Brüssel görüşündən Azərbaycan özü üçün daha bir üstünlük əldə etdi. Bu platformanın təşkilatçıları da, maraqlı tərəflər də bir daha əmin oldular ki, Azərbaycanın mövqeyi qətidir və Qarabağ ətrafında kənar qüvvələrin mübahisə aparması, hansısa dialoqun təşkil edilməsi, yaxud son anda ermənilərə hansısa statusun verilməsindən söhbət gedə bilməz. Bunun üçün heç bir hüquqi baza yoxdur. Ermənilərin müstəqillik iddiaları isə yalnız separatçılıqdır. Ölkənin qanunlarını tanımayan, onun suveren hüquqlarına sayqısızlıq göstərən, xəritəsində hansısa düzəlişlər edilməsinə cəhd göstərən kim olursa olsun layiqli cavabını alacaq. Azərbaycan tərəfi bütün görüşlərdə bütün dünyanın qəbul etdiyi beynəlxalq hüquq və prinsipləri əlində tutaraq münasibətlərin normallaşmasına, bölgəyə sülhün gətirilməsinə çalışıb. Brüssel görüşündə də Azərbaycanın arsenalında olan faktorlar masaya qoyulmuşdu. Ya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməldə tanıyacaq, ya da Bakının sonsuza qədər İrəvanla çək-çevir aparmaq kimi səbri yoxdur. Yəni, sülh Ermənistana lazım deyilsə, bizə də lazım deyil.

Amma məsələnin aydın olan bir tərəfi də var. Azərbaycan öz suveren ərazilərindən Ermənistan ordusunun çıxması üçün düz 28 il gözləməli oldu. Beynəlxalq güclər, üç həmsədrin – Fransa, Rusiya və ABŞ-ın ifasında rollarını lazımi şəkildə oynaya, ermənilərə “dur” deyə bilmədilər. Hər kəs üçün, hər ölkə üçün keçərli olan ərazi bütövlüyü məsələsi nədənsə üç supergüc tərəfindən qulaqardına vuruldu. Niyə? Nəyə görə dünyanın güc mərkəzləri öz imiclərini, yaxud özləri tərəfindən qəbul olunmuş monolit qanunu ermənilərə görə ayaqlar altına atdılar? Başa düşülən deyil. Bəs nəticə nə oldu, Ermənistanı “yola gətirmək” üçün daha nə etmək lazım idi? Bu sualın cavabını da Azərbaycan tapdı. Ermənistanın işğala son qoyması üçün ona qarşı atılan son addımı reallaşdırdı. 2020-ci ildə, payızın ilk həftəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi əməliyyatına start verildi. Cəmi 44 günə erməni qoşunları şərti sərhədin o tayına qovuldu. Əslində Azərbaycan silahlı qüvvələri Ermənistan ordusu kimi hərəkət etsəydi, insanları yurd-yuvasından qovmaq, öldürmək, əsir götürmək, işgəncə vermək, evləri talamaq, dağıtmaq, vandallıq etmək, etnik təmizləmə həyata keçirmək kimi niyyətdə olsaydı cəmi bir həftəyə hərbi əməliyyatı sonlandıra bilərdi. Amma hədəfdə hərbi obyektlər idi.
Nəhayət, Azərbaycan beynəlxalq güclərin sülh yolu ilə etməli olduqlarını onların əvəzindən hərbi yolla həll etməli oldu, niyə, çünki çıxış yolu qalmamışdı. Bu gün də Ermənistan məğlub ölkə olaraq sülh imzalamaq, sülhə əməl etmək kimi niyyət ortaya qoymur. Prosesi uzadır, şansını əldən verir. Əslində sülh prosesi təkcə Azərbaycan, yaxud Ermənistan üçün yox, bütün bölgə üçün dövriyyədədir və Bakı buna çalışır. Hər kəsin bildiyi bir məsələ də var ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının alternativi yoxdur. Bunu Ermənistanda da, Rusiya və Vaşinqtonda da bilirlər. Belə olan təqdirdə danışıqların bu qədər uzanmasının yalnız bir səbəbi var, o da İrəvanın müstəqil siyasət yürütmək iqtidarında olmamasıdır. Ermənistan hələ də maşa rolunu oynamaqdadır. Halbuki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Danışıqların bütün predmeti Azərbaycan əraziləridir. Ermənistan əgər güzəştdən söhbət edirsə bunu Azərbaycan torpaqları üzərindən etməyə çalışır. Əslində bu güzəşt yox, işğalın sona çatdırılmasıdır. Və yalnız bundan sonra iki ölkə arasında sülh müqaviləsi bağlana bilər. İrəvan isə Azərbaycanın halal, suveren əraziləri üzərindən bazarlıq etmək istəyir. Bu da mümkün deyil.
Azərbaycanın güzəştə getməsindən söhbət gedə bilməz, yalnız suveren ərazilərimizdə ölkəmizin bütün qanunları tam olaraq bərpa ediləndən, hazırda Ermənistanın işğalı altında olan kəndlərimiz geri qaytarılandan, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəqliyyat əlaqəsi yaradılandan və İrəvanla sülh müqaviləsi imzalanandan sonra bölgəyə sülhün gələcəyini deyə bilərik.
.jpg)
Ermənistan və Azərbaycan liderləri arasında keçirilmiş görüşdən sonra ermənilərin ölmüş ümidləri bir az da dərinə düşüb. İlk reaksiya da Xankəndidə və ətraf bölgələrdə hələ də qalan tör-töküntü erməni separatçılarından gəlib. Brüssel formatında sayca beşinci görüşdə Azərbaycanın üstünlüyünün bir daha təsdiqi onları küçələrə töküb. 30 il ərzində dünyaya müstəqillik nağılı danışan ermənilər özlərini təsdiq edə, yaxud dünyaya tanıda bilməyiblərsə, bu gün onların haray-həşirlərinin heç bir əhəmiyyəti olmayacaq.
Brüssel görüşü Ermənistanla Azərbaycan arasında normallaşma baxımından faydalı hesab edilir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa platformasında etiraf etməli oldu. Bu görüşdə də rəsmi Bakının prinsipial mövqeyi bir daha qarşı tərəfin diqqətinə çatdırıldı. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bir daha tanıması müstəsna əhəmiyyətlidir. Buna baxmayaraq kənar təzyiqlər İrəvana təsir etməkdədir. Danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, işğal altındakı kəndlərin geri qaytarılmasının vacib olduğunu, sərhəd bölgəsində təhlükəsiz mühitin yaradılmasını, demarkasiya prosesinin tezliklə həyata keçirilməsinietiraf edən və buna çalışdığı görüntüsü yaradan Ermənistan başqa platforma və yaxud tədbirlərdə fərqli yanaşma və fikirlər ortaya qoyurlar. Bu da qeyri-ciddilikdən xəbər verir. Bu dəfəki görüşün ən vacib tərəflərindən biri də Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini təsdiqləyir. Görüşdə Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır”.
Brüssel görüşü Qərbdə Bakının gündəliyinin, xüsusilə Qarabağla bağlı mövqeyinin möhkəmlənməsi baxımdan əhəmiyyətli oldu və Şarl Mişelin yekun bəyanatı göstərdi ki, Əliyev buna nail ola bilib. Bəyanatda bunu təsdiq edən iki məqam var. Açıq mətnlə qeyd olunub ki, tərəflər qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına sadiqliyi təsdiq ediblər. Qarabağ məsələsi yalnız ərazidəki erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması, onlarla təmasların qurulması çərçivəsində müzakirə olunub. Məqalə çapa hazırlanarkən Qarabağdan əldə etdiyimiz xəbər bu idi ki, separatçılar arasında əsl didişmə başlayıb. Arayiklə Rubenin davasına peşəkar döyüşçü olan Samvel Babayan da şərik çıxıb. Bu dəqiqələrdə keçirilən mitinqdə hakimiyyətin bölüşdürülməsinə start verilib. Daha doğrusu Babayan Paşinyanın adamı olaraq Arayikin “hakimiyyətdən” getməsini istəyir. Erməni mətbuatı yazır ki, linc olunmaqdan qorxan Arayik bu barədə düşünəcəyini bildirib. Çünki, Babayana qarşı qoyacağı resurs da artıq yoxdur. Yol bağlı, ehtiyat yox, sülhməramlılardan da haray yox, çıxış yolu aradan çıxmaqdır. Amma necə?
Maraqlı məsələ bir də odur ki, hələ də Paris və Moskva Qarabağ məsələsinə fokuslanmaqda davam edirlər. Onların fərqli yanaşmaları da ara-sıra dərc olunur. Ümumi fikir budur ki, Ermənistanın şifahi olsa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu “Alma-Ata Bəyannaməsi”nə sadiqliklə ifadə edir, amma rusların planlarını neytrallaşdırılmaqda hələ də çətinlik çəkir. Brüssel görüşünün ən diqqətçəkən məqamı da tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunun bəyan etmələridir.

“Alma-Ata Bəyannaməsi”ndə Ermənistanın ərazisi 29,800 kvadrat kilometr, Azərbaycanın isə 86,600 kvadrat kilometrlik ərazisi təsbit olunub. Prinsip etibarilə rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət edir və tanıyır. Eyni qaydada Azərbaycan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə zidd heç nə etməyib. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu Bəyannaməni pozan tərəfdir. İndiki məqamda rəsmi Bakının bəyannaməni qəbul edib Ermənistanın ərazi bütövlüyünü tanıması simvolikdir. Lakin Ermənistanın məhz Brüsseldə bunu qəbul etməsi vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf edib.
Görüşün diqqətçəkən məqamlarından digəri də şübhəsiz Zəngəzur dəhlizi ilə bağlıdır. Şarl Mişel görüş zamanı tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olduğunu qeyd edib. Deyib ki, bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.
Bəli, ortada istinad edəcəyimiz iki bəyannamə var, biri Alma-Atı, biri də Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış sənədlər. Sənədlərdən biri Azərbaycanın SSRİ-nin dağılması ərəfəsində malik olduğu sərhədlər barədədir, ikinci sənəd isə Ermənistanın işğalçılıq əməllərinin məntiqi sonluğunu gətirən bəyannamədir. Bu sənədə həm də İrəvanın kapiyulyasiya aktı da deyirlər. Üçtərəfli Bəyanatın bir bəndində Zəngəzur dəhlizi barədə maddə var. Onu həyata keçirmək də hələlik danışıqlar predmetidir. Nəzərə alsaq ki, ermənilər yalnız zor dilində anlamağa öyrəniblər, onda Zəngəzur dəhlizinin açılmasına sayılı günlər qalır ki...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB