Qüdrət və qətiyyət örnəyi – Azərbaycan -Türkiyə

Qüdrət və qətiyyət örnəyi – Azərbaycan -Türkiyə

PREZİDENT İLHAM ƏLİYEV: "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük"

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında hərbi və müdafiə sənayesi sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin uğurla davam etdiyini, Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsinin təsadüfi olmadığını vurğulayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi: "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük".

Dövlət başçısı bildirib ki, bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.

Bəli, 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu gün iki qardaş ölkələr hərbi sahədə fəal əməkdaşlıq edir. Bu gün Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

TÜRKİYƏ-AZƏRBAYCAN - QARDAŞ DÖVLƏT, QARDAŞ ORDU!

Ölkəmizin bütün sahələrində olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də ən yaxın tərəfdaşı Türkiyə Respublikasıdır. Belə ki, Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyətlərinin artırılması, o cümlədən hərbi arsenalımızın müasir dövrün tələblərinə cavab verən texnika və silahlarla zənginləşdirilməsində qardaş ölkənin təcrübəsindən geniş şəkildə istifadə olunur. Türkiyə Respublikasının Silahlı Qüvvələri müasir dünyanın ən güclü ordularından biri olmaqla, günümüzdə tətbiq olunan yeni proqram və mexanizmlərin Azərbaycan Ordusuna inteqrasiyasında əhəmiyyətli rol oynayır. İki dövlətin ordu rəhbərliyi arasında keçirilən yüksək səviyyəli görüşlər, iki ordunun hərbi qulluqçularının iştirakı ilə təşkil olunan təlimlər nəticəsində Azərbaycan Ordusunun güclənməsi və müasir tələblər çərçivəsində qurulmasına yönəlik mühüm işlərə imza atılır. Bir sözlə, önəmli olan odur ki, tarixi köklərə söykənən və fundamenti qarşılıqlı etimad prinsipi üzərində qurulan əməkdaşlıq və tərəfdaşlıq bu gün ən yüksək dövrünü yaşayır.

Yüksək beynəlxalq tribunalardan öz sözünü deyən, milli mənafeyini qoruyan, böyük iqtisadi potensiala malik ölkəmiz İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyaraq əldə etdiyi Qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qürurverici haldır ki, bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz milli maraqlara uyğun beynəlxalq əhəmiyyətli böyükhəcmli layihələrin reallaşmasına birgə səy göstərir. Hərbi sahədə də müttəfiq olan iki qardaş ölkə 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqaviləyə əsasən müstəqilliyin qorunması, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı istiqamətində bir-biri ilə sıx əməkdaşlıq edirlər. Müqavilənin ikinci maddəsində ölkələrdən hər hansı biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldığı halda, öz imkanları daxilində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri nəzərdə tutulur. Müqavilədə həmçinin, hər iki dövlətin səylərini birləşdirməsi, müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq perspektivləri öz əksini tapıb. Bu baxımdan, Cənubi Qafqaz regionunda söz sahibi olan Azərbaycan qardaş Türkiyə ilə birgə beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir, sülhü təhdid edən çağırışlara qarşı səylərini birləşdirirlər. 2018-ci ilin fevral ayında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" sazişin imzalanması ilə iki qardaş ölkə hərbi təchizat və silah sahəsində elmi və texniki bacarıqlarından istifadə edərək müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə addımlar atmağa başlamışlar. Sazişə əsasən Azərbaycan və Türkiyə müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq edirlər.
Bütün bunların fonunda bir-birinə qarşılıqlı yardım göstərmək, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Müntəzəm olaraq keçirilən birgə təlimlər isə hər iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsi, hərbi biliklərin mənimsənilməsi yönündə mühüm əhəmiyyət kəsb edir. Belə ki, hərbi arsenalında dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikası olan Azərbaycan Milli Ordusunun döyüş qabiliyyətinin artırılması məqsədilə bütün birlik və birləşmələrdə - Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir. Bu təlimlərin böyük əksəriyyəti hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulan Türkiyə dövləti ilə birgə yerinə yetirilir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən ötən il iyunun 28-də Bakıda "Mustafa Kamal Atatürk - 2021" birgə döyüş atışlı taktiki təlim, Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verən "Üç qardaş - 2021" beynəlxalq təlimi, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli, nəzəri və praktiki hissədən ibarət olan komanda-qərargah təlimi və s. iki ölkənin hərbi sahədə yüksək səviyyəli əməkdaşlığının bariz nümunəsidir.
2018-ci ildən etibarən Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" - T3 Vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının ötən bu il may ayının 26-da ilk dəfə Türkiyədən kənarda olaraq Bakıda keçirilməsi Türkiyə ilə Azərbaycan arasında mövcud olan hərbi müttəfiqliyin möhtəşəm təntənəsi oldu. Elm, inkişaf və texnologiya festivalı olan TEKNOFEST Azərbaycan ilə Türkiyənin sözdə deyil, əməldə qardaş olan iki dövlət olduğunu göstərdi. Festivalda ölkələrimizin kosmik agentlikləri və müvafiq qurumları bir araya gəldi. Dünyanın ən məşhur aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST iki qardaş ölkənin hər məsələdə olduğu kimi, müdafiə sənayesində də bir-birinə güvəninin rəmzi oldu. 2022-ci il oktyabr ayının 6-da Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri ilə birgə təlim keçirmiş, iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra etmişlər. Oktyabrın 22-də Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2022" kompüter dəstəkli komanda-qərargah təlimində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilmişdir.

Bir sözlə, iki qardaş ölkə arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir.

PREZİDENTİ İLHAM ƏLİYEV: "Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür"

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri bugün daha da inkişaf etdirilməkdədir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri daim müdafiə edib. 2021-ci il 15 iyunda Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi münasibətlərin ən yüksək zirvəsi idi. Artıq iki ölkə arasında hərbi strateji plana əsasən silahlı qüvvələrin birgə hərbi təlimləri icra edilir. Azərbaycan-Türkiyə ordusu anlayışı artıq bir ordu anlayışı ilə əvəzlənib. Çünki birgə keçirilən hərbi təlimlərin xronologiyası və müttəfiqlik sazişinə uyğun olaraq Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelində inkişafı bu amili şərtləndirib.

Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin qeyd etdiyi fikirləri diqqətə çatdırıb: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".

"AZƏRBAYCAN TƏK DEYİL, TÜRKİYƏ AZƏRBAYCANIN YANINDADIR"

Türkiyə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, daha bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi" deyə Prezident İlham Əliyev çıxışında bildirib.

"ŞUŞA BƏYANNAMƏSİNİN İMZALANMASI İLƏ TÜRKİYƏ VƏ AZƏRBAYCAN RƏSMƏN MÜTTƏFİQ OLDULAR"

Müasir Azərbaycanın tarixində müstəsna yer tutan hadisələrdən biri də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu hadisə iki qardaş dövlətin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. "Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular", - deyən Prezident tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi olduğunu qeyd edib: "Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir". Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.

Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq. Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında Prezident Ərdoğanın göstərdiyi siyasi iradə çox vacib rol oynadı.

Müdafiə sənayesində önəmli rolu olan şəxslərdən biri də Səlcuq Bayraktardır. Məhz onun təşəbbüsü ilə bu gün türk hərbi sənayesi dünyanın aparıcı hərbi qüvvəsi hesab olunur. Bayraktarın növbəti hərbi sənaye uğuru "Bayraktar TB3" Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023 sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək. "Bayraktar TB3" qatlana bilən qanad quruluşu ilə "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Türkiyə dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edilmiş avtomobil sənayesi quracaqdır. Bu, inanılmaz hadisədir. Qardaş Türkiyənin bu uğuruna xalqımız, xüsusilə Prezident İlham Əliyev səssiz qala bilməzdi. Məhz ilk olaraq Prezident İlham Əliyevin R.T.Ərdoğana təbrik zəngi buna bariz nümunədir. Eyni zamanda, "Togg"un ilk buraxılışının Bakıya gətirilməsi və Prezident İlham Əliyevə təqdim edilməsi iki qardaş ölkənin sevincinin paylaşılması kimi dəyərləndirilməlidir. Məhz buna görə Prezident İlham Əliyev “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Avtomobil istehsalı sənayesinin inkişafı Türkiyə milli iqtisadiyyatının və ümumiyyətlə, ölkədə sosial-iqtisadi rifahın yüksəlməsində çox təsirli rol oynayacaq. Birincisi, Türkiyə öz milli markasını dünya bazarına təqdim etməklə, ticarət predmetini yaratmış olur. Bu da öz növbəsində ölkəyə yeni maliyyə axını kanalını təmin edəcək. İkincisi, Türkiyə avtomobil bazarının tam ixracdan asılılığını əhəmiyyətli dərəcədə zəiflədəcək. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər “Togg”un istehsalını Türkiyənin 60 illik xəyallarının gerçəkləşməsi kimi qiymətləndirirlər. Bu, “Bayraktar” PUA-larından sonra Türkiyəni dünyada modern texnologiyalar istehsalçısı qismində tanıdan ikinci möhtəşəm nailiyyətdir. Bu, eyni zamanda, qardaş ölkədə son illər müdafiə sənayesi ilə yanaşı, mülki sənaye sahələrinin də inkişaf etdirildiyini təsdiqləyir.

Son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə bir neçə gün öncə yeni bir ilkə imza atdı. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2016-cı ildə inşasına başlanan "TCG Anadolu" PUA (pilotsuz uçuş aparatları) gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Türkiyə mətbuatına istinadən deyək ki, qardaş ölkənin yerli şirkətləri tərəfindən istehsal edilən "Bayraktar TB3" PUA-ları, "KızılElma" insansız qırıcıları, "Hürjet" təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər. Keçirilən mərasim zamanı Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin müdafiə büdcəsinin 75 milyard dollara çatdırılacağını bəyan edib. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 6 milyard dollara artırmağı, yeni silah və texnika istehsal etməyi planlaşdırır. Hazırda Türkiyənin silah və texnikaya olan ehtiyacının 70 faizindən çoxu yerli şirkətlər tərəfindən qarşılanır.

Bir sözlə, hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq..

Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Azərbaycan qardaş Türkiyənin uğurlarına hər zaman sevinir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Bütün dünya bilsin ki, Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı möhkəmdir, sarsılmazdır. Çünki Azərbaycan və Türkiyə təkcə iki dövlət, bir millət deyil - qardaş dövlət, qardaş ordudur!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə