"Tofiq Yaqublu bütün qırmızı xətləri keçib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Radikal müxalifət yenə öz ampulasındadır və yenə də şər, böhtan, iftira yaymaqla məşğuldur. Tofiq Yaqublunun, yəni müxalifətin dırnaqarası ən şanlı simalarından birinin son söylədikləri fikirlər, daha dəqiq desək təhqir və iftira ilə dolu mövqe bu qənaətimizi bir daha gücləndirmiş oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun szölərinə görə, Tofiq Yaqublu indi də Azərbaycan polisini hədəfə alıb: "O, Azərbaycan polisinə münasibətdə elə ifadələr işlədir ki, əslində bu bizim milli mentalitetimizə tamamilə zidd bir mövqedir və qırmızı xətlərin keçilməsidir. Azərbaycan polisi bu günləri sözün həqiqi mənasında ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi vəzifəsini çox şərəflə həyata keçirir. Mən deyərdim ki, bu gün Azərbaycan polisi Avropa polisi üçün də bir nümunədir. Çünki Avropada polislərin etiraz edən vətəndaşlara qarşı hansı şiddət tətbiq etdiyini biz demək olar ki, hər gün televiziya kadrlarından izləyirik. Polis öz vətəndaşına qarşı rezin güllələrdən, itlərdən, atlardan istifadə edir. Atların ayaqları altında onları tapdalayır. Avropa ölkələrində və ABŞ-da polis ayağını vətəndaşın boğazına dirəyir, onu boğmaqla məşğuldur. Bunlar şər-böhtan deyil və bunları Tofiq Yaqublu da televiziya ekranlarından dəfələrlə görüb. Amma Azərbaycan polisi isə bu nöqteyi-nəzərdən Avropa polisi və ABŞ polisi üçün də bir örnəkdir".

Deputat sözlərinə belə davam edib: "Tofiq Yaqublu, siz yəqin ki, bilirsiniz ki ABŞ-da yol polisinin tələbinə tabe olmayıb maşını sürətlə idarə etdikdə polisin icazəsi var ki, həmin sürücünü tabe olmadığına görə güllələsin. Ancaq Azərbaycanda siz polisin belə hərəkətini gözləyə bilərsinizmi? Bu mümkündürmü? Azərbaycan polisini belə nalayiq ifadələrlə aşağılamaq Azərbaycan dövlətçiliyinə və Azərbaycan dövlətinə qarşı olan bir münasibətdir. Xüsusilə Azərbaycan polisi pandemiya dövründə sözün həqiqi mənasında qəhrəmanlarından biri oldu, həkimlərimiz ilə birlikdə polislərimiz də qəhrəmanlar idilər və onlar öz missiyalarını qarda-şaxtada, günəş altında şərəflə yerinə yetirdilər.

Mən inkar etmirəm ki, polisin də sıralarında ayrı-ayrı insanlar qanuna zidd davranış ortaya qoysunlar və bu heç bir halda o demək deyil ki, Azərbaycan polisi öz missiyasını uğurla, şərəflə, ləyaqətlə icra etmir. İstənilən peşə sahəsində nalayiq davranış ortaya qoyanlar da var.

Bu günləri Tofiq Yaqublu bütün qırmızı xəttləri keçib, bütün milli-mənəvi dəyərlərə zidd olan bir davranış ortaya qoyur. Bunu əsas götürüb biz deyə bilmərik ki, Azərbaycan müxalifəti bu günləri milli-mənəvi dəyərlərdən uzaqdır, yaxud Azərbaycan müxalifəti dövlətə dövlətçiliyə münasibətdə qırmızı xəttləri keçib. Biz bunu deyə bilmərik. Tofiq Yaqublunun timsalında bunu söyləmək olmaz. Ancaq ayrı-ayrı polis nəfərlərinin hərəkətini misal çəkib Azərbaycan polisini ləkələmək yolverilməzdir. Belə yanaşma şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması anlamına gəlir, onun işgüzar nüfuzuna xələl gətirmək anlamına gəlir və bu halda Tofiq Yaqublu Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə üz-üzə qala bilər. Yəqin ki, Tofiq Yaqublu bunu bilməmiş olmaz.

Hesab edirəm ki, xüsusilə də son dövrlər İranın Azərbaycana qarşı atdığı bu qərəzli addımlar, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması istiqamətində hərəkətləri və Milli Məclisin deputatına qarşı terror əməlinin həyata keçirilməsi fonunda polisin hərəkətkərinə qiymət versək, daha düzgün olardı. Polis bütün bu cinayətlərin qarşısının alınmasında və cinayətkarların üzə çıxarılmasında çox böyük rol oynayıb. Onlar çox qısa bir zamanda cinayətkarkarı üzə çıxardır. Ona görə də hesab edirəm ki, Tofiq Yaqublunun bu mövqeyi və bu səsləndirdiyi fikirlər qərəzlidir. Azərbaycan polisini ləkələmək, onu hörmətdən salmaq cəmiyyətdə nüfuzuna xələl gətirmək mahiyyəti kəsb edir və qəbuledilməzdir. Əksinə bu günləri Azərbaycan polisi, onun rəhbərliyi sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi, əhalimizin təhlükəsizliyinin təmin edilməsi prosesində çox böyük işlər görür və bizim polisimiz həm də elə Tofiq Yaqublunu qoruyur. Bunu da Tofiq Yaqublu gərək unutmasın".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə