"Düşmən qüvvəni ölkənin daxilində saxlamağa borclu deyilik" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan bayrağı Qarabağ üzərində onsuz da əvvəl-axır dalğalanacaq. Xankəndində də bu olacaq. Amma biz hələlik suveren dövlət olaraq və öz suveren hüquqlarımızı həyata keçirərək təhlükəsizlik məsələlərində bütün lazımi tədbirləri görürük. Çünki insanlarımız onların dinindən və milliyətindən asılı olmayaraq özlərini sabit bir şəkildə həm hiss etsinlər, həm də normal şəraitdə yaşasınlar. Əgər onların gediş-gəliş etməyə, Laçın yolu üzrə hərəkət etməyə istəkləri varsa, bunu etməlidirlər və onlara heç kim mane ola bilməz. Lakin, bir şərtlə ki, onların gediş-gəlişi Azərbaycan dövləti və xalqına heç bir təhdid törətməsin. Ona görə də indi Laçın yolu ərazisində Həkəri çayı üzərində körpüdəki dalğalanan Azərbaycan bayrağı artıq o deməkdir ki, bizim dövlət beynəlxalq hüququn bütün tələblərinə uyğun olaraq hərəkət edir, biz özgə torrpaqlarına qədəm qoymuruq, öz torpağımızın keşiyində durmuşuq və çalışırıq ki, bütün kommunikasiyalarda təhlükəsizlik rejimini təmin edək. Əgər kimin təsəvvüründə bu hər hansı mənada qanunsuz hərəkətdirsə, o insanlar təbii ki, ciddi bir şəkildə səhv edir və yanlış düşünürlər. Onlar Azərbaycan dövlətinin haqlı və qanunlara uyğun hərəkətini müzakirə obyektinə çevirə bilməzlər. Bu həm ermənilərə, həm də onların havadarlarına aiddir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Tofiq Abbasov sözlərinə belə davam edib: "Biz görürük ki, artıq Laçın yolunda Azərbaycanın sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqəsinin qorunması ilə bağlı ermənilər təşviş yaşayırlar. Erməniləri bu məsələdə düşündürən başqa şeydir. Onlar düşünür ki, Azərbaycan dövləti nəzarəti gücləndirməklə, artıq silah-sursatın və dağıdıcı resursların ölkə daxilinə keçirilməsinin qarşısı alınır. Bəli, bu belə də olmalıdır. Çünki Azərbaycanda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar. Əgər bizim vətəndaşlığı almırlarsa, inteqrasiyadan boyun qaçırırlarsa, gərək ölkəni tərk etsinlər. Heç bir dünyada belə bir presedent yoxdur ki, bir ölkənin ərazisində yaşayasan, onun qanunlarına sayğısızlıq göstərəsən, amma o ölkənin bütün resurslarından da istifadə edəsən.
Ermənilər əgər özlərini müstəqil hiss etmək istəyirlərsə Emənistana və başqa ölkələrə köçsünlər. Bizim ərazilərimizdə Azərbaycan qanunlarının gücü olmalıdır və onlarla bu konteksdə münasibət qururuq. Bakı ilə Xankəndi arasında heç bir dialoq ola bilməz. Çünki Xankəndi Qarabağ bölgəsinin bir şəhəridir. Onun ətrafında ermənilər yaşayırsa, onların heç bir hüququ yoxdur ki, Azərbaycan dövlətinə meydan oxusunlar, yaxud hansısa bir tələblərlə üzərimizə gəlsinlər. Onların borcu ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyini tanısınlar və vətəndaşlıq qəbul etsinlər. Əgər bunu istəmirlərsə, buyurub ölkəni tərk etsinlər. Biz düşmən qüvvəni ölkənin daxilində saxlamağa borclu deyilik. Ancaq loyal insanlara imkan verəcəyik ki, onlar öz hüquq və azadlıqlarını reallaşdırsınlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB