Cəsarətli addım, uğurlu nəticə… - RAKURS

Cəsarətli addım, uğurlu nəticə… - RAKURS

Azərbaycan-Ermənistan sərhədində qurulan buraxılış məntəqəsi və baş verən olaylar

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları bu günün, dünənin, 30 ilin məsələsi deyil, ermənilərin Qafqaza köçürülməsindən sonra başlanıb. Çar Rusiyasının ucqarlarında baş verə biləcək üsyanları, etirazları təsirsiz hala gətirmək üçün ermənilərin kölə psixologiyasından, sözəbaxımlığından geniş istifadə olunub. Əlbəttə, bu ayı xidmətinin mükafatı kimi Azərbaycan torpaqlarında qondarma erməni dövlətinin yaradılması da planın bir hissəsi idi. Çar Rusiyasının süqutu ermənilərin məskunlaşdırıldıqları ərazilərdə yeni dövlət qurmağa həvəsləndirdi. Bulanıq suda balıq tutmağa adət etmiş “hay”lar xarici havadarlarının maddi və mənəvi yardımı ilə özlərinə dövlət qurdular. Əvvəlki adı “Ararat respublikası” olan bu dövlətcik, sonradan Ermənistan adını aldı və beləliklə, Qafqazda heç vaxt mövcud olmayan qondarma və gələcəkdə bütün qonşular üçün baş ağrısına çevriləcək bir dövlətin əsası qoyuldu.

Sovet hakimiyyəti illərində də Ermənistan adlı qondarma dövlətin rəsmiləri dəfələrlə mərkəzi hakimiyyətdən Azərbaycana aid olan torpaqların onlara verilməsi barədə cəhdlər ediblər. Hətta bunun üçün zəmin də hazırlayıb və həyata keçiriblər. 1948-52-ci illərdə azərbaycanlıların Ermənistan ərazilərindən Azərbaycana köçürülməsi kimi cinayətkar əməllər də unudulmamalıdır. Zəngəzurun, Göyçənin, Qarayazı meşələrinin Ermənistana verilməsinin, Qarabağda erməni idarəçiliyinin möhkəmləndirilməsinin baiskarı da mərkəzi hakimiyyət oldu.

1988-ci ildə baş verən hadisələr isə erməni həyasızlığının kulminasiyasıdır, desək yanılmarıq. Azərbaycan torpaqlarını ələ keçirməkdən doymayan, ərazilərini daim artırmaq, böyütmək həvəslərini gizlətməyən ermənilər bu dəfə Qarabağda başlatdıqları işi yekunlaşdırmaq üçün hərbi qarşıdurmaların geniş müharibəyə çevrilməsi üçün konkret addımlar atdılar. I Qarabağ müharibəsi Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi oldu, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa varad edildi. Şəhər və kəndlərimiz dağıdıldı, mədəni və dini abidələrimiz erməni vandallığının qurbanı oldu. Bu müharibədə öldürülən, əsir, girov götürülən, taleyi hələ də məlum olmayan həmvətənlərimizin sayı 30 mindən çoxdur. Keşmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisi ilə yanaşı ətraf 7 rayon da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 30 il davam edən erməni işğalı zamanı dünya birliyi Azərbaycanın haqq səsini duymadı, gözü kor, qulaqları kar oldu.

27 ildən sonra, 2020-ci ilin sentyabr ayında isə bütün dünyanı titrədən bir hadisə baş verdi. İşğalçı Ermənistan silahlı qüvvlərinin Azərbaycan ərazilərində törətdiyi növbəti və genişmiqyaslı təxribatlardan sonra Ordumuzun əks hücuma keçməsi barədə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri son 200 illik tariximizdə ilkin yaşanmasını reallaşdırdı. Torpaqlarını itirə-itirə XXI yüzilliyə gəlib çatan Azərbaycan ilk dəfə halal, əzəli torpaqlarından bir hissəsini işğaldan azad etdi. 44 gün davam edən Vətən müharibəsi təkcə torpaqlarımızın geri qaytarılmasını yox, həm də Azərbaycana dünya birliyinin münasibətini dəyişdi, 30 il əyilmiş başımız dikəldi, qəhrəman xalq olduğumuzu hər kəs gördü, bu xalqı arxasınca apara bilən Sərkərdəmizi – Prezident İlham Əliyevi bir daha tanıdı.

