"Rusiya özünə müəyyən "haqlar" qazandırır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya özünə müəyyən "haqlar" qazandırır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsi başladığı ilk gündən bəri dünyada nizam və sistem məsələlərində bir xeyli dəyişikliklər baş verib". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Həşim Səhrablı qeyd edib.

"Burada iki əsas nüans önplana çıxır - Rusiyanın bütün beynəlxalq hüququ görmədən, nəzərə almadan aşkaranə bir şəkildə Ukraynaya qarşı işğal prosesinə başlaması beynəlxalq sistemin işləksizliyini göstərdi. Dünyanın yeni bir mərhələyə keçidini sübut etdi. Bu günə qədər soyuq müharibədən sonra təkqütblü dünya formalaşmışdı. ABŞ və Britaniya əsas güc kimi dünyanın gedişatına yön verirdilər. Ancaq Rusiyanın Ukraynada işğala başlaması, bu təkqütblü dünyanın sonunun başlanğıcıdır. Artıq Şərq-Qərb mübarizəsi adı altında çoxqütblü dünyaya doğru hərəkət edirik. Bu məsələdə regional faktorlar da var. Rusiya özünə müəyyən "haqlar" qazandırır, lakin bu bəhanələr reallığı əks etdirmir. Rusiya haqlı olsa belə bu, ona suveren sərhədlərə müdaxilə etməyə haqq vermirdi.

Müharibənin sonrakı gedişi barədə onu deyə bilərik ki, yeni bir dünya düzəni formalaşır, Şərqlə Qərb mübarizəsini tamamlamayıb. Hələki aktorların istədikləri şərtlər, situasiya yetişməyib. Ona görə Rusiya-Ukrayna müharibəsinin bitməsindən danışmaq tezdir. Düşünürəm ki, Qərb Ukraynanı silahlandırmağa, Rusiya əlində qalan hərbi potensialı istifadə etməklə öz şərtlərini diktə etməyə çalışmağa davam edəcək. Müharibənin miqyasının genişlənib-genişlənməyəcəyi müəmmalı məsələdir. Qərbdən daha çox dəstək alan Ukrayna Rusiyanın öz sərhədlərində də bəzi hərbi əməliyyatlar keçirdi, əks-hücuma keçdi. Bir müddət Rusiya hücum etməyə, Ukrayna da dirənməyə davam edəcək. Bu ssenari yeni dünya nizamının, çoxqütblü dünyada, güclərin, idarəetmə mexanizminin tam formalaşmasına qədər də davam edəcək",- deyə Həşim Səhrablı bildirib.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə