"Ukraynada başlayan müharibəyə mən Ukrayna ilə Rusiya arasındaki savaş gözü ilə baxmıram. Hesab edirəm ki, Ukrayna torpaqlarında aparılan müharibə məhz Rusiya ilə Qərb arasında aparılan müharibənin bir növ tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında Politoloq Elçin Abdullayev bəyan edib.
Onun sözlərinə görə, hər kəsə məlumdur ki, artıq neçə illərdir Rusiya ilə Ukrayna arasında dünyanın müxtəlif nöqtələrində soyuq savaş aparılır: "Artıq Ukrayna meydanında Ukrayna torpaqlarında bu savaş hərbi müstəviyə keçib. Düzdür, bu gün Ukrayna torpaqlarında Rusiya əsgərləri ilə NATO əsgərləri heç də üz-üzə gəlib döyüşmür. Amma bu, o demək deyil ki NATO əsgərləri Ukraynada yoxdursa NATO da Ukraynada yoxdur. Təbii ki ABŞ rəhbərliyi ilə kollektiv qərb bütövlükdə Ukraynada var. Bu gün Ukrayna hərbi silahlı qüvvələrinin işlətdiyi bütün silahlar demək olar ki, Qərb istehsalı olan, NATO standartlarına cavab verən silahlardır. Eyni zamanda düşünürəm ki, Ukrayna hərbiçilərini, hətta Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli generallarını belə NATO-nun generalları təlimatlandırır. Bəli, hesab edirəm ki, 2 gün bundan öncə Rus hərbiçiləri Baxmutu götürsələr də onların başı bu kiçik qələbədən heç də gicəllənməməlidir. Çünki hər kəsə məlumdur ki, Ukrayna silahlı qüvvələri və Ukrayna tərəfi ciddi mənada əks hücum planı hazırlayırlar. Artıq neçə aylardır bu plan üzərində iş aparılır".
Politoloq onu da qeyd edib ki, yaxın günlərdə Ukraynanın hərbi silahlı qüvvələri, Rusiya hərbi silahlı qüvvələrinə qarşı əks hücüma keçəcəklər və bu hücum Rusiyanı ciddi mənada sarsıdacaq: "Bu baxımdan yaxın zamanlarda Ukrayna ordusunun Rusiya ordusu üzərində müəyyən üstünlük əldə edəcəyini bütün dünya müşahidə edəcək. Hər bir halda mən bu müharibənin nəticəsini Rusyanın məğlubiyyəti ilə yekunlaşacağını proqnozlaşdırıram. Əslində Rusiya Ukraynada deyil, Rusiya məhz postsovet regionunda ilk məğlubiyyətini Qərb qarşısında Gürcüstanda almış oldu. Belə ki Qərb Rusiyanı 2008-ci ildə Gürcüstana çəkməklə bir növ onun ayaqından tutmuş oldu. Bu gün isə Ukraynada qərb Rusiyanın belindən tutub. Belə olduğu halda mən düşünmürəm ki, Qərb Rusiyanın belə rahatlıqla öz istəyinə nail olmasına imkan versin və yaxud da o tutduğu beli buraxsın. Bu baxımdan bir daha təkrar edirəm, mən Rusiyanın Ukraynadakı savaşda məğlub olacağını və Rusiyanın ciddi mənada zərər görəcəyini proqnozlaşdırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB