Türkiyə Ərdoğanın liderlyi ilə son 20 ildə yüksək inkişaf səviyyəsinə çatıb - ŞƏRH
Aydın Hüseynov,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Bölgədə yerləşən ölkələr, dünya gücləri Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Azərbaycanın və Türkiyənin regionda birgə nizamlama proseslərində fəaliyyəti məlumdur. Hazırda Azərbaycan və Türkiyənin yaratdığı yeni reallıqların bir hissəsi olan Zəngəzur dəhlizi də məhz "Bir kəmər, bir yol" layihəsinin Orta xəttində yer alacaq. Beləliklə, Orta Asiyanın türk dövlətlərinin də bağlandığı bu siyasi marşrutda Ankara və Bakı geosiyasi olaraq böyük qitə coğrafiyasının əsas mərkəzinə çevriləcək. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Ona görə də qardaş ölkənin iqtisadi və siyasi qüdrətinin artması qarşıdakı illərdə bizim üçün də geosiyasi əhəmiyyət kəsb edir.
Türkiyənin son illərdəki inkişafı, xarici siyasət, təhlükəsizlik və digər sahələrində qazandığı uğurlar qardaş ölkəni regional və qlobal gücə çevrib. Ümumiyyətlə, son 20 ilin xronologiyasına nəzər salanda, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin indiki mövqeyə çatması üçün bir çox istiqamətlərdə atdığı inqilabi xarakterli addımlar göz önünə gəlir.
Türkiyə də İraqda, Liviyada, Suriyada, Cənubi Qafqazda sülhün və sabitliyini təmin edilməsində daha qətiyyətli və praktiki olaraq real addım atan dövlət olduğunu dünyaya nümayiş etdirməkdədir. Bu coğrafiya daha geniş hüdud alıb və uzaq Asiya, Afrika qitəsinə qədər genişlənməkdədir. Türkiyə artıq Afrikanın böyük bir hissəsində fəal siyasi tənzimləyicidir. Cənab Ərdoğan son 15 ildə 28 Afrika ölkəsinə 38 səfər edib, Türkiyənin Afrikadakı səfirliklərinin sayının 44-ə yüksəlib.
Türkiyənin hərbi sənaye kompleksi son zamanlar çox yüksək templə inkişaf etməkdədir. "Bayraktar", "Aksunqur", "Akıncı", "Kızılelma" da daxil olmaqla pilotsuz döyüş aparatları Türkiyənin dünya çapında mövqelərini daha da möhkəmləndirir. Qeyd edilənlər bir daha onu göstərir ki, 2002-ci ildən bu yana Türkiyə Ərdoğanın liderliyi ilə böyük məsafə qət edib. Eyni zamanda, Ərdoğan liderliyini qoruyub saxlayır və Türkiyənin siyasi həyatında əsas fiqurdur.
Avropa öz qapılarını bərk-bərk bağlayanda, mühacirləri dənizdə boğanda, məhz Türkiyə beş milyondan artıq qaçqın-köçkünə öz qapılarını açdı. Qardaş ölkə heç bir maddi, mənəvi dəstək olmadan Suriyadan, İraqdan və digər ölkələrdən olan qaçqınlara ev sahibliyi etdi.
Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür.
Qardaş ölkə dünyanın ən inkişaf etmiş 15 ölkələri sırasında yer alır. Kənd təsərrüfatı məhsulları, tekstil, motorlu nəqliyyat vasitələri, müdafiə sənayesi, gəmilər və digər nəqliyyat avadanlığı, tikinti materialları, məişət elektronikası və yeyinti sənayersi çox inkişaf edib.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2023-cü ildə Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmasa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir.
Ölkəyə sərmayə qoyuluşları son 20 ildə 200 milyard doları ötüb. Almaniya, Niderland, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan sərmayıə qoyuluşarında xüsusi yer turur. Azərbaycan son 20 iləd 20 milyard dollar investisiya yatırıb.
Rəcəb Tayyib Ərdoğan müasir Türkiyənin intibahının, qüdrətinin simvoludur, Atatürkdən sonra Türkiyə tarixində inkişaf və heyrətamiz gücün müəllifidir. Onun rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası 2002-ci ildən indiyədək ardıcıl bütün seçkilərdə Xalqın yüksək etimadını qazanaraq təkbaşına hökumət qurub, 20 il əvvələ qədər ölkədə ənənəyə çevrilmiş hökumət böhranına son qoyub, nəticədə iqtisadi və siyasi böhranın da birdəfəlik qarşısını alıb, respublikanın həyatına möhkəm sabitlik və davamlı inkişaf kursu gətirib, misilsiz uğurlarla Türkiyənin sosial-iqtisadi simasını büsbütün dəyişib. İnanılmaz hərbi sənaye sektorunun inkişafı sayəsində Türkiyə dünyada ən güclü müdafiə sənayesi ölkəsinə çevrilib, beynəlxalq və regional layihələrə imza atıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Mərmərə layihəsi, Yavuz Sultan Səlim Körpüsü, Şimali Mərmərə magistralı, Avrasiya Tuneli, Osman Qazi Körpüsü, Çanaqqala Körpüsü, Yeni İstanbul Hava limanı kimi meqalayihələri gerçəkləşdirib.
Bu il qardaş ölkədə baş verən dəhşətli zəlzələ, 50 min nəfərdən çox insanın həyatını itirməsi ilə böyük dağıntılarla nəticələndi. Prezident Ərdoğan dərhal hadisəyə adekvat reaksiya verdi, lazımı qərarlar qəbul edildi. Ərdoğan zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkir, qısa müddətdə bütün dağıntıların aradan qaldırılacağını, şəhər və qəsəbələrin yenidən tikiləcəyini vəd etdi. Artıq bu istiqamətdə surətli işlər gedir.
2022-ci il oktyabrın 29-da Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiyalar markası olan "Togg" istehsal müəssisəsinin işə salınması, sözün həqiqi mənasında, tarixi hadisədir. Bu hadisə bir daha onu göstərir ki, Türkiyə qabaqcıl texnologiyalar sahəsində də inkişaf etmiş dövlətlər sırasında özünəməxsus mövqe əldə etməkdədir. 2020-ci ildə təməli qoyulan "Togg" zavodunun inşası iki il ərzində yekunlaşıb. Beləliklə, Türkiyə il ərzində 175 min avtomobilin istehsalını nəzərdə tutur. 2030-cu ilə qədər isə həcmin bir milyona çatdırılması planlaşdırılır. Bu, olduqca böyük nəticədir, Türkiyənin iqtisadi inkişafının göstəricisidir. Aprelin 4-də "Togg" elektromobilinin ikinci nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.
Güclü, daha inkişaf etmiş, sabit, təhlükəsizliyi tam təmin olunmuş Türkiyənin olması Azərbaycan, eləcə də bütün türk dünyasının rifahı üçün çox vacibdir. Çünki qədim dövlətçilik ənənələrinə malik Türkiyə türk dünyasının yaxınlaşmasında, birliyində arbitr rolunu oynayır. Azərbaycan da qardaş ölkə ilə birgə bu məsələdə öz töhfəsini verməkdədir. Təbii ki, Azərbaycan və Türkiyə münasibətlərindəki təkrarsız model türk dünyasının həmrəyliyində, bir olmasında öz sözünü deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB