15 İyun Milli Qurtuluş Günü: Azərbaycanın Qürur tarixidir - TARİXÇİ ŞƏRH ETDİ

15 İyun Milli Qurtuluş Günü: Azərbaycanın Qürur tarixidir - TARİXÇİ ŞƏRH ETDİ

"XX əsrin sonlarında SSRİ məkanında baş verən mürəkkəb siyasi şərait, imperiyanın daxildən parçalanmağa doğru getməsi, hakimiyyətin yuxarı dairələrində iki qrupun, “mühafizakarlar” və “islahatçıların” meydana gəlməsi ideoloji, siyasi, mədəni əlaqələrin pozulmasına gətirib çıxarırdı. Məhz bu kontekstdə Azərbaycan xalqına qarşı yeridilən neqativ siyasət, mənfi tendensiyaların artması, milli dəyərlərin pozulması şəraitində mürəkkəbləşən siyasi proseslərin tüğyan etməsi Respublika daxilində xarici qüvvələrin təsirlərinin daha da artmasına gətirib çıxardı". Bu sözləri SİA-ya açıqlamasında AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Ədalət Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı əsassız ərazi iddiaları 1988-ci ildən başlayaraq 1991-cü ildə də davam etdirilərək aktiv hərbi müdaxiləyə çevrilmiş, 1993-cü ildən isə fövqəldövlətlərin köməyi nəticəsində Azərbaycan hakimiyyətində qarşıdurma yaratmaq üçün real zəmin hazırlanmış, cəmiyyət–hakimiyyət arasında parçalanma baş vermişdir: "Mövcud şəraitdə ozamankı səriştəsiz hakimyyət yaranmış mürəkkəb vəziyyəti nizama sala bilməyib çıxış yolları axtarır.

Cəmiyyət-hakimiyyət birliyinə nail olacaq liderin olmaması, erməni təcavüzünün dayandırılmaması, yenicə müstəqilliyə qədəm qoymuş dövlətin bütün strukturlarında kövrək elementlərin olması, ordunun qismən də olsa səfərbərliyini təşkil edilə bilməməsi kimi halların aradan qaldırılmasında şəxsiyyətin axtarışı təkcə hakimiyyəti deyil, elmi ictimaiyyəti, bütün kateqoriyadan olan insanları maraqlandıran əsas faktorlardan biri idi. Uzunmüddətli problemin dərinləşməsi və kütləvi informasiya vasitələrində də sabitliyi və mövcud siyasi şəraiti təbliğ və təşviq edən elementlərin yetrincə olmaması Azərbaycanın dövlətçilik tarixinin itirilməsinə, xalqın ümidsizlik girdabına srüklənməsinə səbəb ola bilərdi".

Ə.Mustafayev sözlərinə davam edərək bildirib ki, 1993-cü ilin əvvəllərindən etibarən respublikanın ictimai-siyasi vəziyəti daha da mürəkkəbləşdi: "Region dövlətləri ilə siyasi əlaqələrin qeyri-müəyyənliyi, işğalçı Ermənistanın dayanmadan və müharibə qanunlarına məhəl qoymadan davamlı aqressiv hərbi müdaxiləsinin nəticəsində mürəkkəbləşən xaotik vəziyyət təhlükəli tendensiyalara yol açırdı.

Həmin dövrün siyasi mənzərəsini təsəvvür etmək üçün bəzi məqamlara diqqət etmək yerinə düşər. 1993-cü il mart ayının 27-də Ermənistanın qəflətən Kəlbəcər rayonun işğal etməsi istiqamətində irimiqyaslı hücuma keçməsi və 4 tərəfdən müdaxilə şəraitində olan rayonun əhalisinin evakuasiyasının tam təşkil edə bilməmək xalqın hakimiyyətə olan inamını sarsıtdı. Həmin hadisədən sonra Gəncədə yerləşən Rusiya Federasiyasına məxsus 104-cü diviziya, xalq arasında Şerbakın ordusu kimi tanınan hərbi hissənin axırıncı şəxsi heyəti may ayının 24-də aparılan danışıqlar nəticəsində Gəncəni tərk etdilər. Ordunun təxliyəsindən cəmi bir ay əvvəl Kəlbəcərin işğal olunması zamanı nə qədər insanların mühasirədə qalaraq ermənilərə əsir düşməsi, Gəncəyə çox yaxın ərazidə olan bu hərbi hissənin şəxsi heyəti Ermənistan tərəfindən olan hərbi müdaxiləyə cavab verməkdə Azərbaycan ordusuna kömək göstərməmişdir.

104-cü diviziyanın Gəncəni tərk etməsindən bir az sonra Gəncədə Azərbaycan hərbi hissələrinin hakimiyyətə tabe olmaması yeni xaosa sürüklənən vətəndaş qarşıdurmasına yol açdı. Belə mürəkkəb vəziyyətdə o dövrdə iqtidarda olan rəsmilər də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. İyun ayının 8-də iki dəfə Naxşıvana təyyarə göndərilməsini təşkil etdilər. Nəhayət, 9 iyunda göndərilən təyyarədə Bakıya gəlməyə razılaşan Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev dərhal hadisələrə müdaxilə etdi. İlk növbədə, Gəncəyə gedərək danışıqlar apardı. Aparılan mürəkkəb danışıqlarda Heydər Əliyev qiyamçı qüvvələri yolundan döndərməyə nail oldu.

15 İyundan Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev bütün səlahiyyətlərindən istifadə edərək genişmiqyaslı təhlillər apararaq tədbirlər həyata keçirməyə başladı. Böyük güclərin təsiri nəticəsində uzun müddət tüğyan edən xaos və pərakəndəlikdən sonra hakimiyyətə Heydər Əliyevin gəlməsi xalqda böyük inam yaratdı. 15 iyun Milli Qurtuluş Günü xalqımızın tarixində qızıl hərflərlə yazılmış tarixi bir gün oldu. Ümummilli lider ilk olaraq cəmiyyəti sabitliyə səsləyərək hakimiyyət ətrafında sıx birləşməyə çağırdı. Məhz Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətinin mahiyyətində torpaqların işğaldan azad olunması, böyük dövlətlərin ermənilərə hərbi dəstəyinin zəiflədilməsi istiqamətində atdığı addımlar prioritet təşkil edirdi. Ordunun təminat-təchizat məsələləri ilə maraqlanmaq, hərbi hissələrdə görüşlər keçirmək, sıravi və zabit heyətinin fiziki-hərbi hazırlığının yaxşılaşdırılması istiqamətində göstərişlər vermək, hərbi məktəblərdə yeniliklərə start vermək üçün önəmlı addımların atılmasını təşkil etməyi qarşıya məqsəd qoymuşdur. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması üçün qardaş Türkiyə dövlətinin təcrübəsindən yararlanmaq, onların bilik və bacarığının Azərbaycan hərb elminə verdiyi töhfələrin gərəkli olmasını dəyərləndirə bilən Lider qətiyyətli mövqeyini ortalığa qoymuşdur.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasətinə fövqəldövlətlərin biganə qalması, beynəlxalq təşkilatların ikli siyasətinin davam etməsini BMT tribunalarından səsləndirməsi, nəticədə bugünkü reallığın gerçəkləşdirilməsinə nail olmaq Qurtuluş bayramnın nə qədər Azərbaycan tarixində qürürlu və şərəfli yol keçdiyinin bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda xarici dövlətlərlə neft müqavilələrinin uğurla həyata keçirilməsində müstəsna xidmətləri vardır. Yüksək iqtisadi göstəriciləri olmayan bir dövlətin hərbi gücündən danışmağın mənasız olduğunu dahi şəxsiyyət gözəl bilirdi. 1993-2003-cü illər ərzində hakimiyyətdə olduğu müddətdə ərazilərin işğaldan azad olunması məqsədilə yorulmadan dünya mətbuatını məşğul edən, beynəlxalq təşkilatların mövqeyini reallıqla barışmağa vadar edən Ulu öndərin 10 ildə xarici səfərlərinin sayı 460-dan yuxarı olmuşdur.

Azərbaycanı gələcəyə inamla aparan, Heydər Əliyev məktəbi keçmiş ləyaqətli və xarizmatik şəxsiyyət Cənab Ali Baş komandan İlham Əliyevin uğurla Ulu Öndərin strategiyasını davam etdirməsi, 15 İyun Qurtuluş Gününün bayram kimi qeyd edilməsində təsadüfi deyil, elmi-siyasi, maddi-mənəvi, tarixi əsaslara söykənən bir gerçəkliyin olmasına əsaslı sübutdur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə