Ermənistan SANKSİYALAR ASTANASINDA – TƏHLİL

Ermənistan SANKSİYALAR ASTANASINDA – TƏHLİL

Moskva ilə İrəvan arasında mövcud siyasi münasibətlər heç də əvvəlki kimi, yaxud ermənilərin istədikləri kimi olmasa da, hətta mənfi olsa da, bu iki ölkə əlaqələrini nədənsə, yaxud nəyə görəsə davam etdirməkdədir və təbii ki, burada xüsusi bir məsələ mövcuddur, hansıki Qərb bunu açıq şəkildə artıq bəyan etməkdədir. Məsələ burasındadır ki, az qala bütün dünyanın Moskvaya qarşı sanksiya tətbiqi fonunda Ermənistan davamlı, fasiləsiz şəkildə Rusiyaya məhz sanksiyaya düşən malları ixrac edir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri Cim O'Brayen Rusiyaya qarşı sanksiya tətbiq edilməsi fonunda məhz həmin ölkəyə sanksiyalardan çox uğurla yan keçməyə kömək edən beş ölkə arasında Ermənistanı da qeyd edib.

Doğrudur, Ermənistan barədə deyilənlər hələ o demək deyil ki, artıq cəza tədbirləri görülməkdədir. Onsuz da bu işğalçı ölkə barəsində dünyanın yanaşması hər zaman fərqli olub. Nədənsə rəsmi İrəvanın səhvlərinı, yanılışlıqlarına ikiüzlülüklə göz yumulub. Hər dəfə qanunları, hətta beynəlxalq hüququ köbudcasına pozan Ermənistan barədə qəti qərar verilmir, səhvlərinin üstündən keçilir. Təbii ki, Qərbin ssenarisini canla-başla yerinə yetirən, özünün müstəqil siyasət aparmaq qabiliyyəti, iradəsi olmayan Ermənistanın hər dəfə sudan quru çıxması başadüşüləndir. Məsələ burasındadır ki, bu dəfə vəziyyət tamamilə fərqlidir və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların, Qərblə Kreml arasında gərginliyin, eləcə də Moskvanı diz çökdürmək planının fonunda Ermənistanın bir sıra malları həmin ölkəyə idxal etməsi artıq bərk qıcıq doğurub.

Diqqətə çatdıraq ki, ötən ildə Ermənistandan Rusiyaya ixrac təqribən üç dəfə artıb. Daha dəqiq desək, bu göstərici 841 milyon dollardan 2 milyard 411 milyon dollara qədər çoxalıb və bu artımda təkrar ixracın əhəmiyyətli paya malik olduğu faktı dəfələrlə vurğulanıb. Özü də məhz işğalçı ölkə kökuməti səviyyəsində etiraf edilib də. Düzdür, öz xislətlərinə və ənənələrinə görə ermənilər bəzi məsələləri yalandan və utanmadan təkzib etmək üzrə mahirdirlər və bu dəfə də iqtisadiyyat naziri Vahan Kerobyan deyib ki, guya ölkəsinin Rusiyaya təkrar ixrac etdiyi mallar sanksiyalara məruz qalan malları deyil. O əmin etməyə çalışıb ki, guya Ermənistan hökuməti ikinci dərəcəli sanksiyalara düşməmək üçün buna nəzarət edir. Bunun ağ yalan olduğunu hər kəs, xüsusən də Qərb tərəfi yaxşı bilir və Kerobyan detallara varmaq istəmədiyi özü də bəzi məsələlərin şübhəli olduğunu ortaya qoyur.

Erməni yalanlarına artıq inanan yoxdur və Qərb çox yaxşı bilir ki, sanksiyaya məruz qalmış malların, ilk növbədə texnologiya ilə bağlı alınmasında Moskvaya fasiləsiz olaraq kömək edən məhz Ermənistandır. Ola bilsin ki, Kerobyan, yaxud hansısa məmur fikir yayındırmaq niyyəti ilə asanlıqla yalan ifadələrə əl ata bilər, amma statistika buna inanmağa imkan verməz. Məhz statistik göstəricilər təsdiq edir ki, mexaniki və elektron avadanlıqların Ermənistandan Rusiyaya ixracı 2022-ci ildə 11 dəfədən çox artıb. Hətta o da sirr deyil ki, bu məhsulların heç bir faizini belə həmin respublika qətiyyən istehsal etmir. Deməli, Ermənistan üçüncü ölkələrdən malları əldə edərək Rusiyaya göndərir və nəticədə də ruslar sanksiyalardan yayına bilirlə, hansıki bunu Qərb artıq çoxdan bilir. İndi maraqlıdır, Ermənistanın bu addımına görə barəsində nə düşünülür? Hər bir halda bu dəfə üstndən keçiləcəyi, göz yumulacağı inandırıcı görünmür. Çünki Ermənistanın Rusiyaya ixrac etdiyi həmin mallar sıradan məhsullar sayılmır, xüsusi əhəmiyyətə malikdir və rusların sanksiyalara davamlılığını artırır.

Qərb indi Ukraynada müharibənin dayanmasının qarşısını alan ən lazımlı malların Ermənistan tərəfindən ixracından xəbərdardır. Sanksiyaların Koordinasiya Bürosunun rəhbəri Cim O'Brayen iyunun 8-də verdiyi bəyanatda bunu açıq-aşkar söyləyib. O, vurğulayıb ki, Rusiya postsovet ölkələrinin köməyi ilə Ukraynada müharibənin davam etdirilməsi üçün lazım olan elektronika idxalının səviyyəsini işğaldan əvvəlki dövrə çatdırıb. Sözsüz ki, burada postsovet ölkələrinin köməyi ilə dedikdə məhz Ermənistan nəzərdə tululur. Deməli, artıq rəsmi İrəvan ən azından Qərbin hədəfindədir.

Cim O'Brayenin təkrar idxalın sxemini belə açıqlaması təsdiq edir ki, məlumatlar tam dolğun və əsaslıdır. Sanksiyaların Koordinasiya Bürosunun rəhbəri açıq şəkildə bildirir ki, Avropa şirkətlərinin başqa ölkələrə satdığı mallar Rusiyaya məhz üçüncü ölkələridən gəlir və elə bu prosesin fonunda da üçüncü ölkələrdən çiplər, prosessorlar və digər elektronika almaqla Moskva sanksiyalardan yayınmaq şansı əldə edir. O'Brayenin fikrincə Rusiyanın sanksiyalardan yayınması ciddi problem olaraq qalır. Bu ciddi problem dediyini kimin yaratdığını aydınlaşdırmaq üçün isə postsovet ölkələrinin iqtisadi göstəricilərinə, ələlxüsus ixrac göstəricilərinə baxmaq kifayət edir. Statistik göstəricilər təsdiq edir ki, bu məsələdə, yəni Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələr arasında öndə gedən elə Ermənistandır və bu ölkə sanksiyalara məhəl qoymadan, sıxışdırılması nəzərdə tutulan ölkəni elektron avadanlıqlarla fəal şəkildə təmin edən ən “qabaqcıl” MDB ölkəsidir.

Bu zamana qədər beynəlxalq ictimaiyyətin təzyiqləri ilə qarşılaşmadığına görə İrəvan sanksiyaların olmayacağı qənaətində ola bilər. İndi ermənilər elə zənn edə bilərlər ki, BMT-nin dörd qətnaməsinə 30 ilə yaxın müddət ərzində məhəl qoymadıqları zaman beynəlxalq ictimaiyyətin rəsmi şəkildə təzyiqinə məruz qalmayıblarsa, bu dəfə də yaxalarını qurtara bilərlər. İkiüzlülüyün, ikili standartların, təcavüzkarın müdafiə olunmasının şahidi olan haylar bu dəfə də onlara məhəl qoymayacaqları qənaətindədirlərsə, bərk yanılırlar. Artıq məsələ tamamilə başqa müstəvidədir, başqa məcradadır və dünya nəhəngləri məqam uğrunda qarşı-qarşıya gəldiyi anda, Qərb Rusiyanı çökdürmək istədiyi zaman, külli miqdarda resurs xərclədiyi halda hansısa bir Ermənistan adlı cırtdan dövlətin yolda tikan kolu kimi bitməsinə göz yumula bilməz. Ən xırda sanksiyanın İrəvanı tamamilə sarsıdacağını bilən Qərb çox güman ki, Ermənistanda rezonans yaratmaq üçün müvafiq ssenari hazırlayıb. İrəvan saymazyana siyasətə görə cavabdehlik daşımalı olacaq, çünki az qala bütün dünyanın tətbiq etdiyi sanksiyalar fonunda hoqqabazlıq edir və bunu da müşhidə etməmək mümkün deyil.

Ermənistan müəyyən olunmuş qırmızı xətti artıq çoxdan keçib və həmin ölkənin qadağan olunmuş malları Rusiyaya tədarük etməsi faktı bəllidir. Ələlxüsus da yüksək texnologiyalı məhsulların təkrar ixrac olunmasında Ermənistanın “payı” göz önündədir və bunu, qeyd olunduğu kimi, statistika təsdiq edir. Bütün bunlar isə Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etmək deməkdir və haylar elə bilirlər ki, bu cavabsız qalacaq? Ermənistanın Rusiyaya ixrac etdiyi məhsullar silah istehsalı və ya hərbi məhsulların hazırlanması istiqamətində birbaşa əlaqəli sayılan texnologiyalar üçün lazım olanlardır, hansıki bu sıraya müxtəlif cihazlar, sensorlar, yarımkeçiricilər, elektron vasitələr daxildir. Bunlar Qərbin diqqətindən yayınan deyil. O da diqqətdən yayınan deyil ki, Ermənistan açıq şəkildə, özü də saymazyana olaraq qadağalara məhəl qoymur, Rusiyanı təmin edir. Bəlkə də, Ermənistan özünü sanksiyalara məruz qalmayacaq xüsusi imtiyazlı ölkələrin hansısa siyahısında görür. Amma hadisələrin gedişi göstərdi ki, haylar bu dəfə də yanılıblar, çünki real mənzərə tamam başqa məqamlardan xəbər verir. Beləki, Vaşinqtonun bəyanatına görə, Ermənistan məhz cinayət başında yaxalanıb və ABŞ Dövlət Departamentinin, Qərbin sanksiyaları siyahısına düşüb. Onsuz da rəzalət, səfalət və xaos içərisində olan bir ölkənin ən azından mərhələli şəkildə müxtəlif məhdudiyyətlərlə qarşılaşacağının həmin ölkə üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil və Ermənistanın bundan qaçması artıq mümkün görünmür. Bir sözlə, hələ də gizləndiklərini zənn edən, yaxud ərköyünlük etməyə, ikiüzlülüyə, ikili standartlara bel bağlayan haylar bu dəfə hədəfdədirlər və indi Ermənistan sanksiyalar astanasındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə