İnsanların həyat tərzi seçimləri tamamilə onlardan asılıdır. Bu istiqamətdə ətrafımızda bir çox cinsi oriyentasiyaları görmək mümkündür. Nəticədə, bu qrupların adlarını qarışdırmaq olduqca normaldır. Bəs, mediada və ətrafımızda tez-tez eşitdiyimiz trans sözü tam olaraq nə deməkdir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Transgender termini bu vəziyyətdə olan insanları təsvir etmək üçün istifadə olunur. Həmçinin, translar da heteroseksual, gey, biseksual və s.olmaqla bölünür. Transın tərifinə bunlar daxildir: “Şəxslər açıq şəkildə kişi və ya qadın cinsiyyət rollarının ənənəvi təriflərinə uyğun gəlmir, lakin onlar arada qalıblar".

Transgender ingilis dilində insanlar üçün fərqli şeylər ifadə edə bilər. Məsələn, doğulanda qadın cinsi təyin edilən və kişi mənlik duyğusu olan bir şəxs transgender kimi təsnif edilə bilər. Yaxud doğulanda kişi təyin olunan və qadın mənlik duyğusu olan şəxs də trans insan kimi təsnif edilə bilər.

Transgender fərdlər özlərini kişi və ya qadın, hər ikisinin kombinasiyası və ya tamamilə başqa bir şey kimi təsvir edə bilərlər.

Kimə transgender deyilir?

Tarixi və tibbi baxımdan transgender termini insanın cinsi kimliyi və doğuş zamanı təyin olunan cinsiyyət arasındakı fərqi ifadə etmək üçün istifadə edilmişdir. Daha dəqiq desək, bu termin tez-tez insanın cinsi təcrübəsinə hormonlar və ya cərrahiyyə kimi tibbi dəyişikliklərin daxil olduğunu ifadə etmək üçün istifadə olunur ki, bu da onların anatomiyasını və görünüşünü onların cinsi kimliyinə daha yaxından uyğunlaşdırmağa kömək edir.

1965-ci ildə Kolumbiya Universitetinin psixiatrı Con F. Oliven “Seksual Gigiyena və Patologiya” adlı əsərinin ikinci nəşrində səhiyyə işçiləri üçün yazaraq, “Transseksualizm” bölməsində “trans+gender” mənasını verən sözdən istifadə etmişdi.

Transgender olmağın konkret səbəbi yoxdur. Bu xəstəlik və seçim deyil. O, insanın DNT-sində var. Bunun "crossdresser" termini ilə heç bir əlaqəsi yoxdur (qarşı cinsin paltarlarını geyinməyi sevən insanlar üçün nəzərdə tutulmuş termin) və onunla qarışdırmaq olmaz. Heteroseksual fərdlər doğuşdan heteroseksual olduqlarını hiss etdikləri kimi, transgenderlər də elədir.

Trans olmağın bir növ xəstəlik olduğuna dair mif uzun müddət yanlış anlaşılma və yanlış təsnifat tarixindən irəli gəlir. Transseksual olmağın bir xəstəlik olduğuna dair mifi təkzib etmək çətin idi, çünki bir çox trans insanlar keçmişdə psixi vəziyyət və ya pozğunluq diaqnozu əsasında cinsiyyətin təsdiqi üçün tibb mütəxəssislərinin dəstəyinə arxalanırdılar. Bu qismən həkimlərin səhv təsnifatı ilə bağlı idi, lakin eyni zamanda, statistika göstərdi ki, trans və gender fərqli insanlar daha çox danışacağımız depressiya, narahatlıq və intihar da daxil olmaqla, digər psixi sağlamlıq problemlərindən və simptomlarından daha yüksək nisbətdə əziyyət çəkirlər.

ABŞ-da bir trans qadın izləyicilərindən trans qadın olması ilə bağlı maraqlandıqları hər şeyi soruşduqda, o, 2000-dən çox sual aldı. Pensilvaniyadan olan 24 yaşlı Gwen, insanların sual vermələrini istədiyini paylaşdı.

Gwenin sual-cavabı belə olub:

Qadın olmaq istədiyinizi ilk nə vaxt anladınız?

Hormon terapiyası ilə cinsiyyətini dəyişən Qven 5 yaşında qadın olmaq arzusunda olmağa başlayıb. Yuxuda qadın olduğumu görəndə özümü çox xoşbəxt hiss edirdim. Amma bu mənə çox qəribə gəlirdi, çünki oğlana oxşayırdım və hamı mənə elə deyirdi. Beş-altı yaşımda özümü fərqli hiss etdiyimi başa düşdüm. Çox həyəcanlı idim! Qıza oxşamaq üçün tez ölmək istəyirdim. İntihara meylim yox idi, amma sanki əvvəllər bilmədiyim bir sirri öyrəndim.

Gwen cinsini dəyişdirməyə 22 yaşında başladı. 2 il sonra tanış olduğu bir çox insan onun kişi doğulduğunu anlaya bilmədi.

İnsanlar sizə fərqli yanaşırmı?

İki illik hormon terapiyasından sonra Gwen deyir ki, insanlar onun trans olduğunu dərk etmirlər.
“Kişi kimi özümü daha tənha hiss edirdim. İnsanlar mənə yaxşı davranırdı, lakin çox ünsiyyət qurmaq istəmirdilər. Məsələn, mən gecə evə gedəndə qadınların məndən qorxduğunu anlaya bilirdim. İndi mən yeriyəndə arxamda fit çalırlar və qadınların niyə belə hiss etdiyini başa düşürəm. Bir qadın olaraq daha çox diqqət çəkirsiniz və hər kəs sizin üçün təhlükə yarada bilər.

Gwenin diqqətini seksist ritorika da cəlb etdi: "Sən bunu özün yaşamayana qədər başa düşmürsən. "Qız olduğun üçün başa düşməzsən" kimi şərhlər çox eşidirəm. İnsanlara deyirəm ki, mən kişi kimi böyümüşəm və əslində çox şeyi başa düşürəm. Qadın kimi yaşamağın digər üstünlüyü başqa qadınların ona qarşı davranışlarının dəyişməsidir. Onlar ətrafımda daha rahatdırlar, saçımı, paltarımı və ya makiyajımı tərifləyirlər. Kişilər isə mənim üçün qapı açır və ya köməyə ehtiyacım olub olmadığını soruşurlar.

Hormon terapiyası ilə bədəni necə dəyişdi?

Gwen deyir ki, hormon terapiyası bədəndəki tükləri azaltmaqla yanaşı, sinə və döş nahiyəsində bədən yağını da yığır və əzələlərinin strukturu dəyişir. Ayağımın əzələlərindəki dəyişikliyə görə ayaqqabım 3 ölçü kiçildi, onurğa sütunumun əyriliyi dəyişdiyinə görə isə qısaldım. Bütün gücümü itirdim. Rəfiqələrim və ya bacımla keçirdiyim hər qol güləşində qalib gəlirdim. İndi yəqin ki, onlar məni döyəcəklər.

Qwenin sözlərinə görə, hormon terapiyası onun xarici görünüşündən narazı qaldığı "qəribə proses" olub: "Siz nə kişiyə, nə də qadına oxşayırsınız. Ona görə də insanlar sizinlə necə danışacağını bilmirlər. O zamanlar özümü süni hiss etdiyim üçün çox əziyyət çəkirdim. Çünki başqa qadınlara bənzəmirdim. Özümə deyirdim ki, bütün qadınlar eyni görünməməlidir".

Özünüzü ilk dəfə nə vaxt qadın hiss etdiniz?

Bir kişi ilə qatarda onun cinsi yaxınlığını görəndə həqiqətən özümü qadın kimi hiss etdim: "Bir saniyə dondum və yad birinin məni qadın görməsinə sevindim. Ancaq sonra bu diqqətə görə özümü çox iyrənc, narahat və günahkar hiss etdim".

Ailənizə və dostlarınıza bunu açıqlamaq necə hisdir?

Cinsi dəyişdirildikdən sonra əmilərindən biri onunla danışmaqdan imtina etsə də, Qven deyir ki, ailəsinin əksəriyyəti onu qəbul edir: "Anam mənim haqqımda çox şey öyrəndi. Ancaq indi biz daha yaxınıq və daha səmimi münasibətimiz var.

Əməliyyat olacaqsan?

Qven uşaq sahibi olduqdan sonra əməliyyat keçirməyi düşünür: "Sevgilim həmişə bədənim haqqında mənə yaxşı sözlər deyir. İndi özüm ola bildiyim üçün seksdən daha çox həzz alıram.
"İndi çox daha xoşdur və bütün bədənimdə təsirini hiss edirəm. Penisimdən istifadə edə bilirəm, amma istifadə etməməyi üstün tuturam".

Gwen deyir ki, gələcəkdə əməliyyat olunmağı düşünür: "Sevgilimlə qalmağa qərar versək, uşaq sahibi olmaq istəyirik. Ona görə də hər şey indi olduğu kimi qalmalıdır. Uşaqlarımız olandan sonra əməliyyat etdirməyi düşünürəm. Hələ əməliyyat etdirməməyimin yeganə səbəbi budur, əks halda penisimə nifrət edirəm".

İnsanların sizin haqqınızda nə bilməsini istərdiniz?

"Mən də hamı kimi insanam. İnsanlar transların yanında çox diqqətli olmağa çalışırlar və bu, onların bizim haqqımızda birşey öyrənməsinə mane olur. Amma trans insanla dost olmağın normal dostluqdan heç bir fərqi yoxdur. Həyata fərqli baxış bucağına sahib olmaq çox gözəldir. Məni mən edən hər şeyi sevirəm, dəyişmək istədiyim tək şey bədənim idi. İndi bədənim obrazıma uyğun gəldiyi üçün mən də xoşbəxtəm".

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə: "Trans özünə təyin etdiyi genderlə ona təyin olunan genderi fərqli olan insanlar üçün istifadə olunan ifadədir. Yəni, daxili aləmi fiziki və cinsi ilə uyğun gəlmir.

Translar cinsi inkişafın kimlik hissəsində problem yaşayırlar. Belə demək olar ki, beyin olaraq qız doğulur, amma bədən olaraq kişi olur. Bu əksinə də ola bilər. Əksər hallarda bununla mübarizə aparır və öz cinsi orqanını belə görmək istəmirlər. Həmin insanlar çalışır ki, bacardığı qədər cinsi orqanını dəyişsin. Lakin bütün translar tibbi əməliyyatlar keçirmək istəmir və buna görə də məcbur deyillər. Şəxs özünü görünüşündən asılı olmayaraq qarşı cins olaraq görür və trans adlandırırsa, artıq o belə qəbul olunmalıdır.

Əslində, cəmiyyətdə cərrahi əməliyyat keçirməyən kifayət qədər trans vardır ki, biz onları qeyri-translardan ayıra bilmirik və ayırmağa da çalışmamalıyıq. Bir transı başa dşümək üçün qısa bir misal: Bir anlıq təəsvvür edin ki, səhər yuxudan oyanmısınız və cinsiniz dəyişib. Amma beyniniz elə əvvəlki halı ilə qalıb. Nə qədər də narahatedici hal kimi göstərir.

Təbii ki, hamı cinsini dəyişə bilməz. İlk növbədə psixoloji yardım alınmalıdır. Buna psixiatr, klinik psixoloq və psixoterapevt buna rəy verməlidir. Bunu da kurs keçib özünü psixaterapevt adlandıranlar edə bilməz. Çünki bu çox ciddi məsələ olmaqla yanaşı, bir insanın həyatına düzgün rəy verməkdir.

Bütün translar hormon terapiyası və adaptasiya əməliyyatlarına ehtiyac duymur. Translar üçün “qarşı cinsdə hiss etmək” ifadəsini istifadə etmək yanlışdır. Ümumiyyətlə, transları təyin etməyə imkan verən xüsusi kriteriyalar yoxdur. Bir şəxsin trans olub-olmadığını yalnız özü təyin edir və şəxs bəyan etmədiyi müddətcə başqası bunu təyin edib-etməmək iqtidarında deyil. Lakin trans keçidi adlandırılan prosesə keçid etməmişdən qabaq müayinə və psixoterapiyadan sonra rəy verirlər ki, bəli bu insan psixi cəhətdən sağlamdır və cinsini hormon terapiyasına, cinsini dəyişməyə hazırlaşa bilər.

Cins dəyişimi cinsi orqan dəyişilməsi ilə sayılır. Sinə əməliyatı etməklə bir oğlan artıq cinsini dəyişmiş hesab olunmur. Amma digər insanlar ilə heç bir fərqi yoxdur. Normal sağlam insan kimi həyatını davam edə bilər.

Transların əsas problemləri bu olur ki, onlar zahiri və fiziki cəhətdən istəmədikləri cinsdə doğulublar. Əməliyyatdan sonra isə istədikləri cinsi əldə etmək üçün məsələni bəzən çox abarta bilirlər. Bir trans standart bir qadından daha çox bəzənə və daha çox naz edə bilər. Bəzən bir çox qadın xüsusiyətlərində translar standart qadınları keçir. Qadınlar elə qadın olduqları üçün çox da bu barədə düşünmürlər. Məsələn, qızdan oğlana keçid edən translarda həmin hallarla rastlaşa bilirik. Onlar özlərini bir kişidən daha çox maço və erkək sayağı aparmaq istəyir. Bunun əslində psixososial tərəfinə baxsaq cəmiyyətdə qəbullanmaq hissini görə bilərik, çünki əksər cəmiyyətlər daha maskülen kişilərə əsl kişi, daha feminen qadınlara əsl qadın kimi baxdıqları üçün bu da translarda aşırı maskülenlik və feminenliye yönəlmə kimi özünü göstərə bilir. Lakin hər maskülən və ya feminən transı da bu damğa ilə damğalaya bilmərik.

Transeksualları aşağıda saydığım insanlardan ayırmaq lazımdır:

Transvestitlərdən: Öz cinsində qalır, amma öz əks cinsinin paltar və bəzək əşyalarından istifadə edir. Eyni halda da öz cinsi və cinsi orqanı ilə də problemi yoxdur.

Qeyri-binar: Qeyri-binar gender və ya genderqueer, yalnız kişi və ya qadın olmayan, ikili cinsdən kənar kimi müəyyən edilən gender kimliklərinin spektridir.Qeyri-binar şəxsiyyətlər transseksual çətirin altına düşə bilər, çünki bir çox qeyri-binar insanlar öz qəbul etdikləri cinsindən fərqli bir cinslə eyniləşirlər. Qeyri-binar üçün başqa bir termin enbydir.

Bir şəxsin özünü trans kimi adlandırmazdan əvvəl psixoloqa müraciət etməsi məsləhət görülür. Çünki bəzən psixoloji problemlərin nəticəsi olaraq şəxs trans olmadığı halda özünü trans kimi adlandıra bilir.

Psixoloji yardim almadan əməliyyat edib cinsini dəyişənlərdə intihar riski çox yüksəkdir. Transeksual fərdə xəstə insan kimi baxmaq düzgün deyil. Əksinə gərək cəmiyyət bu cür insanları anlasın ve başa düşsün ki, onlar da həyatlarında çətinlik çəkməsin və normal sosial fəaliyyət və sosial həyatları olsun.

Son olaraq isə demək isdəyirəm ki, insanlar bu tip həssas məsələlər barəsində mövqe müəyyən etməmişdən öncə bu məsələlərlə bağlı araşdırma edib məsələni anlasınlar və daha sonra fikir bildirsinlər. Çünki sizə görə adi gələn nifrət nitqləriniz bu şəxslərin həyatı üçün risk faktorunu daha da artırır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə