"Baydenin məktubu tarixi əhəmiyyət daşıyır" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“ABŞ prezidenti Co Bayden super dövlətin prezidenti olduğuna görə onun Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlaması sıradan bir hadisə deyil. Çünki Bayden heç də hər dövlətə və dövlət başçısına məxsusi təbrik məktubları göndərmir. Onun bu addımı Azərbaycan dövlətinin və onun başçısının beynəlxalq siyasətdə oynadığı rola münasibətini göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, hər şeydən öncə Bayden bu məktubla Azərbaycan Prezidentinin siyasətinə uyğun fəaliyyətini nümayiş etdirir: “Eyni zamanda, Co Bayden Azərbaycan dövlətinin cümhuriyyət ənənələrinə və respublika üsul idarəsinə hörmətlə yanaşmasını təqdirəlayiq hesab edir. Onu da deyim ki, Bayden bu məktubla Azərbaycan dövlətinin müstəqilliyinə və müstəqil bir dövlət kimi öz varlığını qorumasına rəğbətlə yanaşdığını bir daha ifadə etdi. Bu məktubda Azərbaycanın regional və beynəlxalq siyasətinin ən mühüm istiqamətləri haqqında qısa da olsa, fikirlərə rast gəlirik. İlk növbədə Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rola Baydenin yüksək qiymət verməsi təqdirəlayiqdir. Bu o deməkdir ki, həqiqətən Azərbaycanın enerji təhlükəsizliyində oynadığı böyük rolu dünya dövlətləri də dəyərləndirir”.
A.Quliyev sözlərinə davam edərək bildirib ki, Bayden bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində Azərbaycanın roluna qiymət verməklə bu siyasəti qəbul etdiyini göstərir: “Sətiraltı da olsa bölgədə sülhün bərqərar olmasında Azərbaycanın səylərini başa düşdüyünü və ona dəstək verdiyini ifadə edir. Eyni zamanda, bu məktubda Azərbaycanın beynəlxalq terrorizmə və narkotikaya qanunsuz miqrasiyaya qarşı mübarizədə dünya qüvvələri ilə əməkdaşlığına Baydenin açıq-aşkar simpatiyasını gördük. Təbii ki, Bayden Azərbaycanın həm də çox mürəkkəb geosiyasi məkanda uğurlu siyasət apardığını ifadə edir. Bayden ad çəkməsə də, bu bölgədə Azərbaycanın suverenliyi və müstəqilliyi üçün nə qədər böyük təhlükələrin mövcud olduğuna da işarə vurur. Baydenin məktubundan belə başa düşülür ki, o Azərbaycanın bir tərəfdən düşmən Ermənistan, digər tərəfdən isə Rusiya və İrandan ibarət olan bir bölgədə nə qədər uğurlu siyasət apardığının necə çətin olduğunu anlayır. Baydenin məktubu tarixi bir məktubdur və Azərbaycanın nailiyyətlərini özündə əks etdirir. Lakin düşünürəm ki, Azərbaycanın 44 günlük müharibədə tarixi ərazi bütövlüyünü bərpa etməsi və hətta düşmən tərəfindən bu ərazi bütövlüyünün qəbul edilməsi də bu məktubda ifadə olunsaydı, daha yaxşı olardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB