"İsrail və Azərbaycan çətinlikləri birlikdə dəf edəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İsrail və Azərbaycan çətinlikləri birlikdə dəf edəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Heç kəsə sirr deyil ki, Azərbaycanda həmişə yəhudi əsilli insanlar yaşayıb. Yəhudilərlə azərbaycanlılar hər zaman dost münasibətində olublar və biz onları özümüzdən ayırmamışıq. Elə bunun bariz nümunəsidir ki, dünyanın müxtəlif yerlərinə səpələnmiş yəhudilər hər zaman Azərbaycanın haqq səsini duyurub və onu müdafiə edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, İsrail dövləti də Azərbaycan müstəqillik qazandıqdan sonra öz dəstəyini nümayiş etdirib: “Azərbaycanın neft strategiyasının inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq nüfuzun artırılmasında İsrail dövlətinin və yəhudi əsilli azərbaycanlıların çox böyük xidmətləri olub. Azərbaycan və İsrail arasında dövriyyə 1,7 milyard dollar təşkil edir. Bu dövriyyənin yaxın gələcəkdə daha da artırılması nəzərdə tutulur. Düşünürəm ki, İsrail prezidentinin Azərbaycana səfəri zamanı bu məsələlər daha çox müzakirə edildi və ölkə başçısı İlham Əliyev də vurğulağı kimi iki dövlət arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün çox böyük potensial var. Biz bu potensialı düzgün istifadə etməli və çalışmalıyıq ki, qarşılıqlı səfərlər yalnız mövsümü deyil, bütün dövrü əhatə etsin. Bildiyiniz kimi, iqtisadiyyatın əsasını nəqliyyat, yükdaşımaları, yol və hava marşrutunun olması təşkil edir. Bu baxımda uçuşların sayının artırılması önəmlidir”.

Deputat sözlərinə davam edərək bildirib ki, həmçinin, müasir dövrdə, xüsusilə pandemiyadan sonrakı dövr üçün hər bir dövlət öz səhiyyə sistemini daha da mükəmməl səviyyəyə çatdırılması, vətəndaşlarının sağlamlığının qorunması üçün islahatlar həyata keçirir: “Azərbaycan və İsrail arasında məhz bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi, birgə fəaliyyət proqramının icra edilməsinə ehtiyac var idi. İshaq Hersoqun Azərbaycana səfəri zamanı buna dair sazişlər imzalandı. Düşünürəm ki, İsrail prezidentinin səfərindən sonra mövcud vəziyyət bir daha araşdırılacaq, dövlətlərarası komissiya bu məsələləri dərindən öyrənəcəkdir. Həm Azərbaycandakı İsrail səfirliyi, həm də İsraildəki Azərbaycan səfirliyi dostluq münasibətlərinin inkişafında üzərinə düşən işləri görəcəkdir. İnanırıq ki, bu iki dövlət birlikdə bir çox çətinlikləri dəf edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə