Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihə - Cənub Qaz Dəhlizi
PREZİDENT İLHAM ƏLİYEV: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır"
Bəli, bu gün müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amil olduğunu deyib. Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə sölədiyi: ""Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır",- bu sözlər artıq bu gün ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi.
"CƏNUB QAZ DƏHLİZİ BİZİM BİRGƏ TARİXİ NAİLİYYƏTİMİZDİR"
"Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.
Burada söhbətin yenilənən, bərpaolunan enerjidən getdiyini qeyd edən dövlət başçısı deyib: "Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır".
Bəli, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənənə və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək. Tarixə nəzər salaq. 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün isə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilib. Cənub Qaz Dəhlizinin digər tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düymlük boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir. Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyuldu. TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşərək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan TAP kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq.
AZƏRBAYCAN QAZI YENİ MƏNBƏDİR VƏ “CƏNUB QAZ DƏHLİZİ” YENİ ENERJİ DAMARIDIR
Göründüyü kimi, Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır. Bəli, bu real faktordur. Başqa cür desək, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.
Həmçinin, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir. Bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarılmasında, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Çünki Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: "Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır".
Beləliklə, məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti nəticəsində reallaşan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarılmasında, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.
Bir sözlə, Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı bu uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası müstəqil dövlətimizi beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi bundan sonra da qəbul ediləcək və ölkəmizin enerji potensialı getdikcə yüksək səviyyədə güclənəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB