"Qərb və Rusiya sülh müqaviləsinin imzalanmasına niyə mane olur? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Qərb və Rusiya sülh müqaviləsinin imzalanmasına niyə mane olur? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Hesab edirəm ki, sərhəddə də, Qarabağda da iyunun ortalarına qədər təxribatlar davamlı olacaqdır. Artıq danışıqlar intensivləşdikcə, bir sıra razılıqlar əldə olunduqca atışmalar olacaq. Çünki Ermənistan bəzi şeylərlə razılaşsa da, müəyyən qüvvələr var ki sülh müqaviləsinin imzalanmasını istəmirlər. Məlumdur ki, həm Qərbin, həm də Rusiyanın bu məsələdə maraqları toqquşur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, bu baxımdan bir tərəfdən Rusiyanın, digər tərəfdən Qərbin Paşinyana təzyiqlərini müşahidə edirik: “Son zamanlarda İran Ermənistandan üz döndərib. Bu da regionda baş verən yeni layihələrlə bağlıdır. İran və Rusiya arasında yeni müqavilələr, şimal-cənub yolunun açılması da buna təsir göstərir. Rusiyanın da tapşırığı ilə İran Ermənistandan müəyyən qədər uzaqlaşaraq Azərbaycanla münasibətləri düzəltməyə çalışır. Ona görə də regionda, xüsusilə də Zəngəzurda getdikcə maraqlar toqquşur”.

Ekspert sözlərinə davam edərək bildirib ki, Avropa da Qafanda yerli əhalinin iqtisadi-siyasi vəziyyətinin yaxşılaşması üçün 50 milyon avroya qədər maliyyə yatırımı edib: “Həm atom sistemləri üçün, həm də dərmanların hazırlanmasında istifadə olunan uran adlanan kimyəvi yeraltı sərvətin çox böyük bir hissəsi Zəngəzurdadır. Ona görə də Qərb də, Rusiya da Zəngəzura sahib olmaq arzusundadır. Hər kəs öz oyununu oynayır və vəziyyəti gərginləşdirir ki, konflikt həll olmasın”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə