"ABŞ Konqresinə erməni diasporunun çox güclü təsiri var" - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ Konqresinə erməni diasporunun çox güclü təsiri var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, SSRİ dağılanda Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra ABŞ Konqresi Azərbaycana qarşı azadlığa dəstək aktına 907-ci əlavəni etdilər. Bu əlavə ABŞ Konqresində erməni lobbisinin təsiri altında reallaşmışdı. Çox şükürlər olsun ki, sonrakı dövrlərdə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətinə gəldikdən sonra dünyanın ən böyük güc mərkəzlərindən biri olan ABŞ-la yeni bir mərhələ başlandı. Bu münasibətlərin yaxşılaşması yolunda atılan addımlar öz bəhrəsini verdi və getdikcə ABŞ-la Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq həddinə gəlib çatdı". Bu sözləri SİA-ya açıqlamasında "Azadlıq" Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla ABŞ münasibətləri bu baxımdan təqdirəlayiqdir: "Lakin ümumilikdə bu bir həqiqətdir ki, ABŞ-ın Konqresinə erməni diasporunun çox güclü təsiri var. Erməni diasporunun təsiri altında olan konqres üzvləri zaman-zaman Azərbaycana qarşı bəyanatlarla çıxış edir və müxtəlif fikirlər səsləndirir. Onlar Azərbaycana qarşı açıq qərəzlərini nümayiş etdirirlər.

Mənə elə gəlir ki, bütün bunlara baxmayaraq Azərbaycan ABŞ-la münasibətlərini həmişə qoruyub saxlamalıdır. Heç kəsə sirr deyil ki, xüsusilə son aylarda İranın Azərbaycana qarşı tutduğu mövqeyi ilə bağlı ABŞ ortaya birmənalı mövqe qoydu. ABŞ-da gedən siyasəti izləyən hamı bilir ki, ABŞ diplomatiyasını o qədər dəqiqliklə idarə edir ki, hər hansı deyilən bir kəlimə gələcəkdə də onun üçün qanun səviyyəsində olur. Necə ki Azərbaycan Prezidenti dediyi hər bir sözə həmişə əməl edən bir başçı kimi bütün dünyada tanınırsa, Amerikanın ümumi siyasətində də bu belədir ki, bir məsələdə mövqe ortaya qoyulduqda o mövqeni çox nadir hallarda dəyişirlər. İranla bağlı məsələlərdə də ABŞ-ın Azərbaycanın yanında olduğunu rəsmən bəyan etməsi bu ABŞ-ın Azərbaycana münasibətinin bu gün də kifayət qədər təqdiredici olduğunu deməyə əsas verir. Həm də ABŞ-ın və onunla bərabər Qərb dünyası ilə Azərbaycan münasibətlərini ona görə genişləndirməyə məhkumdur ki, bizim həm şimalda, həm də cənubda Azərbaycanın müstəqilliyini və inkişafını gözü götürməyən ölkələrdir.

Baxmayaraq ki, bu gün şimal qonşumuzun başında duran şəxslə Azərbaycan Prezidentinin şəxsi münasibətləri diplomatiyaya da öz təsirini verir. Amma bu o demək deyil ki, həmişə Rusiya bu cür olacaq. Sabah Rusiyaya başqa bir prezident gələ bilər və o şəxsi münasibətlərə deyil, başqa məsələlərdən, Rusiyanın imperiya maraqlarından yanaşa bilər. Bu da Azərbaycana xeyir gətirməz.

Cənub qonşumuzun da mövqeyi aydındır. İran qüdrətli Azərbaycan dövlətinin olmasını arzulamır və buna mane olmaq üçün çalışır. Bütün bu qarşıdurmalar arasında olan Azərbaycana bu gün qardaş Türkiyə ilə yanaşı, həm də ABŞ və Qərb dünyası kimi ölkələrin ən azı bitərəf ölkə kimi mövqeyinə nail olmağımız lazımdır. Bu baxmdan mən bu münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarıyam.

Ən nəhayətində bu gün Rusiya da, Avropa da dəvət etdi. Amma həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyi məhs Vaşinqtonu seçdilər. Bu gün orada danışıqlar gedir. Ümidvaram ki, bu danışıqlardan nəticə əldə olunacaq. Ən azı sülh müqaviləsi üzərində konstruktiv işləmək haqqında konkret razılıq əldə olunacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə