"Ermənistan üzərinə düşən öhdəliklərdən boyun qaçırır" - SƏDR DANIŞDI

"Ermənistan üzərinə düşən öhdəliklərdən boyun qaçırır" - SƏDR DANIŞDI

“Üçtərəfli bəyanatın imzalanmasından artıq üç ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də nəzərdə tutulan müddəaların reallaşması ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdədir. Bunlardan biri Azərbaycanın Qarabağ iqtisadi rayonunda hal-hazırda Rusiya sülhməramlı missiyasının fəaliyyət göstərdiyi ərazidə erməni silahlı qüvvələrinin dərhal çıxarılması tələbidir ki, yerinə yetirilməyib. Əksinə, biz görürük ki, Ermənistan hər il dövlət büdcəsindən həmin bölgəyə külli miqdarda vəsait ayrılır. Bu vəsaitin də böyük bir hissəsi orada qanunsuz silahlı qüvvələrin təminatına yönəldilir”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, digər tərəfdən də əldə olunan videogörüntülərdən aydın olur ki, Rusiya hərbçiləri sülhməramlı missiyasına tamamilə zidd olaraq həmin ərazidə mövcud olan qanunsuz hərbi birləşmələrin təminatında aktiv iştirak edir və onların mühafizəsini həyata keçirir: “Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz olan qeyri-qanuni silahlı birləşmələrin mövqelərində növbə dəyişməsini, eyni zamanda onlara silah, ərzaq və digər təminatların çatdırılması Rusiya hərbçilərinin müşayiəti ilə baş tutur. Bu da onu göstərir ki, Ermənistan və onun havadarları üzərindən üç il keçməsinə baxmayaraq münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atmaq niyyətində deyil. Ermənistan hakimiyyətinin apardığı taktika bundan ibarətdir ki, mümkün qədər vaxtı uzatsın və uyğun bir müddətdə üzərinə düşən öhdəlikləri öz boynundan atsın”.

A.Camal sözlərinə davam edərək bildirib ki, bu baxımdan hər hansı bir görüş ərəfəsində və ya görüşdən sonra Ermənistan tərəfi Azərbaycanla sərhəddə qanlı nəticələrə gətirib çıxaran insidentlər törədir: “Halbuki bu insidentlərlə Ermənistan hər hansı bir irəliləyiş əldə etmir. Sadəcə, hər iki tərəfdən itkilər olur. Bununla belə, Ermənistan hər dəfə təxribatlara əl atır. Təbii ki, məqsəd əldə olunan kövrək razılaşmaları bir qədər geriyə atmaq və zaman qazanmaqdan ibarətdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə