Türkiyədə prezident seçkiləri nə ilə nəticələnəcək? - TÜRK SİYASİ ŞƏRHÇİLƏR ARASINDA SORĞU
Bildiyimiz kimi, Türkiyədə 14 mayda prezident seçkiləri baş tutacaq. Həm də bunun parlament seçkiləri ilə eyni gündə keçirilməsi planlaşdırılır. Cənab Rəcəb Tayyib Ərdoğan bir açıqlamasında 1950-ci ildəki seçkilərə istinad edərək seçkilərin vaxtından əvvəl, 14 may 2023-cü ildə keçirilə biləcəyinin mümkünlüyünü açıqlamışdı. Bəzi müxalif partiyalar da bu tarixi seçki günü olaraq qəbul etmişdir. 6 fevral 2023-cü ildə baş verən Türkiyə–Suriya zəlzələsindən sonra seçkilərin keçirilib-keçirilməcəyi barədə suallar yarandı, seçkilərin təxirə salınması barədə çağırışlar oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 mart 2023-cü ildə imzalanan sərəncama əsasən, seçkilərin 14 may 2023-cü ildə keçirilməsi qərarlaşdırıldı. Ehtiyac yarandığı halda, seçkilərin ikinci turu 28 mayda keçiriləcək. SİA mövzu ilə bağlı türk siyasi şərhçilər arasında sorğu edərək onların fikirlərini öyrənib.
Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı: "Ölkəmizdə prezident seçkiləri tarixi getdikcə yaxınlaşır. Belə ki, seçkilərə təxmini 16-17 gün qalıb. Bu arada prezident və deputat seçimləri yaxınlaşarkən cənab prezidentimiz hər gün yeni bir açılış edir. Elə mən də dünən Sivasta sürət qatarının açılış mərasimində idim. Belə ki, bu qatar vasitəsilə 600 km-lıq yol, 400 km-ə düşdü.
Bundan 1 həftə əvvəl qatıldığım iclasda da Qaradəniz təbii qaz kəşfinin istehsal olunacağı müşahidə edildi. Bir sözlə, bir çox sahədə müsbət işlər görülür. Həmçinin, Türkiyənin ən böyük savaş gəmisi vətəndaşların diqqətini cəlb etdi və 95 min nəfər bu gəmini ziyarət etdi. Bir tərəfdən müxalifət hər keçən gün iqtidarın fəaliyyətinə maneə olmağa çalışır. Onlar vətəndaşın beynini qarışdırmaq istəyirlər. Amma təxmin edirəm ki, birinci turda cənab Rəcəb Tayyib Ərdoğan qazanacaq.
Bu arada iki gündür ki, cənab prezidentimiz televiziya çəkilişlərini ləğv edib və hələlik onu köməkçisi əvəz edir. Xalqımız bundan çox narahatdır. İnşallah prezidentimiz tezliklə sağlamlığına qovuşar və fəaliyyətinə yenə qaldığı yerdən davam edər.
Rəcəb Tayyip Ərdoğan çox böyük liderdir və xalq üzərində təsiri yüksəkdir. O, özünü bu millətə çox sevdirib və xalqın yanındadır. Vətəndaşlarımızın əksəriyyəti məhz cənab Rəcəb Tayyib Ərdoğana güvənir. İnşallah, bu seçkilər həm Türkiyə, həm də Azərbaycan üçün çox yaxşı olar".

Türk politoloq Hakan Aktürk: "Bu seçki sadəcə Türkiyənin deyil, həm də bütün türk dünyasının və müsəlman ölkərinin tale xəttidir. Seçkilərin əhəmiyyəti ancaq Türkiyənin yerləşdiyi siyasi atmosferlə məhdudlaşmır. Türkiyə strateji mövqeyinə görə regional və beynəlxalq güclər arasında mühüm aktordur. Prezident seçkiləri ölkənin və hətta dünyanın gələcəyinə əhəmiyyətli dərəcədə təsir edəcək bir seçkidir.
Türkiyə xalqı prezident seçkilərinə hazırlıqlarını davam etdirərkən 2023-cü ildə keçiriləcək seçkinin nəticələri Türkiyənin siyasi və iqtisadi strukturunu formalaşdıracaq və ölkənin beynəlxalq aləmdəki mövqeyinə təsir edəcək. Doğrudan da, biz mayın 14-də növbədənkənar seçki keçirməyəcəyik. Bu seçkilərdə ölkəmizdə etimad və sabitlik mühitinin davam edib-etməyəcəyinə qərar veriləcək. Son 20 ildə iş və xidmətlərdəki sıçrayışın davam edib-etməyəcəyi, yoxsa Türkiyənin koalisiya dövrünə qayıdıb-qayıtmayacağına qərar veriləcək. Çünki bütün bu qazanclara göz dikmiş bir struktur var.
Bu seçkilərdə terrorla mübarizənin davam edib-etməyəcəyinə qərar veriləcək. Koalisiya tərəfdaşları verdikləri hər vədlə, hər davranışı ilə terror təşkilatlarına və terrorçulara ümid verir. Nəticə etibarilə, 14 may seçimləri ölkəmizdə tarixi əhəmiyyətə malikdir.
Xarici siyasət, iqtisadiyyat və müdafiə sənayesində atdığımız müstəqil və güclü addımlar bəzilərini narahat edir. Əvvəlki kimi borc alan və borc boyunduruğu altına düşən Türkiyə istəyənlər də 14 mayı gözləyir. Bu təkcə daxildə deyil, xaricdə də belədir. Seçkilərdə Türkiyəni yenidən özlərindən asılı vəziyyətə salacaqların seçkidə qalib gəlməsini istəyirlər.
Təəssüf ki, biz ölkə daxilində Qərbdən “Afərin” almaq üçün hər cür bəlalara boyun əyməyə hazır olanları görürük. Onlar ölkənin siyasətini və iqtisadiyyatını kiməsə təslim edəcəklərini açıq şəkildə bildirirlər.
14 May seçkiləri hər bir vətəndaş üçün ən vacib məsələ olmalıdır. Düşünməli, ölçüb-biçməli, araşdırmalı, danışmalı və tərəfini aydın göstərməlidir.
Bizim üçün yaxşı bir xəyalı olmayan fransızların kilometrlərlə uzaqdan “Türkiyənin Osmanlıdan sonrakı tarixinin ən əhəmiyyətli seçkisi” tərifi əslində bizə əhəmiyyətli mesajlar verir. Bu o mesajı verir ki, "Bu seçimlərin sonunda ya dünya lideri bir Türkiyə ortaya çıxar, ya da hər an dağılmağa məhkum bir Türkiyə tablosu yaranar".
Bu müdrik xalq böyük Türkiyənin Anadolu ruhu ilə yeni üfüqlərə üzməsi üçün yenidən cənab Rəcəb Tayyib Ərdoğanı seçəcək.
Bu seçkilər soğan və kartof ədəbiyyatı ilə göz ardı edilməyəcək qədər əhəmiyyətlidir. Anadolu xalqını boğazından və qarnından tutmaq istəyənlərə sandıq başında Anadolunun cavabı “Çörəksiz Yaşayaram, Amma Hürriəytsiz əsla!” mesajı olacaq.
Anadolunun bağrından çıxan Mehmetçimiz, Polisimiz, Milli Kəşfiyyat İdarəsi, PKK terror təşkilatı, FETÖ ilə meydanda mübarizə apararkən, onlara qan qusdurarkən, Anadolu insanı bu mübarizəni həyatının ən mühüm hədəfi edən cənab Ərdoğana dəstək verərək tarixi borcunu yerinə yetirmiş olacaq".
Türkiyə xarici siyasət analitiki Aydın Sezer: "Məlum olduğu üzrə 14 may 2023-cü il tarixində Türkiyədə həm parlament, həm də prezident seçkiləri olacaq. Bu gün Türkiyədə olan propaqanda siyasi fəaliyyətlərinə baxaraq söyləyə bilərik ki, türk xalqı parlament seçkilərindən əlavə daha çox prezident seçkiləri ilə maraqlanır. Bu nöqtədə də, Kamal Kılıçdaroğlunun 20 il ərzində ilk dəfə qalib olma şansının olduğu ortaya çıxır. Sorğu nəticələri təxmini bərabərdir. Həta bəzi anketlərdə Kamal Kılıçdaroğlu daha yüksək xal toplayıb.
Seçim çox mübarizəli keçəcək. Zatən propaqanda müddəti də bunu göstərir. Cənab Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlundan başqa Muharrem İnce və Sinan Oğanın da namizəd olması xalların bölünməsi məsələsini də gündəmə gətirir. Bu səbəbdən seçimlərin ikinci tura qalma ehtimalı da var. Əgər ikinci dəfə seçimlər olarsa, bu dəfə tarix may ayının 28-də olacaq.
Bir də son günlərdə cənab Rəcəb Tayyib Ərdoğanın sağlamlığı ilə bağlı spekulyasiya edilir. Bu da Türkiyədəki seçim müddətinə təsir edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB