"Xarıbülbül" festivalı Azərbaycan Prezidentinin mesajı oldu - DEPUTAT ŞƏRH ETDİ

"Xarıbülbül" festivalı Azərbaycan Prezidentinin mesajı oldu - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın şərəf tarixində zirvə olmuş Şuşada “Xarıbülbül” festivalı keçirildi. Üç gün davam edən bu festival yalnız türk-müsəlman dünyasını bir araya gətirmədi, həmçinin Azərbaycanın dövlət başçısının da mesajı oldu. Bu mesaj ondan ibarət idi ki, Azərbaycan demokratik bir dövlət, xalqımız da çox sülhsevərdir. Bizim heç bir dövlətin torpağında gözü yoxdur. Eyni zamanda, Azərbaycan icazə verməz ki, kimsə onun torpağını işğal etsin və bu da uzun illər davam etsin”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyanın demokratik dövlətlərindən uzun illər boyu bu münaqişəni sülh yolu ilə həll etmək üçün kömək istədi: “Hətta dünyanın nüfuzlu dövlətləri də ATƏT-in Minsk Qrupunu yaratdı. Amma uzun illər ATƏT-in Minsk Qrupu bu problemi çözmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək əvəzinə işğal edənlə işğala məruz qalan arasında fərq qoymadı. Bəzən işğal edənə haqq da qazandırdı. Azərbaycanın dövlət başçısı Şuşa şəhərində bu mesajı verməklə bir daha bəyan etdi ki, bir xalq olaraq biz işğalı, əsarəti qəbul etmədik, bir milyon qaçqın və köçkünün həyatına biganə qala bilməzdik”.

Deputat sözlərinə davam edərək bildirib ki, sonda BMT TŞ-nın qətnamələrində qeyd olunduğu kimi bu problemi dünyanın nüfuzlu təşkilatları həll etməli idi: “Çox təəssüf ki, onlar bunu həll etmədilər. Bu halda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün hər şeyi etdi. Azərbaycanın dövlət başçısının tarixə Türkiyə Cümhuriyyəti ilə birgə 2021-ci ilin iyunun 15-də Şuşa bəyannaməsini imzalamaqla bir daha dünyaya bəyan etdi ki, bu dövlət öz torpağının sahibidir və Ermənistanla belə sülh şəraitində yaşamağa hazırdır. Azərbaycan tərəfi Ermənistan tərəfinə 5 müddəadan ibarət öz şərtlərini göndərdi. Təəssüf ki, Ermənistan hər dəfə bir bəhanə gətirməklə genetikasında olan naxələfliyi, xislətini büruzə verir. Amma dövlət başçımız İlham Əliyev də tarixi fikrini söylədi. Biz sülh istəyirik. Əgər Ermənistan bunu istəmirsə, itirən Azərbaycan olmaz. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu mənada Azərbaycan Prezidentinin Şuşadakı çıxışı qalib dövlətin bəyanatı idi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir və onun qəbul etdiyi qərarlar dünya üzrə dəstəklənir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə