"İsrail hər zaman Azərbaycanla oxşar siyasi mövqe nümayiş etdirib" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

"İsrail Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafda və dərinləşməkdə olduğunu bir daha sübut etdi. Hər kəs şahid oldu ki, İsrail və Azərbaycanın münasibətləri bütün səviyyələrdə inkişaf etməkdədir. İsrail Azərbaycanın dövlət müstəqilliyinə hər zaman anlayışlı münasibətdə olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz İsrail idi: "Təbii ki, Azərbaycanın sonrakı mərhələdə öz müstəqilliyini möhkəmləndirməsi yolunda fəaliyyətlərinə İsrail tərəfindən hərtərəfli dəstək göstərilib. Biz Vətən müharibəsində Azərbaycanın hərbi qüdrətinin düşməni əzmək səviyyəsində özünü təsdiqləməsində İsrailin rolunun həlledici olduğunu gördük. Həm regional təhlükəsizlik və sülh məsələlərində, həm də qlobal məsələlərdə İsrail dövləti hər zaman Azərbaycanla oxşar siyasi mövqe nümayiş etdirib".

A.Quliyev sözlərinə davam edərək bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması çətin proseslərin nəticəsi olaraq nəhayət ki gerçəkləşdi: "İsraildə səfirliyimizin açılması iki ölkənin münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Maraqlıdır ki, Azərbaycan həm İsrail, həm də onunla bugünədək soyuq münasibətlərdə olan ərəb dünyası ilə əlaqələrini olduqca dəqiq prinsiplər üzərindən aparır. Bir tərəfdən İsrail dövləti ilə hərtərəfli münasibətlərini həm siyasi, həm hərbi, həm iqtisadi sahədə yürüdür, həm də ərəb ölkələrinin maraqlarına uyğun beynəlxalq hüquq və təhlükəsizlik çərçivəsində əməkdaşlıq qurmağa çalışır. Bütün bunlar Azərbaycan-İsrail münasibətlərini böyük perspektiv qarşısında olduğunu göstərir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aqrar sektorunda İsrailin kapitalının, investisiyasının iştirakı artıq bur faktdır. Eyni zamanda, Azərbaycan İsrail dövləti ilə münasibətləri hərtərəfli inkişaf etdirməklə hər iki xalqın mənafelərinə xidmət etməyə çalışır.

Baxmayaraq ki, bu iki dövlət arasında münasibətlərin dərinləşməsindən narahat olan ölkələr var. Xüsusilə də İran həmişə bu münasibətlərdən xoflanıb və açıq-aşkar öz mövqeyini bildirib. Amma Azərbaycan da, İsrail də müstəqil dövlətçilik prinsiplərini hər şeydən çox önəm verdikləri üçün kənardan edilən bu cür cəhdlər təbii ki, əlaqələrə hər hansı pozucu təsirini göstərə bilmir. İsrail-Azərbaycan münasibətləri İranın və ya digər dövlətlərin hansı mövqe tutmasından asılı olmayaraq daim dərinləşməkdə davam edəcək. İsrail Prezidentinin Azərbaycana son səfəri bir daha sübut etdi ki, ölkəsinin həm Azərbaycanla, həm də bütünlüklə türkdilli dövlətlərlə böyük perspektivi var və İsrail türk dünyasının mənafeyinə anlayışla yanaşır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə