"Ermənistanın təxribatları törətməkdə bir neçə məqsədi var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“May ayının 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Hesab edirəm ki, bu görüş zamanı Azərbaycanın bugünə qədərki haqlı tələblərinə uyğun bir sıra nəticələr əldə olundu. Birincisi, nəhayət ki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü konkret çərçivə daxilində tanıdığını bəyan etdi. İkincisi, Ermənistan və onun havadarı Fransanın ciddi təkidlərinə baxmayaraq bu görüşdə Fransa tərəfi iştirak etmədi. Çünki Azərbaycan Brüssel formatına hər zaman Şarl Mişelin dəstəyi ilə iki lider arasında görüş kimi baxıb və bu formatın dəyişdirilməsi əleyhinə olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, Fransa Ermənistanın əli ilə dəfələrlə cəhd edərək bu format çərçivəsində özünün vasitəçi rolunu təmin etməyə, daha sonra isə Ermənistanın maraqları istiqamətində çıxış etməyə çalışıb: “Üçüncüsü, bu görüşün ən mühüm nəticələrindən biri Brüssel formatı çərçivəsində Ermənistan liderinin də iştirak edəcəyi iyul ayında növbəti görüşün keçirilməsi ilə bağlı razılıqdır. Çünki Ermənistan tərəfi növbəti dəfə Fransanın iştirak etmədiyi görüşdən imtina etməyə çalışırdı. Amma Şarl Mişelin bəyanatında növbəti görüş barədə razılıq əldə olunduğu qeyd olundu. Düşünürəm ki, ən vacib məqamlardan biri həm görüş ərəfəsində, həm də görüş zamanı Ermənistan-Azərbaycan sərhədində təxribatların törədilməsi məsələsidir”.
Politoloq sözlərinə davam edərək bildirib ki, Ermənistanın Fransanın təkidi ilə bu təxribatları törətməkdə bir neçə məqsədi var: “Bunlardan biri Ermənistan tərəfinin məhz Fransanın dəstəyi ilə Azərbaycanla olan gündəliyi dəyişməyə cəhdləridir. İkinci hədəf isə Nikol Paşinyanın hiyləgər davranışı ilə bağlıdır. Ermənistan tərəf Azərbaycana, həmçinin qlobal güclərə qarşı Paşinyanın birbaşa razılığı ilə təxribatlar nümayiş etdirməklə baş nazirin sözünün ölkədə mütləq əksəriyyət üçün qəbuledilən olmadığını göstərmək istəyir. Eyni zamanda, görüş zamanı Paşinyanın Ermənistana qayıtdıqda cəmiyyətə qəbul etdirmək üçün razılaşmalarda müəyyən güzəştlər istəyib. Hesab edirəm ki, bu növbəti Paşinyan hiyləgərliyidir. Bunu da Azərbaycan tərəfi çox yaxşı anladığı üçün belə təxribatların arxasında birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin dayandığını hər zaman bəyan edib. Belə təxribatlara həmişə qətiyyətli cavab vermək iradəsində olduğumuzu sübut etmişik. Ona görə düşünürəm ki, 14 may görüşləri kifayət qədər məhsuldar və uğurlu oldu. Təbii ki, Fransa, İran kimi dövlətlərin proseslərə müdaxiləsini minimallaşdırmağı bacarsaq, bundan sonra Ermənistan tərəfinin daha real addımlarının şahidi ola biləcəyik. Ermənistan sərhəddə təxribatlar törətməklə bölgədə sülh istəyən beynəlxalq güclərə müharibə təhlükəsinin hələ də var olduğunu göstərməyə çalışır. Amma bu da erməni hiyləgərliyindən irəli gələn bir prosesdir. Beynəlxalq güclər də çox gözəl anlayır ki, bölgədə müharibə perspektivi mövcud deyil. Müharibə iki tərəf arasında aparıla bilər. Ermənistan isə Azərbaycanla müharibə apara biləcək tərəf deyil. Ermənistan ordusu onsuzda darmadağın edilib. Belə bir ordunun yenidənqurulma prosesi illərlə vaxt ala bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB