"Hər iki tərəf müharibənin öz ssenariləri üzrə başa çatmasını istəyir" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

"Hər iki tərəf müharibənin öz ssenariləri üzrə başa çatmasını istəyir" - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“Ukraynada müharibənin nə vaxt bitəcəyi məlum olmasa da, bəlli olan odur ki, bu münaqişə hələ bir müddət də davam edəcək. Çünki dünyada Ukraynada bu müharibənin sona çatmasını istəyən qüvvələrin gücü kifayət qədər deyil”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu münaqişənin bir tərəfində ABŞ, NATO, Avropa, digər tərəfdə isə Rusiya özünün məhdud sayda müttəfiqləri ilə birgə üz-üzə durub: “Əslində, XX və XXI əsrin birinci yarısı üçün mürəkkəb geosiyasi maraqların ən kəskin qarşıdurma anını görürük. Ona görə də bu müharibənin asanlıqla başa çatacağını düşünmək tezdir. Məsələ burasındadır ki, qarşı gələn tərəflərin hər ikisi maksimalist mövqedədir. Müharibənin tezliklə başa çatması onlar üçün prioritet məsələ deyil. Onlar üçün əsas məsələ öncədən qarşılarına qoyduqları hədəfə çatmaqdır. NATO və Rusiyanın hədəfləri isə bir-birindən kəskin şəkildə fərqlənir. Hər ikisi Ukraynada müharibənin öz yazdıqları ssnerai üzrə başa çatmasına doğru irəliləyir”.

A.Quliyev sözlərinə davam edərək bildirib ki, tərəflərin potensialları da bir-birindən fərqlidir: “Rusiyanın resursları tükənəndir. Onun mövcud resursları ilə hədəfləri arasında uyğunsuzluq var. Amma nəzərə alsaq ki, Qərb, NATO və ABŞ daha böyük potensiala malikdir, onların bu müharibədə öz məqsədlərinə çatması ehtimalı daha çoxdur.

Bəllidir ki, Rusiya Ukrayna hakimiyyətini idarə olunacaq bir səviyyəyə çatdırmağı, siyasi hakimiyyəti özünə tabe etmək istəyir. Bunun əksinə, Qərb dövlətləri isə Ukraynanı özlərinin bir parçası kimi görmək istəyir. Ona görə də tərəflər müharibənin tez başa çatmasında maraqlı deyillər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə