"Heç bir ölkədə qaçqınlara Azərbaycandakı qədər qayğı göstərilməyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Qaçqın müxtəlif formalarda bir ölkədən məcburən başqa bir ölkəyə köçürülənlərə deyilir. Köçkün isə ölkə daxilində öz məcburi şəkildə öz yaşadığı ərazini tərk edib başqa bir əraziyə köç edənlərə deyilir. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib. Məqsəd ondan ibarətdir ki, qaçqınların və məcburi köçkünlərin artmasının qarşısı alınsın. Eyni zamanda, qaçqın və məcburi köçkünləri olan dövlətlərdə onlara qayğı və diqqətin göstərilməsi, yaşam şəraitinin yaxşılaşdırılması da bu məqsədlərə daxildir. Amma düzən başqadır. 30 ilə yaxın bir müddətdir ki, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan da qaçqınların və məcburi köçkünlərin olduğu məkana çevrilib. Son əsrdə Ermənistan dörd dəfə vətəndaşlarımızı öz ata-baba yurdlarından qaçqın halına salmışdılar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan sonuncu deportasiya ilə 250 minə yaxın azərbaycanlını öz doğma yurdlarından didərgin edib: “Daha sonra isə 1992-1993-cü illərdə torpaqlarımızın 20%-ni işğal etməklə bir milyona yaxın həmvətənimizi qaçqın və məcburi köçkün halına salıb. Bundan əvvəl isə Orta Asiyadan 50 minə yaxın insan Azərbaycana pənah gətirmişdilər. Yəni, Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünə qucaq açıb. Onu da etiraf etmək lazımdır ki, heç bir ölkədə qaçqın və məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilməyib. Xüsusilə də Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra bu məsələlər daha çox gündəmdə oldu. Onların yaşadıqları çadır şəhərciklərində, sovet dövründən qalan qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması ilə əlaqədar çox ciddi addımlar atıldı. Onların yeni müasir qəsəbələrə köçürülməsi buna misaldır ki, Azərbaycan həmişə ölkəsində olan istər öz vətəndaşlarına, istərsə də başqa ölkələrdən gəlmiş insanlara lazımi səviyyədə diqqət göstərir”.
Deputat sözlərinə davam edərək bildirib ki, 2020-ci ildə BMT Azərbaycanın işğal olunmuş ərazilərini nəzərə alaraq dörd qətnamə qəbul etdi: “Amma çox təəssüf ki, Ermənistan tərəf buna məhəl qoymadı. Yenə də həmin ildə Azərbaycan öz ordusunun gücü, Ali Baş Komandanının uğurlu daxili və xarici siyasəti sayəsində torpaqlarını işğaldan azad etdi. Keçmiş məcburi köçkünlərimiz artıq qayıdış ərəfəsindədir. Zəngilana, Laçına köç başlayıb. Bu işlər uğurlu və mərhələli şəkildə davam edəcək.
Ümumdünya Qaçqınlar Gününün qeyd olunması bir daha qaçqınlıq hallarının baş verməməsi üçün dünyaya ismarıcdır. Nə vaxt ki beynəlxalq qurumlar günahkara öz həddini bildirməyib, o vaxta qədər belə halların qarşısını almaq çətin olacaq. Gərək bütün dövlətlər və qurumlar haqq-ədaləti unutmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB