"Azərbaycan üçün Türkiyədə hazırkı siyasətin davam etməsi labüddür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Türkiyədə demək olar ki, 20 ildən sonra genişmiqyaslı təbliğat-təşviqat kampaniyası aparılır. Qardaş ölkədə keçiriləcək seçkilər regionda, xüsusilə beynəlxalq müstəvidə böyük maraqla izlənilir. Çünki bu seçkilərin nəticəsi regiona və beynəlxalq aləmə təsir edən bir faktor olacaq. Təbii ki, Azərbaycan da prosesləri yaxından izləyir. Çünki Azərbaycan və Türkiyə qardaş ölkədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Türkiyədə hakimiyyətdə hansı partiya olmasından asılı olmayaraq bu iki ölkə arasında qardaşlıq əlaqələri möhkəm tellərlə bağlanıb: “Amma Türkiyə hakimiyyətinin geosiyasi şərtlər daxilində Cənubi Qafqazda indiyədək formalaşmış siyasətin hansı kontekstdə quracağı da Azərbaycan üçün maraqlıdır. Çünki Türkiyə uzun illər Cənubi Qafqaza bir o qədər də diqqət ayırmayıb. Amma Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində bu diqqət üst səviyyəyə qalxıb və Azərbaycan qardaş ölkə tərəfindən ciddi dəstəklənib”.
Politoloq sözlərinə davam edərək bildirib ki, II Qarabağ müharibəsindən sonra hər iki ölkə Cənubi Qafqazda koordinasiyalı siyasət ortaya qoyub: “Eyni zamanda, Türk Dövlətləri Birliyi yaradılıb. Digər Türkiyə hakimiyyətlərindən fərqli olaraq AKP-nin vaxtında ölkə artıq beynəlxalq müstəvilik ölkə statusu alıb. Düşünürəm ki, Türkiyə cəmiyyəti də AKP-nin hakimiyyətdə qalmasını yenidən dəstəkləyəcək. AKP-nin uğurlu iqtisadi strategiyası var. Xalqın növbəti mərhələdə dəstəyini toplamaq iqtidarına malikdir. Hakimiyyətə hansı partiyanın gəlməsindən asılı olmayaraq Türkiyə iqtidarı Şuşa Bəyannaməsinə əsasən əldə olunan razılaşmalara uyğun hərəkət edəcək. Lakin hesab edirəm ki, həm Türkiyə, həm də Azərbaycan üçün hazırkı siyasətin davam etməsi daha labüddür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB