"Rusiya üçün əsas istiqamət kommunikasiyaların açılmasıdır" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Rusiya üçün əsas istiqamət kommunikasiyaların açılmasıdır" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü bir qayda olaraq daha yüksək səviyyəli görüşə hazırlıq xarakteri daşıyır. Bu baxımdan da xarici işlər nazirlərinin görüşlərində hansısa məsələnin həllini gözləmək qənaətimə görə doğru olmaz". Siyasi şərhçi Elçin Mirzəbəyli SİA-ya açıqlamasında belə bildirib.

O, qeyd edib ki, hazırda Rusiya və Ermənistan tərəfi may ayının 25-də Rusiya Prezdentinin iştirakıyla Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında daha bir görüşün keçiriləcəyi ilə bağlı məlumat yayıb: "Azərbaycan tərəfi hələ ki bu məlumatı təsdiqləmiyib, amma nəzərə alsaq ki xarici işlər nazirləri bu gün görüşürlər və bu prosesə hazırlıq xarakteri daşıyır, o zaman ayın 25-də Rusiya və Ermənistanın açıqladığı görüşün baş tutması mümkündür. İndiki şəraitdə biz məsələyə Rusiyanın yanaşmaları konteksindən münasibət bildirsək daha doğru olar”.

Şərhçi bildirib ki, bəlli olduğu kimi Sergey Lavrov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamalarında Vaşinqton və Brüssel prosesiylə bağlı bir o qədər də pozitiv fikirlər səsləndirilməyib: "Əksinə Ermənistanın ünvanına müəyyən ittihamlar irəli sürülüb ki, Ermənistan nəyin bahasına olur-olsun prosesi qərb platformasına daşımağa çalışır. Əslində biz Vaşinqton və Brüssel formatının bir-birinin davamı olduğunu nəzərə alsaq, ümumən qərb platforması deyiləndə həm Vaşinqtonda, həm Brüsseldə keçirilən görüşlərin nəzərdə tutulduğunu qəbul edə bilərik. Belə anlaşılır ki, Vaşinqton və Brüssel görüşlərində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə kompleks yanaşma indiki halda Moskvanın maraqlarını təmin etmir.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Rusiyanın Ermənistandaki hərbi-siyasi varlığının qorunmasıyla bağlı səsləndirdiyi fikirlər düşünürəm ki, bir sıra məqamlara aydınlıq gətirməyə imkan verir. Rusiyanın xarici işlər naziri bildirib ki, Ermənistanın qərbli tərəfdaşları onu inandırmağa çalışırlar ki, onlar Rusiyanın Ermənistandaki hərbi bazasını çıxarsalar Ermənistanın təhlükəsizliyini qərb təmin edə bilər. Rusiya bu məsələlərdən narahatdır. Belə anlaşılır ki, konkret situasiyada Rusiyanı maraqlandıran və narahat edən məqamlar, özünün Ermənistandaki və bütövlükdə bölgədəki hərbi-siyasi varlığını qoruyub saxlamaqdan ibarətdir. Rusiyanın bundan sonraki proseslərə də məhz bu konteksdən yanaşacağı ehtimal olunur. Bu baxımdan, Moskva görüşündə 10 noyabr bəyanatının istiqamətlərindən kənara çıxılmayacağı qənaətindəyəm, çünki Moskva mövcud geosiyasi dəyişikliklər fonunda çox ciddi irəliləyişlərin olmasını arzulamır. Bu irəliləyişlərə özünü hazır hiss etmir. Rusiya üçün əsas istiqamət kommunikasiyaların açılmasıdır və bu məsələnin daha çox diqqətdə olacağı qənaətindəyəm. Bir də sərhədlərin delimitasiya prosesi müzakirə oluna bilər. Ondan əlavə dünyada Rusiyanın anti-humanist davranışları barədə informasiya bumunun yaşandığı bir dövrdə həm Azərbaycanda, həm Ermənistanda saxlanılan şəxslərin dəyişdirilməsiylə bağlı addımların atılması üçün təşəbbüs göstərilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə