Ermənistan-Azərbaycan danışıqları: yenə ötür-ötür oyunu – BAXIŞ BUCAĞI
İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masa keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli qeyri-rəsmi görüş keçirilib. Görüşə daha sonra Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron da qoşulub.
Bundan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata açıqlama verib. Şarl Mişel açıqlamasında deyib:
- Biz indicə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə çox yaxşı görüş keçirdik. Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik və həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu “Avropa siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik. Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik.
![]()
Moldova görüşünə qədər isə...
Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti öz işinə başlayıb. Hər ölkə bu sammitdən öz nəsibini alacağı kimi, Azərbaycan da bu görüşə daha çox Ermənistanla sülh müqaviləsi ətrafında gedən danışıqların məhsuldarlığını artırmaq məqsədi ilə qatılıb. Rəsmi Bakının bir niyyəti var, regionda – Cənubi Qfqazda sülhü və təhlükəsizliyi bərpa etmək. Ermənistanla bağlanacaq sülh müqaviləsi isə bu istəyin, arzunun bir hissəsi ola bilər. Nəzərə alsaq ki, bölgədə sülhü istəməyən regional və qeyri-regional güclər kifayət qədərdir, Azərbaycanın narahatlığını başa düşmək olar. Ermənistanla sülhün bağlanması, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi isə sadalananlar fonunda bir o qədər də önəmli deyil. Əgər Ermənistan sülh istəmirsə istəməsin, sərhədlərdə demarkasiya, delimitasiya prosesi aparmaq istəmirsə etməsin. Ermənistan üzərindən hibrid müharibəsi aparmaq, Azərbaycana qarşı erməni adlı maşadan istifadə etmək istəyən gücləri neytrallaşdırmaq üçün sülh müqaviləsi lazımdır.
Sülhün bərqərar olması Ermənistanın və onun arxasında duran qüvvələrin neytrallaşdırılması demək olacaq, region kənar qüvvələrdən təmizlənəcək, kommunikasiyalar açılacaq, loqistika mexanizmi işə düşəcək, Qərbdən Şərqə, Şimaldan Cənuba uzanan dəhlizlər region ölkələrinin dünyaya çıxış imkanlarını təmin edəcək, inkişaf dinamikasını artıracaq. Ermənistan rəhbərliyi, ocümlədən ermənilər anlamalıdırlar ki, bu mənzərənin yaranması bir ölkə kimi onların da işinə yarayacaq. Amma indi özlərini Ermənistanın arxasında dayanan qüvvə kimi təqdim edən ölkələrin əsl niyyəti Ermənistana son 30 ildə vurduqları ziyanı bundan sonra da davam etdirməkdir. Kimsə bizim Ermənistanın və ermənilərin taleyinə yandığımızı düşünər, amma bu belə deyil. El arasında bir deyim var, çaqqal tələyə düşəndə yan-yörəsini, hətta öz qolunu da gəmirər. Ermənilər SSRİ-nin dağılmasından istifadə edib öz müqəddaratını təyin edəndə indikindən də kasıb vəziyyətdə idi. Və bəzi ölkələrin Azərbaycandan pay qopartmaq, iqtisadi müqavilələrdə üstünlük əldə etmək üçün “erməni kartı”ndan məharətlə istifadə edəcəyi sonrakı hadisələrdə də öz təsdiqini tapdı. Ermənistanın ağzına bir tikə sümük atan və əvəzində kasıb erməni ölkəsini Azərbaycanın üzərinə qısqırtmağı bacaran həmin güclər bu murdar xislətlərini düz 30 ildir ki, yeritməkdədirlər.
Bəli, Azərbaycan ölkəmiz ətrafında süni şəkildə yaradılmış düşmənçiliyin axırına çıxmaq, Qərbin, Şimalın, Cənubun “Cənubi Qafqaz siyasəti”ni puça çıxarmaq istəyir. Erməniləri Azərbaycanın sülh təkliflərinə biganə qalmağa vadar edən də İrəvanın “böyük qardaş”ları qarşısında götürdüyü öhdəliklərdir. Ona görə, danışıqlar zamanı həmin güclərin də iştirak etməsinə Bakının icazə verməsinə səbəb də budur. Təsadüfi deyil ki, Ermənistanla Azərbaycan arasında gedən müzakirələrin aparılması üçün artıq 3 platforma formalaşıb, Moskva, Vaşinqton və Brüssel. Hər üç platformanın təşkilatçılarının bu münaqişənin yaranmasında və indiki şəkil almasında birbaşa və dolayısı ilə əlləri var. Bu münaqişəni özləri doğub, özləri bələyib və indi də… Əgər həmin vasitəçilərin əli ilə sülh müqaviləsi imzalanarsa, cümləni onun rənginə uyğun tamamlaya bilərik. Hələlik isə bu görüşlərdən növbətisi Moldovanın paytaxtında keçirilib.

İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqdan hələ çox uzaqdır
Görüşün keçirilmə ərəfəsində Ermənistandan təxribatçı açıqlamalar gəlib. Hələ İlham Əliyevlə Nikol Paşinyanın görüşünə iki saat qalmış Ermənistan parlamentin spikeri deyib ki, Ermənistan tərəfi üçün sülh müqaviləsinin təminatlı olması vacibdir: “Azərbaycan Qarabağın erməni əhalisi ilə danışmasa, yara sağalmayacaq və bunun gələcəkdə öz nəticələri olacaq”. Alen Simonyan deyib ki, əgər dialoq olmasa, məsələ Azərbaycan tərəfinin mövqeyi ilə həll olunsa soyqırımı baş verə bilər, biz buna yol verə bilmərik. Bu məsələ Azərbaycan üçün də son dərəcə vacibdir. Parlamentin sədri hətta, Azərbaycanı 10 noyabr bəyanatının demək olar ki, bütün bəndlərini pozmaqda ittiham edib. Halbuki, həmin bəyanatın 4-cü bəndində yazılan “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” cümləsi kifayət edir ki, tərəflərdən hansı razılaşmaya əməl etmir.
Əslində spikerin bu açıqlamasının sadə yozumu budur ki, İrəvan sülhə gəlməkdə zorlanır, yaxud çətinlik çəkir, maksimalist düşüncəli erməni cəmiyyətinin qəzəbindən qorxur. Bir el məsəlini də Ermənistan təhbərliyinin yadına salmaqda bəlkə də hər birimizin xeyrinə olar, “zəhər nə qədər tünd olsa, qabını çatladar”.
Bu, Kişinyov sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüşdən qabaq Ermənistan rəhbərliyinin növbəti təxribatçı çıxışıdır. Moskva görüşü keçirildiyi gün isə Ermənistan ordusunun diversiya qrupu Zəngilan rayonu istiqamətində şərti dövlət sərhədini pozub və nəticədə iki sərhəd pozucusu ələ keçirilib.
Xatırladaq ki, ötən il oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin birinci sammitindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyev arasında dördtərəfli görüş keçirilib. Daha sonra Paşinyanla Türkiyə prezidenti arasında görüş olub. Ermənistan Xarici İşlər Nazirliyi iyunun 1-də Kişinyovda Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı məlumatı təkzib edib. Bundan əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sülh ehtimalı barədə açıqlama vermişdi. Vaşinqton görüşü vaxtı Ermənistan silahlıları Azərbaycan ordusunun iki hərbçisini oğurlayaraq sonradan onları “diversant” kimi, hətta mühavizəçini qətlə yetirən cani kimi təqdim etdi. Bütün norma və prinsiplərin daim əlehinə gedən İrəvan bununla da kifayətlənməyib qondarma “məhkəmə” keçirərək hərbiçilərimizə uzunmüddətli həbs cəzası verdi.
Oğru İrəvandan “oğurluq” damğası
Rəsmi Bakının erməni diversantları ilə bağlı addımlarına isə İrəvan “oğurluq” damğası vurmağa çalışır. Beləliklə, Ermənistanın əsas dərdi sülhdən yayınmaqdır. Baş verənlərin Azərbaycan versiyası fərqli görünür. Hərbçilər Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun tərkibində dövlət sərhədini pozublar. Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, onların içəri daxil olmasında məqsəd insanları öldürmək, maddi ziyan vurmaq, azərbaycanlı əhali arasında çaxnaşma yaratmaq, habelə Zəngilan rayonunun Rəzdərə kəndində sərhəd qoşunlarına qarşı terror aktı təşkil etmək olub. Məlumatda vurğulanır ki, Ermənistan Silahlı Qüvvələrinin həbs edilən hərbçiləri cinayət işi üzrə təqsirləndirilir və məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Bu və ya digər şəkildə Hovakimyanın və Qazaryanın taleyi açıq şəkildə Ermənistan və Azərbaycan tərəfləri arasında danışıqlar zamanı həll olunacaq. Necə ki, indiyə qədər oxşar hallarda belə olub.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel isə görüşdən əvvəl ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüşdə münasibətləri normallaşdırmaq üçün siyasi iradələrini təsdiq edəcəklər: “Ümid edirəm ki, bu, iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün ümumi siyasi iradəni təsdiqləmək üçün bir fürsət olacaq”.
Bu arada regionda hadisələr həm Moskvanın, həm Qərbin sayəsində Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı optimist proqnozlarının əksinə inkişaf edir. Xüsusilə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu sazişin iyunun 1-də Kişinyovda imzalanması ilə bağlı sorğuya cavab olaraq deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və xüsusən də saziş ətrafında müzakirələr gedir: “Dəfələrlə qeyd etdiyimiz kimi, əsas məsələlər həll olunanda Ermənistan tərəfi sazişi imzalamağa hazır olacaq. İnanırıq ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində planlaşdırılan görüş zamanı və ondan sonra onlarla bağlı müzakirələr davam etdiriləcək. Bu sazişin imzalanması Kişinyovda keçiriləcək görüşün gündəliyinə daxil edilməyib”.
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Laçın rayonunun sakinləri ilə görüşündə deyib: “İndi Ermənistan ərazi bütövlüyümüzü tanıdığına görə, sülh müqaviləsinə faktiki olaraq heç bir ciddi maneə yoxdur. Əminəm ki, Ermənistan mövqeyini bir daha dəyişməsə, yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilər”.
Sanki buna cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyişlər yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra ola bilər. Nazir vurğulayıb ki, Ankara Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatını alqışlayır. Lakin bununla yanaşı, Türkiyənin Ermənistana qarşı hələ də müəyyən iddiaları var, onun paytaxtında bu yaxınlarda, Osmanlı dönəminin öndə gedən isimlərini qətlə yetirən Nemesis təşkilatının üzvlərinə 2017-ci ilin birinci yarısında abidə ucaldılması azacıq münasibətlərin də üstündən xətt çəkib. Ankara bu abidənin açılmasını səhv adlandırsa da, İrəvan hələ də buraxdığı səhvi düzəltməyib.

Moldovanın Kişinyovdan 45 kilometr aralıda yerləşən Bulboaca kəndində Azərbaycan Prezidenti, Fransa prezidenti, Almaniya kansleri, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş nazirinin beştərəfli görüşü baş tutub. İrəvan bəyan edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması planlaşdırılmır.
Ermənistan bəyan edib ki, danışıqların aparıldığı bütün mərkəzlər sazişin həyata keçirilməsinin təminatçısı olmağa hazırdır. Lakin Ermənistan tərəfi üçün bu qarantın razılaşmalara əməl olunması məsələsində ardıcıl olması vacibdir. İrəvan Rusiyanın zəmanətini qəbul etmir və bunu indiyədək baş verən hadisələrlə izah edir. Bildirilib ki, söhbət qarantın daha aydın və başa düşülən mexanizmlərindən gedir. Bir ölkə zamin qismində çıxış etsə, daha yaxşı olar. Təcrübə isə göstərir ki, bir neçə ölkə prosesə cəlb edildikdə, ya onların arasındakı münaqişə səmərəli işə mane olur, ya da məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar.
Sülhün yaranma ehtimalı olsa da, hələlik üfüqdə sozalır. Səbəb yenə Ermənistan və müharibəyə köklənmiş ermənilərdir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB