"Türkiyə Azərbaycanın inkişaf və sabitliyindən qürur duyur" - HULUSİ KILIÇ

"Türkiyə Azərbaycanın inkişaf və sabitliyindən qürur duyur" - HULUSİ KILIÇ

"Türkiyə və Azərbaycan münasibətləri bütün dünyaya bir nümunədir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu iki ölkə arasındakı münasibətlər başqa heç bir ölkədə görülməyib: "Ukrayna və Rusiya arasındakı savaşı hər birimiz görürük. Türkiyə 1993-cü ildə Ermənistanla sərhədi bağladı və diplomatik əlaqələrini kəsdi. Çünki ermənilər Azərbaycan torpaqlarını işğal edirdilər. Bu sərhəd 30 ildir ki, bağlıdır. Dünyada heç bir ölkə ikinci ölkə üçün öz sərhədini bağlamaz. Bu baxımdan biz "Bir millət, iki dövlət" deyirik. Amma gərəkərsə, bir millət və bir dövlət olarıq.

Qarabağ müharibəsində, Türkiyədəki meşə yanğınları və zəlzələ zamanında da gördük ki, biz sadəcə tək millət deyil, həm də tək ürəyik. Bunu hər türk və azəri vətəndaşlar yaxşı başa düşməlidir.

15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında baş tutan Şuşa bəyannaməsi bizi bir millət və gərəkərsə, bir dövlət halına gətirir. Bu çox önəmli bir sənəddir və dərs kitabı kimi oxudulmalıdır. Burada açıq şəkildə Azərbaycana qarşı törədilən təxribat həm də Türkiyəyə qarşı edilən hücum kimi dəyərləndirilir".

Hulusi Kılıç sözlərinə belə davam edib: "Türkiyə Azərbaycanın inkişaf və sabitliyindən qürur duyur. Həmçinin, Azərbaycan 20 sentyabr 2020-ci il tarixinə qədər Ermənistanla müharibə şəraitində idi. Amma buna baxmayaraq, Türkiyəyə göndərdiyi böyük layihələr, investisiyalar və digər məsələlərə baxdığımız zaman 20 milyard dollardan çox Türkiyəyə investisiya edib.

Azərbaycan Türkiyədəki insanlara iş imkanı yaradır. Bu xüsusi təqdir olunmalıdır. Həmçinin, Türkiyənin də Azərbaycana investisiyaları var. Lakin, Azərbaycanın etdiyi investisiya daha çoxdur.

Artıq iki ölkə arasında səyahət edilən zaman şəxsiyyət vəsiqəsi ilə gedib-gəlirik. Hər bir türk vətəndaşı Azərbaycanda öz vətənindəymiş kimi hiss edir. Bu eynilə Azərbaycan vətəndaşlarına da aiddir.

Ticarət əlaqələri də hər il artır. Qısacası, iki ölkə arasında siyasi, iqtisadi, hərbi əlaqələr mükəmməldir. Bu əlaqələr hər kəsə örnəkdir. Biz bununla fəxr edirik və günü-gündən əlaqələrimizi möhkəmləndirmək üçün çalışırıq. Biz həqiqətən çox şanslı millətik ki, gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı. Biz əkiz qardaşlarıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə