Paytaxt sakinləri Türkiyədəki seçkilərdə kimi namizəd görür? - SORĞU
Yaxın zamanlarda qardaş Türkiyədə birinci turu 14 mayda keçiriləcək olan prezident seçkiləri başlayacaq. İkinci tur isə həmin ayın 28-nə planlaşdırılır. Sözügedən seçkiyə dörd prezident namizədi qatılacaq. Belə ki AK Partiyadan Rəcəb Tayyib Ərdoğan, CHP-dən Kamal Kılınçdaroğlu, Məmləkət Partiyasından Məhərrəm İncə, ATAİttifaqından Sinan Oğan namizədliyini irəli sürüb. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Gəlin görək, onlar Türkiyədə keçiriləcək seçkilərdə kimi namizəd görürlər?

Paytaxt sakini Pənah Vəliyev: "Tanıdığım namizədlərin arasında mənə ən uyğun namizəd Rəcəb Tayyib Ərdoğandır. Ümumilikdə onun dövlət siyasətini çox müsbət dəyərləndirirəm. Bununla yanaşı bizim xalqa, prezidentimizə olan isti münasibəti başqa heç kimdə yoxdur".

Paytaxt sakini Eynulla Feyzullayev: "Düşünürəm ki, Ərdoğan seçilməlidir. Onun adı gələndə bütün dünya silkələnir. Onun istər daxili, istər xarici siyasəti bir çox dünya lideri üçün bənzərsiz bir nümunədir. Hər hansı bir təcrübəsiz namizədin seçilməsindənsə,Türkiyəni bütün dünyaya tanıdan liderlərdən biri olan Ərdoğanın seçilməsinin tərəfdaşıyam".

Paytaxt sakini Rəna Əliyeva: "Düşünürəm ki, qardaş Türkiyə xalqı kimə səs verəcəyini çox gözəl bilir. Açıq danışmalıyamsa Türkiyədə yaşamadığım üçün dəqiq bir fikir sahibi ola bilmirəm. Lakin Ərdoğanın istər siyasi, istər mənəvi sferada bizə dəstək olması onu digər namizədlərdən üstün edir".

Paytaxt sakini Mehrac Əmənzadə: "Əslində siyasətlə çox da maraqlanmıram. Lakin sosial şəbəkələrdən gördüyüm qədəri ilə Məhərrəm İncə mənə daha uğurlu namizəd kimi gəlir. Hazırki prezident Ərdoğana qaldıqda isə istər xarici, istərsə də daxili siyasəti çox uğurludur. Bu qədər zamandır Türkiyəni ayaq üstə tutur, ərazi bütövlüyünü qoruyur. Ancaq nədənsə mənə Məhərrəm İncə daha yaxın gəlir".

Paytaxt sakini Roza Hümmətova: "Mən Türkiyənin gələcəyi üçün ən yaxşı namizədi Ərdoğan hesab edirəm. Onun siyasi kimliyindən əlavə, insani xüsusiyyətləri çox xoşuma gəlir. Xarakterini çox müsbət dəyərləndirirəm. Ümumiyyətlə, Türkiyə deyəndə mənim ilkin olaraq ağlıma Ərdoğan gəlir. Bizim Prezidentimiz bu yaxınlarda "Teknofest"də çıxış etdi. İnanın mən o qədər qürurlandım, bu qardaşlıq nümunəsi məni o qədər kövrəltdi ki, mən Ərdoğandan başqasını namizəd kimi görə bilmərəm. Necə ki, Azərbaycan dedikdə ağıla Ulu Öndər Heydər Əliyev gəlirsə, Türkiyə dedikdə də Ərdoğandan başqasını düşünmək olmur. Məncə təkcə Türkiyə və Azərbaycanın yox, bütün dünyanın ən ağıllı, seçilən, sayılan siyasətçisi cənab prezidentimiz İlham Əliyev və qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandır."

Paytaxt sakini Əliheydər Babəkov: "Mənim namizədim Rəcəb Tayyib Ərdoğandır. Mən onun aldığı siyasi qərarları, həmlələri çox bəyənirəm, çox təsdiqləyirəm. Üstəlik Qarabağ müharibəsində bizi dəstəkləməsi, qardaş kimi yanımızda olması ona qarşı olan müsbət rəylərimi artırır".

Paytaxt sakini Günay Məmmədova: "Mən Məhərrəm İncəni dəstəkləyirəm. Hazırki prezident Ərdoğanın siyasətini də bəyənirəm. Bundan əlavə Azərbaycan xalqı 44 günlük müharibədə Ərdoğanın verdiyi dəstəyi heç vaxt unutmayacaq. Lakin Türkiyə üçün bu dəqiqə ən yararlı seçimin Məhərrəm İncə olacağını düşünürəm".

Paytaxt sakini İrina Asadi: "Mübahisəsiz namizədim Ərdoğandır. Onu dahi bir siyasətçi kimi görürəm. Mən milliyətcə tataram. İnanıram ki, Ərdoğan böyük Turan dövlətini quracaq. Türk dövlətlərinə göstərdiyi xüsusi rəftarı məni çox təsirləndirir. Hər zaman onu dəstəkləyəcəyəm".
Paytaxt sakini Şərqiyyəxanım Aydəmirova: "Düşünürəm ki, Ərdoğandan başqa variant ola da bilməz. Bizə bir qardaş kimi çox dəstək olur, bununla yanaşı öz xalqına, dövlətinə elədiyi xidmətin tayı-bərabəri yoxdur. O, türk xalqının fəxridir. Qətiyyətlə onun seçilməsinin tərəfdarıyam".
Paytaxt sakini Əzizli Aytac: "Mən namizəd kimi Kılıçdaroğlunu daha uyğun hesab edirəm. Nə də olsa dəyişiklik yaxşıdır. Ancaq bizim ölkənin aspektindən yanaşsaq, Ərdoğanın dəyişməsi müsbət hal deyil. Çünki onun Azərbaycan xalqıyla, bilavasitə prezidentimizlə olan sıx qardaşlıq münasibəti bütün dünyaya məlumdur".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB