Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə Rusiya Federasiyasının prezidenti ilə görüşü dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. Vladimir Putinin dəvəti ilə təşkil olunan görüşün guya işgüzar xarakter daşıdığını ermənilər formal olaraq bəyan etsələr də reallıqlar göz önündədir və hələ də haylar hamını aldadacaqlarını düşünməkdədirlər və bu dəfə bərk yanılırlar. Çünki ikiüzlülükləri və yalançılıqları ilə kifayət qədər ikrah doğurublar və “ad” da qazanıblar.
Təbii ki, Ermənistana məxsus mətbuat səhifələri görüşdə yalnız ikitərəfli və regional gündəliyə aid məsələlərin, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyətin müzakirə edilməsinin planlaşdırıldığını bildirilirməsi gözlənilən idi. Çünki 44 günlük müharibədə hadisələri, xəbərləri xalqına tamamilə tərsinə çatdıran mediadan başqa heç nə gözləmək də olmazdı. Məsələ burasındadır ki, reallıq tamamilə başqa şeydən xəbər verir və bu dəfə digər məsələlərlə yanaşı, Paşinyan bir sıra onu narahatedici məsələlərlə bağlı açıqlama verməli olub. Daha dəqiq desək, erməni baş nazirin quyruğu qapı arasında qalıb. Səbəb də bəllidir. Bəlli olan odur ki, Paşinyanın rəhbərlik etdiyi ölkənin ən tanınmış simaları da son vaxtlar ən yaxın müttəfiqləri olan Rusiyaya qarşı müxtəlif statuslu kifayət qədər kəskin bəyanatlar səsləndirirlər. Sözsüz ki, Moskva da buna səssiz qalmayıb və rusların reaksiyaları İrəvana qarşı sərt cavabları ilə yadda qalıb.
Vəziyyət heç də əvvəlki kimi deyil. Heç də Rusiya sətiraltı şəkildə narazılıq ifadə etmir. Rəsmi Moskva artıq rəsmi səviyyədə öz Xarici İşlər Nazirliyi vasitəsilə İrəvanın ABŞ və Avropa İttifaqına diqqətini artırmasından, Ermənistanın açıq şəkildə özünü Qərbə yönəltməyə çalışmasından narazılığını kəskin olaraq, özü də açıq-aşkar bildirir. Kreml yaxşı başa düşür ki, ermənilər yeni ağa axtarışındadırlar və əgər kimsə onları nökər olaraq qəbul etsə, dərhal həmin istiqamətə keçib xəyanətkarcasına ruslara qarşı çıxış etmiş olacaqlar. Bununla belə, hayların ümumiyyətlə bir neçə istiqamətdə var-gəl etmələri də Moskvanı qane etmir və onlardan birmənalı mövqe, son qərarı tələb edir. Daha dəqiq desək, ruslar ermənilərdən tələb edirlər ki, əgər müvafiq imtiyazlara malik forpost kimi qalmaq istəyirlərsə, Moskva ilə eyni xarici siyasət kursunda qalsınlar.
Doğrudur, Ermənistan kimi zəif bir dövlət Rusiyanı heç də maraqlandıra bilməz. Elə isə rusların təcili şəkildə Paşinyanı sual-cavaba çağırması və şərt qarşısında qoyması nə üçündür? Sözsüz ki, bu məqamda yenə ermənilərin alət olaraq istifadə edilməsi nəzərdə tutulur. Beləki, Ermənistan-Azərbaycan danışıqlarında əsas moderatorun məhz Rusiya olması barədə Kreml Qərbə vaxtaşırı mesaj ötürmək fikrindədir. Məqsədin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması olduğunu iddia etmək kimi bir niyyətimiz yoxdur, amma Moskva hər dəfə göstərmək istəyir ki, sözügedən məsələdə nailiyyətə, Qafqazda sülhə ancaq Rusiyanın köməyi ilə, özü də Üçtərəfli Bəyanat əsasında nail olmaq mümkündür. Yəni, ruslar bölgədə daha vacib faktor olduqlarını bəyan etmək, göstərmək istəyirlər və buna görə də ermənilərin, həmişə olduğu kimi alət olaraq istifadə olunması nəzərdə tutulur. İndi Nikol Paşinyanın gündə bir ağıla qulluq edərək gah bir, gah da digər istiqamətə meyl etməsi Putinin özü üçün də xoşagəlməz məqam sayılır və bu dəfə lazımi qulaqburması vermək üçün onu Soçidə görüşə əbəs yerə çağırmamışdı.
Doğrudur, kimsə təkzib edə bilməz ki, razılaşmalara əməl etməkdən boyun qaçıran Ermənistandır. Bunu Moskva da yaxşı bilir. Hətta Paşinyanın niyə Soçidə müxtəlif yalançı arqumentlərlə çıxış etməsini də ruslar gözəl başa düşürlər. Onsuz da erməni baş nazirinin absurd iddialarına təkcə ruslar deyil, bütün dünya alışqandır. Hər kəs bilir ki, bir zamanlar beli çantalı küçə nümayişçisi kimi peyda olan və Qərbin layihəsi kimi özünü hakimiyyət kürsüsünə daşıyan bu manipulyator hər addımda Azərbaycanı günahkar göstərmək üçün ən axmaq və yalan iddialara da əl atır. Onun axmaq iddialarına görə, guya müqavilələrə əməl etməkdən yayınan elə Azərbaycan tərəfidir. Bu hiyləgər Laçın dəhlizindəki “vəziyyət” deyib guya dad deyir. Üstəlik, Qarabağ ermənilərinin “blokadası” deməyə də olmayan üzündə üz tapır. Amma Putin özü çox yaxşı bilir ki, erməni baş nazir rəsmi İrəvanın ikiüzlü mövqeyini nümayiş etdirir və etdikləri ancaq həyasızlıqdır. Bu həyasızlığı elə Ermənistanın baş naziri ilə yanaşı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ölkəsinin İctimai Televiziyanın efirində edib və son günlər Moskva ilə bağlı səsləndirdiyi xoşagəlməz bəyanatlara görə özünə haqq qazandırmalı da olub. Bunun ardlnca Rusiya Xarici İşlər Nazirliyi onları təxribat hücumu adlandırıb. Bu həmin Qriqoryandır ki, Azərbaycanla iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasından sonra Ermənistanın Rusiya Federasiyasına Zəngəzur dəhlizinə daxil olub-olmaması zamanı sərhəd və gömrük keçid məntəqələrində nəzarət funksiyalarını təmin etmək fikrində olmadığını bildirib. Buna görə də Moskva öz xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Zaxarovanın nitqindən istifadə edərək, onu məzəmmət edib, məsələnin əsaslı şəkildə Azərbaycan Respublikası, Ermənistan Respublikası və baş nazir müavinləri tərəfindən işləndiyi vurğulanıb. Bir sözlə, Rusiya məsələyə öz kəskin münasibətini elə kəskin şəkildə də bildirib və Nikolun heç arzulamadığı sorğu-sual qarşısında olması da bu mənada gözlənilən idi.
Heç şübhəsiz ki, əvvəllər Ermənistandan vaxtaşırı eşidilən anti-Rusiya bəyanatlarına kifayət qədər təmkinli reaksiya verən Moskva indi belə niyyətdə görünmür. Görünən odur ki, deəyəsən rusların səbr kəsası əməlli başlı dolub, hətta daşıb da. Hayların ikiüzlülüyündən, ikili oyunlarından rusların təngə gəldiyi dərhal duyulur və Putinin də Paşinyan təcili şəkildə çağırması bunu təsdiq edir. Bu həm də onu təsdiq edir ki, yeganə müttəfiqini itirmək təhlükəsi ilə üz-üzə qaldığı barədə İrəvana xəbərdarlıq da edilib. İndi erməni baş nazir Ermənistan üçün yaranmış vəziyyətin kövrəkliyini yaxşı başa düşür, görür də. Bununla belə onun həm də Qərbin əlinə oynamaq kimi bir niyyətinin olmayacağını söyləmək qətiyyən mümkün deyil. Bunu Putin də bilir və xəbərdarlığı da buna görə olub. Məsələ burasındadır ki, Nikol Paşinyan belə vəziyyətdə hamıya söz verir, amma reallıqda isə düşdüyü situasiyanın təhlükəsini dərk edərək ikili oyunu davam etdirir. Özü də hiyləgərcəsinə davam etdirir və əvvəlcə bir tərəfə, sonra ona qarşı olan tərəfə söz verir və bu ikiüzlülüyündən əl çəkəzəyi real görünmür.
Əvvəlcə mayın 9-da Moskvadakı paradda, sonra da onun ardınca Kişinyovda keçirilən Avropa sammitində iştirak etməsi Paşinyanın ikili siyasətinin, ikiüzlülüyünün bariz nümunəsi sayılır. Bir zamanlar əli sarıqlı, beli çantalı nümayişçi obrazında küçələrə çıxan və manipulyator kimi dünyada tanınan Nikol indi də elə həmin zamanlardakı tendensiyasına uyğun hərəkət edir. Beləki, Paşinyan bir tərəfdən qərbyönlü demokrat rolunda özünü göstərməyə çalışır, digər tərəfdən isə Rusiya maraqlarının tərəfdarı imicini qoruyub saxlamaq üçün əldən-ayaqdan gedir. Onun hakimiyyət komandası da məhz onun özü kimi, buqələmum kimi, analoji davranış nümayiş etdirir. Onlar da ABŞ və Avropa İttifaqına getdikləri zaman Rusiya Federasiyasının siyasətinə qarşı ağızlarına gələn hədyanları danışırlar, Rusiyanı orada hədəfə alırlar, sonra Moskvaya tələsərək yalnız rusların maraqları və göstərişləri əsasında hərəkət etməyə hazır olduqlarına hər kəsi inandırmağa çalışırlar. Yəni, ikili oyunlar oynayırları ikiüzlülüklə, özü də məharətlə oynayırlar, amma bu o demək deyil ki, oyunu aparırlar, xeyr. Ruslar artıq qulaq burmasının zamanı olduğunu haylara çoxdan qandırıb. Heç şübhəsiz ki, Soçidə Paşinyana Ermənistanın KTMT-dən çıxması ilə bağlı xəyallarının, Qərbə yol açmaq istəyinin, erməni baş nazirə yaxın adamların Moskva ilə bağlı neqativ bəyanatlarının hansı nəticələrə gətirib çıxara biləcəyini yerli-yataqlı “izah” ediblər. İndi bu “izah”-dan lazımi nəticə çıxarıb-çıxarmamaq ermənilərin öz üzərinə düşür, amma ikili oyunlarının öz başlarına bəla olacağını anlamaq da onlar üçün vacib şərtdir, çünki onsuz da vəziyyətləri hər mənada yaxşı deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB