Azərbaycan Prezidentinin Türkiyə səfərində DİQQƏTİ ÇƏLB EDƏN MƏQAMLAR - TƏHLİL
Prezident İlham Əliyevin sonuncu Türkiyəyə səfəri hər zaman olduğundan daha çox, olduqca əhəmiyyətli sayılır. Türkiyə prezidentinin andiçmə mərasimi ilə əlaqədar edilmiş səfər dünya ictimaiyyətinin diqqətindən də yayınmayıb. Diqqətdən yayınmayan ən incə məqam məhz həmin mərasimdə Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevə və xanımına böyük diqqət ayırdığı sayılır və bəllidir ki, bu heç də təsadüfi deyil.
Ərdoğanın çıxış edəcəyi salonda Azərbaycan Prezidenti ilə səmimi görüşü də sözsüz ki, diqqət mərkəzində olub. İndi bütün dünya liderləri məhz iki qardaş ölkə liderinin dostluq və qardaşlıq münasibətini maraqla izləyir. Əvvəla ona görə ki, Türkiyə-Azərbaycan tandeminin nə kimi güc, qüdrət olduğu hamı tərəfindən qəbul edilir. Digər tərəfdən hər kəs çox yaxşı bilir ki, Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə irəliləyir və bu irəliləyiş daha yüksək nəticələr vəd edir. Eyni zamanda hər kəs yaxşı başa düşür ki, cənab Ərdoğanın yenidən prezident seçilməsi ilə proseslər yeni inkişaf mərhələsinə qədəm qoyur və bu da iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə zərrə qədər maneə qalmır.
Bütün dünya ictimaiyyəti artıq fərqindədir ki, bölgədə güc nisbəti dəyişib və Azərbaycanla Türkiyə iki qardaş ölkə olmaqla, həm bölgədə, həm də bütövlükdə dünya miqyasında söz sahibinə çevrilib. Dünyada geosiyasi vəziyyətin mürəkkəb bir dövründə bir millət iki dövlət, yəni Türkiyə ilə Azərbaycan sülhə, əminamanlığa, sabitliyə tövhələr verməkdədirlər. Məhz elə bu fonda da cənab Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Azərbaycan Prezidentinin Türkiyəyə səfəri xüsusi önəm daşıyır, çünki bu səfər münasibətlərin daha da yaxşılaşdırılmasında əvəzsizdir. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi göz önündədir. Bunu təkzib etmək mümkün də deyil. Əksinə, iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşməsi, yaxşılaşması hər iki ölkəni özünə düşmən bəlləyən qüvvələrin yuxularının ərşə çəkilməsi üçün yetərlidir.
Əlbəttə ki, iki qardaş ölkənin günü-gündən yaxınlaşması digərlərində paxıllıq hissinin ortaya çıxmasına da səbəb olub. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da bu məclisdə iştirakı deyilənləri təsdiq edir və vəziyyətin real görüntüsünü yaradır. Görünən odur ki, erməni baş nazir özünü yaxşı göstərməkdən də əlavə, hansısa formada iki qardaş ölkənin birliyinə həm qibtə edir, həm də özünü araya salmağa şalışır. Tarix boyu ən güclü dövlətlərin buyruq qulu olmağı, vassalığı qəbul edən bir ölkənin indi Türkiyəyə yaltaqlanması həm başadüşüləndir, həm də zərrə qədər təəccüb doğurmur. Bu gün dünyada söz sahibinə çevrilən Türkiyəyə özünü sırımaq istəyən Ermənistanı da, bu ölkənin baş nazirini də elə dünya ictimaiyyəti bu baxımdan yaxşı başa düşür, çünki yaltaqlıq “ənənələrinə” hər kəs bələddir.
Bəlkə də ermənipərəst qüvvələrin də imkanı olsaydı həm onların xatirinə, həm də özləri üçün bu mərasimdə iştirak edərdilər. Çünki dünyanın artıq dəyişən geosiyasi mənzərəsində ən vacib oyunçulardan olan Türkiyənin yanında qərarlaşmaq çoxlarının arzusudur. Məsələ burasındadır ki, onlar buna nail ola bilmədiklərinə görə heç də özlərini məqbul durumda görmürlər. Fəqət Azərbaycanı bu mərasimdə ən yaxın yerdə görmək başlarına daş olub düşən ən ümdə səbəblərdəndir. Bu məqamı Azərbaycan Prezidenti çox yaxşı bilir və şübhəsiz ki, həmin mərasimdə onun iştirakı ilə düşmənlərin gözünə nə qədər çox sayda şiş batdığı da diqqətdən yayınmayıb. Məhz Türkiyə kimi bir qlobal güc dövlətinin müttəfiqi, həmin ölkə Prezidentinin ən yaxın dostu, qardaşı olmağın nə demək olduğu mesajı verilir. Həmin mərasimdə erməni baş nazirin iki qardaş ölkə arasındakı səmimi, yaxın münasibətləri həsədlə izləməsi görüntülərindən sonra şərhə ehtiyac qalmır.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə hövlnak şəkildə qatılan Nikol Paşinyan və hakimiyyət komandası böyük həvəslə onun seçkidə məğlub olmasını arzulayırdı və gözləyirdi də. Bunu Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan yazılardan görmək heç də çətin deyildi. Bir müddət əvvəl cənab Ərdoğanın seçkidə məğlubiyyətini proqnozlaşdıran erməni mediası bundan böyük dividentlər əldə edəcəyi həvəsini də gizlətmirdi. Gizlətməyin də faydası yoxdur, çünki ilk növbədə Azərbaycanı düşmən bəlləyən ermənilər üçün iki qardaş ölkə arasındakı müttəfiqliyin və məhz qardaşlıq münasibətlərinin onlara nə boyda əzab verdiyi göz önündədir. Biz bunu 44 günlük müharibədən əvvəlki danışıqlar prosesində də, Azərbaycanın mükəmməl qələbəsi Zəfəri ilə başa çatan həmin müharibə dönəmində də, post-müharibə dönəmində də gördük. Gördük ki, Azərbaycana hər zaman qardaşcasına siyasi və mənəvi dəstək verən Türkiyə ilə müttəfiqliyimiz ermənilərin yuxularını ərşə çəkir.
Azərbaycan Prezidentinin cənab Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyə səfəri fonunda incə məqamlar olduqca çoxdur və sadalamaqla bitən də deyil. Bu məqamların bir neçəsi daha çox diqqəti cəlb edir. Məsələn, Fransa kimi bir ermənipərəst dövlətin hakimiyyətini də, prezidentini də bu səfər maraqlandırmaya bilməz. Çox güman ki, Azərbaycan əleyhinə hər zaman qərəzli münasibət göstərən, ədalətsiz yanaşma sərgiləyən bir Avropa ölkəsi hakimiyyəti iki qardaş ölkə arasındakı münasibətlərin yaxınlığını ürək ağrısı ilə izləyir. Ona görə ürək ağrısı ilə izləyir ki, bu iki qardaş ölkənin bir-birini dəstəkləməsi onların bütün ermənipərəst planlarını alt-üst edir. Artıq Makron da başa düşür ki, Türkiyə öz doğru seçimini etməklə türk dünyası üçün yeni bir era, daha sürətli inkişaf, çiçəklənmə, tərəqqi dövrünün davamına zəmin yaradılıb və bu fonda türk birliyinin güclənməsi onun planları, niyyəti üçün heç də arzuolunan deyil. Ermənilərin fransız bacıları artıq Türkiyə-Azərbaycan tandeminin hansı gücə sahib olduğunun fərqindədirlər.
Rusiya da öz növbəsində prosesi yaxından izləyir deməyə əsasımız var. Onsuz da Qərbin təzyiqləri altında olan bir ölkə Türkiyədən başqa sığınacaq və münasibət quracaq məkan görmür. Doğrudur, ruslar heç də türklərin güclənməsini, bu dövlətin başında güclü bir liderin olmasını istəməzdilər, amma qeyd olunduğu kimi, dünyada çox gərgin bir geosiyasi vəziyyət fonunda başqa çarə görə bilmirlər və vəziyyət onlara hələ ki, sərf edir desək, yanılmarıq. Məsələ burasındadır ki, uzun illər Sovet ölkəsinin hakimiyyəti altında gördükləri Azərbaycanı indi ruslar qardaş Türkiyə dövlətinin yanında görməkdən çox güman ki, bərk qıcıqlanırlar. Şübhəsiz ki, bu gün meydanda tək qalan, marginallaşan Ermənistana istənilən anda təzyiqlər edə bildiyinə zərrə qədər şübhəsi olmayan ruslar Azərbaycan barədə bu barədə düşünməyi artıq mənasız hesab edirlər. Çünki bilirlər ki, Türkiyə Azərbaycanın sevincini sevinci, kədərini kədəri kimi qəbul edir və rusların Azərbaycanda at oynatmalarına, istədikləri təzyiqləri etmələrinə birinci növbədə məhz Türkiyə qarşı çıxar və bu da onlara çox baha başa gələr.
Qərb ozu də iki gözünü dörd edib və çoxdandır ki, Türkiyəyə zilləyib. Heç zaman öz oyunlarına alət edə bilmədikləri Türkiyədə son günlərdə bir daha demokratiyanın qələbə çalması, prezidenti olaraq ən güclü liderin seçilməsi sözsüz ki, Qərb üçün arzuolunan deyildi. Təbii ki, Qərb belə bir seçimin əksini arzulayırdı. Nəinki arzulayırdı, eyni zamanda Kılıcdaroğlu kimi bir layihəsini də ortaya atmışdı ki, Türkiyədə və bütün dünyada güclü lider olaraq tanınan cənab Ərdoğanın seçilməsinə mane olsun. Sözsüz ki, son gücünü sərf etmələrinə baxmayaraq buna mane ola, Türkiyə seçicisinin iradəsini qıra bilmədilər. Bəli, türklər doğru seçim etdilər və əsl layiqli namizəd seçildi. Məhz bu seçimin ardınca Azərbaycan Prezidentinin məhz andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfər etməsi, orada çox mehriban, dostcasına qarşılanması Qərb üçün də arzuolunan sayıla bilməz. Bəlkə də bu vaxta qədər Azərbaycanda hansısa təxribata ümid edən, Soros kimi bir şər iblisinin çirkin oyunlarını planlaşdıran Qərb artıq bunun mümkünsüzlüyünün fərqindədir. Həm də fərqindədir ki, Türkiyə ilə müttəfiqliyi, qardaşlıq münasibətləri fonunda hansısa qarışıqlıq yaratmaq istəyi sadəcə bir xülya ola bilər.
Bir sözlə, Azərbaycan Prezidentinin Türkiyəyə son səfəri müxtəlif istiqamətlərdə təhlil edilə bilər və istənilən halda bu səfərin əhəmiyyətli olduğu öz təsdiqini tapmalıdır. Çünki həmin səfər çərçivəsində bəyan olunan mesajlar çox incə məqamlardan xəbər verir. İncə məqamlar olduqca çoxdur, amma burada ən diqqətçəkən məhz Türkiyə-Azərbaycan tandemi, ən yaxın dostluq və qardaşlıq münasibətlərinə daha geniş spektrda yol açılması, iki qardaş ölkə liderinin istənilən məqamda, istər sıxıntılı, istərsə də sevincli məqamlarda bir yerdə olması, bir-birinin yanında olmasıdır. Bu isə o deməkdir ki, münasibətlər bundan sonra daha da yaxınlaşacaq və bu qardaşlıq ənənəsi əbədi olaraq davam edəcək, hansıki ölkələrinizin gücünün, qüdrətinin artması deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB