"Ermənistanın təxribatçı addımları bir daha göstərir ki, bu ölkənin sülhə hazırlığı yoxdur. Ümumiyyətlə, Ermənistanın siyasi qüvvələri, eləcə də hərbi sahəsində çalışan ixtiyar sahibləri çalışırlar ki, bölgədəki o kövrək sülhü belə dəfn etsinlər. Bunun ardınca da həm də özlərinin revanş planlarını həyata keçirsinlər. Ancaq bu proseslərin hamısının əsas səbəbi tək bunlar deyil. Yəni, Ermənistan istər-istəməz özünü qeyri-müstəqil və qeyri-suveren bir dövlət kimi nümayiş etdirir. Əgər bu belədirsə, onlar heç dövlət də deyillər, dövlətə bənzər bir qurumdurlar. Biz görürük ki, bütün bu proseslərin arxasında üçüncü qüvvələrin də iştirakı və əli var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, rəsmi səviyyədə görüşlər öncəsi ermənilərin ön xətdəki hərbi birləşmələri çalışırlar ki, Azərbaycan tərəfini təxribata təhrik etsinlər: "Daha sonra təxribatlar törədir və odlu silahlardan istifadə edirlər. Bir neçə dəfə olub ki, onlar hətta ağır çaplı silahlardan istifadə ediblər.
Son zamanlar da bu çox təhdid formasını almış bir ənənədir ki, onların bu təxribatları əsnasında itkilər vermiş oluruq. Düzdür, onlar bizdən artıq itki verirlər. Çünki bizim adətən cavab atəşimiz düşməni susdurur və onları bir məntiqlə də barışmağa vadar edir ki, biz əgər bir nəfəri şəhid verə biliriksə, onda siz bizdən daha çox itirəcəksiniz.
Ermənilər bunu anlamalıdırlar ki, biz onsuz da bunlara göz yummayacağıq. Bəli, burada aydın məsələdir ki, Fransa ilə yanaşı həm də Rusiyanın əli var. Ən pisi də budur. Çünki Rusiya özü də maraqlıdır ki, Qarabağ bölgəsində, onun ətrafında ümumilikdə Qafqazda Ermənistanla Azərbaycan arasında sabit münasibətlər formalaşmasın. Onların sülhməramlı adı altında ölkəmizə yerləşdirilmiş kontingenti əlbəttə Azərbaycanı tərk etmək istəmir. Bu hərbçilərin yox, Rusiya siyasətçilərinin istəyidir".
Tofiq Abbasov sözlərinə belə davam edib: "Beləliklə, görürük ki, üçüncü qüvvələr, o cümlədən Rusiyanın özü də maraqlı deyil ki bölgədə sabitlik olsun və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin heç olmasa ilkin variantı imzalansın.
Biz Ermənistanı həmişə xəbərdar etmişik, yenə də edirik ki, Dəmir yumruq heç yerə getməyib. Dəmir yumruq bölgədə var, mövcuddur və lazım gələrsə öz təsirini göstərəcək. Ona görə də yenə də onların itkiləri bizimkindən çox oldu. Bunu anlamalıdırlar ki, özgə atına minən tez düşər. Onlar başa düşməlidirlər ki, sülh onların özünə lazımdır. Onların əli ilə sülhü dağıdanlar ilk növbədə zəlil olmuş erməni xalqını daha da dərin quyuya salmış olurlar. Digər tərəfdən, o xalq özünə güvənə, özündə təpər, güc tapıb inkişaf yoluna çıxa, öz və milli mənliyini qoruya bilmir. Odur ki, Ermənistan istəmirsə-istəməsin.
Ermənistan gərək özü bilsin ki əgər o həqiqətən də dövlətə çevrilmək, suveren hüquqlarını özü reallaşdırmaq istəyirsə, gərək o qüvvələrin boynunda olan halqasını çıxartsın və Azərbaycanla mərd-mərdanə, üz-üzə baxa-baxa danışıq aparsın. Əgər mərdlikləri yoxdursa, deməli köhnə qaydada bu proseslər belə də gedəcək. Amma biz istənilən halda duruş gətirəcəyik. Tək ona görə yox ki bizim iqtisadi potensialımız güclüdür, yaxud bacarığımız var. Həm də ona görə ki, biz özümüzə həmişə güvənmişik. Bəli, müttəfiqlərimiz var. Ancaq əsas söz sahibi özümüzük".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB