"Səfər çərçivəsində sülh şərtləri yenidən müzakirə olunacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Səfər çərçivəsində sülh şərtləri yenidən müzakirə olunacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyi II Zirvə toplantısında iştirak etmək üçün ölkəyə səfər edib. Bu səfər çərçivəsində Azərbaycan Prezidentinin bir sıra görüşlər keçirəcəyi, xüsusilə də Ermənistan Baş Naziri ilə görüşəcəyi və sülh şərtlərinin yenidən müzakirə predmetinə çevriləcəyi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, 25 may tarixində Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə təşkil olunan görüşdə Ermənistanın məhz destruktiv davranışının nəticəsi olaraq Azərbaycanla münasibətlərin tənzimlənməsi, xüsusilə də nəqliyyat və kommunikasiya əlaqələrinin açılması ilə bağlı ciddi praktik nəticə əldə olunmadı: "Ermənistan Baş Nazirinin sabotaj xarakterli Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə xidmət edən fəaliyyətinin nəticəsində ciddi ümidlər vəd edən görüş nəticəsiz başa çatdı. Hesab olunur ki, burada başlıca hədəf Ermənistan havadarlarının sifarişi əsasında Azərbaycanla əlaqələrin tənzimlənməsinin Moskva formatı çərçivəsində deyil, ABŞ-ın nəzarəti altında irəliləyişin əldə olunması məqsədi daşıyırdı. Buna görə də Kişinyovda keçirilən görüşlər zamanı müəyyən nəticələrin əldə olunmasına ümidlər formalaşıb. Hesab edirəm ki, Azərbaycan bir daha haqlı mövqeyimizi göstərəcək. Ermənistan səmimi olaraq bölgədə sülh istəyirsə, Azərbaycanla danışıqlar prosesini manipulyasiya etmək əvəzinə real danışıqlar həyata keçirməlidir".

Politoloq sözlərinə davam edərək bildirib ki, paralel olaraq Azərbaycana qarşı rəsmi sənədlərdə irəli sürülən ərazi iddialarından əl çəkməlidir: "Ermənistan mövcud qanunvericilik aktlarında təcili surətdə dəyişiklik etməli və heç bir qonşu dövlətə qarşı ərazi iddiası ilə bağlı müddəalar rəsmi aktlarından çıxarılmalıdır. Nə qədər ki Ermənistan bu addımları atmır, Azərbaycanla sülh danışıqlarında maraqlı olması ilə bağlı səmimi qəbul edilə bilməz. Düşünürəm ki, bu gün keçiriləcək görüş zamanı da Ermənistan yenidən sülhə hazır olduğu görüntüsünü yaratmağa çalışacaq. Amma Ermənistanın bu istiqamətdə real addımlar atacağını hesab etmirik. Bunu artıq beynəlxalq güclər də çox yaxşı dərk edir. Həmin beynəlxalq qüvvələr Ermənistan rəhbərliyini təzyiq altında saxlamalı və sülh müqaviləsi imzalamaq istiqamətində təzyiqləri davam etdirməlidir. Yalnız bu halda Ermənistan sülh müqaviləsi imzalamağa yanaşa bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə