDA NADİR ÖLKƏLƏRDƏNİK Kİ, İQTİSADİ CƏHƏTDƏN TAM MÜSTƏQİLİK"

Sözsüz ki, Azərbaycanın inkişafı və bugünkü səviyyəyə çatmasının kökündə Ulu öndər Heydər Əliyevin siyasəti, vaxtında verdiyi qərarlar dayanır. Bu barədə çıxışında ölkə başçısı bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. Dövlət başçısı çıxışı zamanı onu da vurğuladı ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik: "Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub".

Azçərbaycan Prezidentinin qeyd etdiyi kimi: "Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq".

"BİZ ÖZ DOĞMA TORPAQLARIMIZI İŞĞALÇILARDAN AZAD EDƏNDƏN SONRA MƏN DEMİŞDİM Kİ, QARABAĞI VƏ ŞƏRQİ ZƏNGƏZURU CƏNNƏTƏ ÇEVİRƏCƏYİK"

Dövlətimizin başçısı görüş zamanı bildirdi ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun: "Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik".

"Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik. Danışıqlar yolu ilə olsaydı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər varianta hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq",- deyən dövlətimizin başçısı onu da bildirib ki, danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik: "Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır".

"Laçın şəhərinin bugünkü siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

Bəli, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın yeni inkişaf mərhələsinə qədəm qoyur, sakinlərini öz ata-baba yurdlarında xoş və firavan həyat gözləyir. Laçın ərazisində tikilməkdə olan beynəlxalq hava limanı xüsusilə böyük əhəmiyyət daşıyır. Cənab Prezident, həmçinin laçınlılara xoş müjdə də verdi. Belə ki, minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bu, onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil.

Ən əsası isə yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına, heç bir beynəlxalq təşkilatın və ya dövlətin köməyi olmadan yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir.

Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir.

Bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən dirçələcək! .Və ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, «2023-cü il Heydər Əliyev ili» də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.

Bir sözlə, qayıdış “Böyük Qayıdış” olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlara qayıdışını əhatə edəcək. Bu uğurlar Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mükəmməlliyinin və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək. Dövlət başçımızın dediyi kimi, biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə