Fransanın erməni sevdası haradan qaynaqlanır? - DEPUTAT ŞƏRH ETDİ

Fransanın erməni sevdası haradan qaynaqlanır? - DEPUTAT ŞƏRH ETDİ

"Fransa və Ermənistan arasındakı münasibətlərin formalaşması tarixi-siyasi, iqtisadi köklərə bağlıdır. Fransa cəmiyyətində erməni diasporasının tarixi, formalaşmış kökləri var". Bu sözləri SİA-ya verdiyi açıqlamasında deputat Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, Fransa-Ermənistan münasibətlərinin tarixi izləri müasir dövrümüzə qədər davam edir: "Ermənilərin Fransada məskunlaşma dövrünə baxsaq, bu, çoxəsrlik bir dövrü əhatə edir. Ona görə də bu, heç təəccüb doğuran bir hal deyil. Məsələn, 1850-ci illərin ortalarında erməni diasporası orada daha fəal idi və Fransanın içərisində böyük mətbuat orqanları, mətbuat orqanlarının cəmiyyətə ən çox təsir etdiyi dövrlərdə ermənilərin əlində idi və həmin yayımlar erməni dilində çap olunurdu. Məsələn, orada ermənilərin "Ermənistan", "Paris" adında mətbuat orqanları fəaliyyət göstərirdi. Statistikaya əsasən, 1920-ci ildə Fransada 30-a yaxın erməni nəşrləri var idi. Bu da münasibətlərin formalaşmasına öz töhfəsini verirdi. Qərb dövlətləri, o cümlədən Fransa erməni məsələsinə "həssaslıqla" yanaşmaqla o dövrdə öz məqsədlərini həyata keçirtmək istəyirdilər. Çünki Osmanlı dövləti həmin dönəmlərdə tənəzzül mərhələsini yaşayırdı. Ona görə də ermənilərin vasitəsi ilə bu prosesi daha da sürətləndirmək istəyirdilər. Hətta, o dönəmlər Osmanlı imperiyasında maliyyə naziri Mikael olmuşdu, o, erməni əsilliydi".

S.Qurbanov bildirib ki, Birinci Dünya Müharibəsinə qədər Fransada təxmini 4 minə yaxın erməni olub: "Lakin müharibədən sonra onların sayı artmağa başlayıb. O dövrlərdə diaspora fəaliyyəti də artıb. Təsadüfi deyil ki ermənilərin bu fəallığı dırnaqarası erməni soyqırımının ortaya gəlməsinə, Fransanın Cənubi Qafqazda xüsusi təsir imkanlarını artırmaq üçün dağılan SSRİ zamanı daha çox dvident əldə etmək üçün Ermənistanı əlaltında saxlamasına, erməni soyqırımı məsələsini gündəmə gətirməsinə, öz dövlət strukturlarında qanunlar qəbul edərək "erməni soyqırımını" tanımayanlara qarşı cəzanın tətbiq edilməsinə gətirib çıxarıb. Bu, Fransanın ermənilərə olan xüsusi sevgisindən deyil, bölgədə dominantlığını əldə etmək üçün işlətdiyi strategiyalardır. Osmanlı imperiyasının mövcud olduğu dövrlərdə onların ticarətinin böyük bir hissəsi Fransa üzərinə qurulmuşdu.

Deputat bəyan edib ki, əlbəttə, Ermənistan ilə Fransa arasındakı münasibəti Azərbaycan-Türkiyə qardaşlığına bənzətmək gülüncdür. Məsələ Fransanın maraqlarını təmin etmək üçün, ermənilərin xəstə təxəllüyündən, xəstə düşüncəsindən, "böyük erməni dövləti" yaratmaq idealogiyasından istifadə etməsidir: "Ermənistan özü bu gün "Böyük Ermənistan" xülyalarından əl çəkib. Onlar bu dəqiqə 28-29 min kvadrat kilometr olan ərazilərində qalmaq haqqında düşünürlər. Onlar "Böyük Ermənistandan" bu səviyyəyə düşüblər. Ermənilər Azərbaycanın şərtlərini qəbul etməsə, Prezidentimizin onlara yaratdığı şəraitdən istifadə etməsələr, sərhədlərin delimitasiyasını etməsələr, Ermənistanın özünün də dövlət olaraq mövcudluğu sual altında qala bilər. Onlar Azərbaycanın ərazilərini tanımaq istəmirlər, lakin onların arxasında kimin durmasından asılı olmayaraq nəticə Azərbaycanın uğuruna yazılacaq, Azərbaycanın bölgədə söz sahibi olması bir daha təsdiqlənəcək. Bu, gələcəkdə də belə olacaq.

Dünyanın inkişaf istiqamətlərinə diqqət yetirsək yeni inkişaf Azərbaycanla bağlıdır. Dünyanın inkişafına Qafqazın töhfəsi böyükdür. Avropadan, Asiyadan keçən bütün nəqliyyat xətləri bu ərazidən keçir. Ermənistan nə vaxtsa anlayacaq ki Fransanın yox, öz xalqının maraqlarına xidmət etməlidir. Öz xalqının marağına xidmət etməyin yolu Azərbaycanın şərtlərini qəbul etməkdən keçir. Ümidvaram ki, onlar ağıllanıb bu məsələləri qəbul edəcəklər".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə