"Səs" Media Qrup “Xatirə Kuboku”nun qaliblərini mükafatlandırdı - FOTOLAR - VİDEO
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş “Milli Qurtuluş - 30” adlı konfrans keçirilib. SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikasının himni ilə başlayıb. Daha sonra isə açılış nitqini edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov fondun Qurtuluş günü və digər silsilə tədbirləri ilə bağlı məlumat verib: “Bu gün dünya coğrafiyasında 200-ə qədər ölkə var. Tarixi təcrübə onu göstərir ki, ümummilli lider yetişdirən xalqın dövləti daim mövcud olub. Sovetlər İttifaqı dağılında qurtuluşa böyük ehtiyac var idi. Uzun müddət müstəmləkə həyata keçmiş ölkəni yenidən ayağa qaldıra bilmək böyük bir qətiyyət tələb edirdi. Hansı ki, bu çətin missiyanı Ulu Öndər Heydər Əliyev yerinə yetirdi. Məhz həmin tarixə nəzər saldıqda, qurtuluş günümüzün Ulu Öndər Heydər Əliyevdən ayrı səsləndirilə bilməyəcəyinin fərqinə varırıq.
Mənəvi Dəyərlərin Təbliği Fondu olaraq Bakı xaricində bölgələrdə də tədbirlər həyata keçirir. Hazırda isə bölgələrimizdə “Dəyərlərimizin xilaskarı - Ulu Öndər” adı altında silsilə tədbirlərimiz baş tutacaq”.
Daha sonra isə çıxış üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya verilib: "Sovet dövründə istənilən sahədə vəziyyət çox pis və gərgin idi. Bunu indiki gənc nəslə dedikdə təəccüblənirlər. Çünki müstəqil gənclərimiz gözlərini müstəqil və güclü dövlətə açıblar. Bəzən dövlətçiliyimizin tarixindən danışıqdıqda ya 1918-ci il Cümhuriyyət, ya da 1991-ci il müstəqilliyimizin bərpasından danışılır. Lakin unutmaq olmaz ki, Azərbaycan dövlətçiliyinin tarixi məhz eradan əvvələ dayanır.
Tarixi şəxsiyyətləri çox olan dövlət zəngindir. Ulu Öndər Heydər Əliyev isə öz imzası ilə tarixə iz qoymuş böyük bir şəxsiyyətdir. Biz məhz onun sayəsində müstəqilliyimizə çatmışıq”.
“Mən bir neçə ay öncə Bakıda bir neçə ölkənin keçmiş baş nazirlərinin iştirakı ilə keçirilən tədbirdə iştirak etdim. Tədbir məhz Ulu Öndərin irsinə həsr edilmişdi. Tədbirdə Ukraynanın keçmiş prezidenti dedi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun balansı qoruyub, saxlaya bilən Heydər Əliyev kimi lideri olub. Bu sözləri eşitmək bir daha düşünməyə və ibrət götürməyə imkan verir”- deyə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib. Sözlərinə davam edən sədr bildirib: “Biz Ulu Öndərin vaxtikən müxtəlif sahələr üzrə atdığı addımların günümüzdə belə necə böyük əhəmiyyət daşıdığını görürük”.
Çıxış edənlər içərisində Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov, BBMM-in Analitika şöbəsinin məsləhətçisi Araz Qurbanov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Pravoslav Kilsəsinin Bakı Və Azərbaycan Yeparxiyasının nümayəndəsi Andrey Bezotosnıy olub.
Daha sonra isə çıxış üçün söz "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev verilib: “Bu gün xalqımız böyük sevinc və qürurla müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyini qeyd edir. Bu yubiley ili daha yaddaqalan fərqli bir tarixdir. Prezident İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixində "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" imzaladığı Sərəncam bir daha xalqımızın öz liderinə olan məhəbbətinin təzahürüdür".
Xatırladaq ki, SƏS Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında mini-futbol üzrə “Xatirə Kuboku” turniri keçirilib. Turnir “Rabitə” Bankın sponsorluğu və “Coca-Cola”nın dəstəyi ilə baş tutub.
Mayın 13-də start götürən turnirdə 16 komanda : “SƏS” Media Qrupu, AzTV, ATV, Xəzər TV, ARB TV, AzərTAC İA, Trend İA, APA İA, Report İA, “ Teleqraf” Media Qrupu, İki sahil qəzeti, Yeni Müsavat qəzeti, “Təzadlar” qəzeti, “Futbol+” qəzeti və “İdmanxəbər.az” saytının komandaları 4 qrupda mübarizə aparıblar.
Yarışlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi peşəkar hakimlər briqadası tərəfindən idarə olunub.
Birdövrəlik sistem üzrə keçirilən yarışda hər qrupdan ilk iki yeri tutan komandalar yarışın ikinci mərhələsində “Xatirə Kuboku” uğrunda mübariziyə başlayıblar. Sonda AzTV komandası “Xatirə Kuboku”nun qalibi olub”.
Sonda isə “Səs” Media Qrupunun təşəbbüsü ilə Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında mini-futbol üzrə “Xatirə Kuboku” turnirinin mükafatlandırma mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB