"ATƏT-in keçmişdəki ziyankar davranışları bizim tariximizdə fakt kimi qalır" - SİYASİ EKSPERT DANIŞDI
"Azərbaycan Prezidenti İlham Əliyevlə ATƏT Parlament Assambleyası sədrinin görüşü bütün hallarda müsbət hadisədir. Həm Azərbaycan üçün, həm də ATƏT üçün əhəmiyyətli hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.
O, qeyd edib ki, bu görüş ATƏT-Azərbaycan münasibətlərinin həm indiyə qədərki dövrünə, onun nəticələrinə, mənfi və müsbət mənada əldə olunmuş yekunlara qiymət vermək baxımından, həm də münasibətlərin bundan sonrakı perspektivlərini və istiqamətlərini müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir: "ATƏT ilə Azərbaycanın münasibətlərinin 30 ildən çox tarixi var. Azərbaycan ATƏT-in prinsiplərini müstəqillik əldə etdiyi ilk vaxtlardan qəbul etmiş və onunla əməkdaşlığı açıq və prinsiplərə uyğun aparan bir ölkə siyasəti nümayiş etdirmişdir. İndiyə qədərki münasibətlərimizdə pozitiv və məqbul nəticələr ilə bərabər çox təəssüf ki nə ATƏT-in özünün, nə də bizim qürur duya bilməyəcəyimiz məqamlar da var. Xüsusi ilə də ATƏT-in müəyyən strukturlarının Azərbaycan ilə münasibətlərdə gah fəaliyyətsiz davranması, gah da ziyanlı və qərəzli müxtəlif siyasi mərkəzlərin təsiri altında hərəkət etməsi kimi neqativ olan faktlar var. Bunlar tarixdə qalıb, amma silinməyib. Məsələn, Azərbaycanda insan haqları, demokratik proseslərin vəziyyəti, seçkilər ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun hesabatları ilə Azərbaycandakı reallıqların arasında biz dəfələrlə ziddiyyətləri görmüşük. Azərbaycanda siyasi və demokratik proseslər barədə ATƏT-in Demokratik Təsisatlar İnsitutunun hesabatlarında bəzi hallarda reallığa uyğun gəlməyən və qərəzli yanaşmalar olub. Sözsüz, bunlar Azərbaycanın və ATƏT strukturlarının münasibətlərində zaman-zaman soyuqluq və fasilələr yaradıb. Əlbəttə, ATƏT-in heç də bütün strukturları ilə Azərbaycanın münasibətlərində soyuqluq və sərinlik olduğundan danışmaq yersizdir".
Azərbaycanın ATƏT ilə münasibətlərindən danışan ekspert vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun Qarabağ probleminin həlli ilə əlaqədər 30 ildən artıq müddətdə fəaliyyətsiz, hətta bəzən ziyankar davranışları da bizim münasibətlərimizin tarixində fakt kimi qalır: "Əlbəttə, Azərbaycan bununla bağlı öz narahatlığını və narazılığını ifadə edib, bu narazılıqlar və narahatlıqlar ATƏT rəhbərliyi tərəfindən bəzən qəbul edilib, bəzən yox. Ancaq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ATƏT strukturlarından gözləntisi 30 il müddətində özünü doğrultmadı. Xüsusilə də Ermənistanın təcavüzkar ordusunun bizim ərazilərimizdə əsl işğal rejimi yaratması, ərazilərimizin florasını və faunasını, tarix mədəniyyət abidələrini məhv etməsi ilə bağlı faktaraşdırıcı missiya məsələsində Azərbaycanın çağırışlarının bir neçə dəfə cavabsız buraxılması da bizim yaddaşımızda yaşayan neqativ faktlardır".
Aydın Quliyev bildirib ki, münasibətlərimizin bundan sonrakı mərhələsi haqqında ancaq optimist fikirlər söyləmək mümkündür: "Azərbaycanın dövlət başçısı və bizim dövlətimiz ATƏT kimi beynəlxalq bir strukturla əməkdaşlığı sona qədər davam etdirmək iradəsindədir. İkincisi, inanırıq və gözdüyürük ki, ATƏT rəhbərliyi Azərbaycanla bundan sonrakı münasibətlərdə əvvəlki tarixi mərhələdə buraxılmış səhvlərdən və narahatlıq doğurmuş məqamlardan lazımi nəticələri çıxaracaq. Bu cəhətdən Azərbaycan Prezidenti ilə ATƏT-in Parlament Assambleya rəhbərinin görüşü umidvericidir, əhəmiyyətlidir və nəticə yönümlü hadisədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB