Perspektiv əməkdaşlıq istiqaməti - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri əlaqələrin daha geniş spektorda inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Bunu SİA-ya açıqlamasında YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

A.Əliyev bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsi əməkdaşlıq və əlaqələrimizin tarixində mühüm mərhələ hesab edilir: "İsraildə Azərbaycan səfirliyinin cari ildə açılması əlaqələrin bundan sonra daha yüksək səviyyəyə qaldıracaq. Daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar formalaşacaq. İki dövlət arasında mövcud olan etibarlı əməkdaşlıq burada mühüm önəm daşıyır. Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqla yanaşı enerji sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan-İsrail münasibətlərində eyni zamanda perspektiv əməkdaşlıq istiqamətləri qarşıdakı dövrdə iki ölkənin irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırmasına imkanlar yaradacaq. Dövlətimiz bu məsələdə İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirməyi planlaşdırır. İndiki dönəm üçün iki ölkə arasında yeni əməkdaşlıq sahələrindən biri kibertəhlükəsizliklə bağlıdır. Çünki indiki şəraitdə kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm elementi hesab olunur. Həmçinin Azərbaycanla İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizin müdafiə sənayesi sahəsində İsrailin müasir avadanlıqlarına çıxışı var".

A.Əliyev iki ölkə arasında qarşılılıqlı turist axınının səviyyəsinə də münasibət bildirib: "Azərbaycanla İsrail arasında uçuşların sayının artırılması ilə bağlı razılıq var. Çünki hər iki ölkənin ictimaiyyəti arasında tarixi əlaqələrə əsaslanan dostluq mövcuddur. Əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşayan yəhudi icmasının mövcudluğu burada mühüm önəm daşıyır. Buradakı yəhudi icması ilə, İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında canlı və əbədiyaşar körpü hesab olunur.Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılarla birgə çiyin-çiyinə vuruşublar. İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayıb. Fakt odur ki, dünya azərbaycanlılarının diaspor təşkilatları mövcud olsa da İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi göz önündə olub. Çünki mədəni körpülərin ikitərəfli strateji əməkdaşlığa töhfəsi çox vacibdir. Bütün bunlar Azərbaycan İsrail münasibətlərinin xarakterini müəyyənləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə