Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan konfrans keçirilib - YENİLƏNİB- FOTOLAR

Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan konfrans keçirilib - YENİLƏNİB- FOTOLAR

Sosial Tədqiqatlar Mərkəzində (STM) "Heydər Əliyev ili" çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan "Heydər Əliyev və insan hüquqları: Qurtuluş başlanan inkişaf yolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. SİA xəbər verir ki, konfransın əvvəlində tədbirin mahiyyətinə uyğun video-çarx göstərilib.

Konfransda Ombudsman Səbinə Əliyeva, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyev, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak edib.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir:

"Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olunub. Çoxdan unudulmuş əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılanıb".

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Ombudsman birbaşa Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış təsisatdır:

"Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atıb".

Ombudsmanın sözlərinə görə, "Ümummilli Lider ölkə Prezidenti kimi 1998-ci il 22 fevral tarixdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə müvafiq sahədə ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib.

"Bu iki sənəddə isə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmış, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində digər zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulub".

Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisinin deputatı Zahid Orucov diqqətə çatdırıb ki, Heydər Əliyevin özü konstitusiya, özü qanun olub:

"Heydər Əliyev sistem adamı idi. O öz ideallarına, fikirlərinə sadiq qalmasaydı dövlətinin rəhbəri ola bilməzdi. 90-cı illərdə dövlətinin özü olmadığı vaxtda Heydər Əliyev qayıtdı və dövləti qurdu. Biz milli qurtuluş tarixini Heydər Əliyevlə başlamışıq.

Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının dayanır".

Bütün xəbərlər Facebook səhifəmizdə