Müharibənin sonu Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Bəyannamənin imzalanması ilə gəldi. Bu sənədi həm də Ermənistanın kapitulyasiya aktı da adlandırmaq olar. Çünki müharibədə uduzan tərəf Ermənistan, qalib isə Azərbaycan oldu. Adətən, tarixdən də bəlli olduğu kimi qalib həm də diqtə edən, üstün olan tərəf kimi qəbul edilir. Ermənistanın məğlubiyyətini qəbul etməyən dairələr isə İrəvanın ayaqlar altına düşməməsi üçün yenə də oyunlar qurmağa, erməniləri Qarabağda saxlamağa və gələcək qarşıdurmalara zəmin hazırlamağa davam edirlər. Rusiya sülhməramlıları nəzarət etdikləri ərazilərdə erməni silahlı birləşmələrinin mövcudluğuna göz yumur, hətta onların silahla, ərzaqla və dişər həyati əhəmiyyətli vasitələrlə təmin edilməsinə bilərəkdən göz yumurlar. Cənubi Qafqazda sabitliyin bərpa olunmasını istəməyən, erməni separatizminin qol-qanad açmasında maraqlı olan bəzi Qərb ölkələri isə Ermənistanı hərbi-siyasi-mənəvi cəhətdən dəstəkləməklə gərginliyi bilərəkdən artırırlar. Bu gün Qərb başqa platformalarda Rusiya ilə düşmənçilik etsə də, Qarabağ məsələsində, Ermənistan-Azərbaycan münaqişəsində birgə fəaliyyət göstərdiyi artıq sirr deyil. Ermənistanın və ermənilərin qanunsuz əməllərini dəstəkləyən bu qüvvələr Azərbaycana güzəştə getməyi, bəzi ərazilərindən imtina etməyi də məsləhət görüblər və indi də bu yanaşma davam edir.

10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyannamədən əvvəl gedən danışıqlarda Laçın dəhlizi məsələsi də var idi. Havadarlarının dəstəyindən havalanan Ermənistan Laçın dəhlizinin 20 kilometr enində olmasını və və Ermənistanın nəzarətində olmasını israr edirdi. Amma qalib Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev bu rəqəmi 4 dəfə azaltmağı bacardı. Prezidentimizin iradəsi sayəsində Ermənistanın və onun havadarlarının arzuları daşa dəydi, puç oldu. Bu gün həmin yolun eni 5 kilometrdir. Kimlərsə problemin hələ də qaldığını düşünə bilər, doğrudur, amma 2020-ci ilin sentyabr ayının əvvəlindəki vəziyyətlə indiki durumu müqayisə etsək, Azərbaycanın çox möhtəşən uğura imza atdığını görə bilərik. Qarabağa gəlincə, bu ərazilər Azərbaycanın halal torpaqlarıdır və heç bir beynəlxalq hüquq bunu əksini deyə bilməz. Sadəcə üçtərəfli Bəyannamədə göstərildiyi kimi, sənədin imzalamdığı müddətdən sonrakı 5 il ərzində Qarabağda yaşayan ermənilərin taleyinə bir aydınlıq gətirilməlidir. Onlar hələlik Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycana inteqrasiya edəcəkləri günləri saymaqla məşğuldurlar. Artıq iki il yarım vaxt keçib, amma separatçıların beyinlərini zəhərlədikləri ermənilərdən hələ də soraq yoxdur. Azərbaycan isə öz ərazilərində, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün işləri planauyğun şəkildə həyata keçirməkdədir.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqəsinin quraşdırılması ilə rəsmi Bakı münaqişənin sülh yolu ilə həllində təşəbbüskar olduğunu bir daha təsdiq etmiş oldu. Bu gün Azərbaycan cəmiyyəti olaraq tarixi günlər yaşadığımızın fərqindəyik. Bu hadisələrin davamını mərhələli şəkildə izləsək görərik ki, Azərbaycan Prezidentinin fəaliyyəti nə qədər dəqiqdir və addımları cəsərətlidir. Əlbəttə, bu proseslərin arxasında böyük zəhmət və diplomatik çalışmalar dayanır. Laçın yolunda postun qurulması Şuşanın işğaldan azad edilməsi qədər böyük bir hadisədir. Artıq Azərbaycan post-müharibə dönəmindən bu yana sərhədlərində tam söz sahibi olduğunu praktiki şəkildə ortaya qoyub. Fədakarlıq edən insanların zəhmətini dəyərləndirmək lazımdır. Məntəqənin qurulması ilə ekofəllarımızın fəaliyyətində sinxronluq olsa da, bunlar fərqli məsələlərdir. Əgər bir-birinin davamı olsaydı, onda aprelin 23-dən sonra aksiya dayandırılmalı idi. Amma bu belə deyil, gənclərimizin mübarizəsi hələ bitməyib, nə qədər ki, yeraltı sərvətlərimizin talanı dayanmayıb, mədənlərimizin monitorinqini həyata keçirmək istəyən mütəxəssislərimiz təftişə başlamayıb, işin sona çatdığını söyləmək olmaz.

Bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, torpaqlarımızın işğaldan azad edilməsi hərbi yolla, döyüş meydanında olsa da, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan azad edilməsini də müharibə tarixində az-az rast gəlinən hadisə kimi təqdim edə bilərik. Təbii ki, bu şücaət Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik qabiliyyətidir. 2022-ci ilin sentyabrında Laçının mərkəzinin qansız və heç bir qurban olmadan Azərbaycanın nəzarətinə keçməsi də uğurlar sırasındadır. Sentyabrın 21-də Prezident İlham Əliyevin Laçına səfəri zamanı çıxışında söylədiyi fikirlər bu gün də aktuallığını qoruyub saxlayır və tarixin yaddaşında əbədi qalacaq: “Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir. Bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çətin relyefi, ağır, soyuq iqlimi nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Laçın və Kəlbəcər rayonları 1990-cı illərin əvvəllərində işğal edilərkən faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Laçın rayonu 1992-ci il mayın 18-də, Kəlbəcər rayonu 1993-cü il aprelin əvvəlində işğal altına düşmüşdü və beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar və daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar. Ancaq sonra hiss etdilər ki, artıq bunların cinayəti cəzasız qalır, burada qanunsuz inşaat işlərinə başladılar, o cümlədən Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində”.

Bəli, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmaqdadır. Suveren ərazilərində hüquqlarını bərpa etməklə yanaşı, erməni işğalından azad edilmiş torpaqlarında quruculuq işlərini Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha böyük uğurlara imza atacağına heç kimin zərrə qədər də şübhəsi yoxdur.

Və nəhayət, Fransanın xarici işlər və Avropa naziri Ketrin Kollnna Azərbaycana gözlənilən səfəri baş tutdu. Xanım nazir Azərbaycandan "alacağını aldı" və buradan İrəvana suyu süzülə-süzülə getdi. Konkret desək, Fransaya nələrin deyilməsi lazım idisə, Paris nələri eşitmək, duymaq istəmirdisə onu da duydu və eşitdi. Məhz bu səbəbdən Ermənistana çatan kimi Kolonna bildirib ki, Fransa bütün mübahisələrin müstəsna olaraq danışıqlar yolu ilə həllini istəyir. Əlavə edib ki, bu, Fransanın Avropa İttifaqı ilə birlikdə üzərinə götürdüyü öhdəliklərin əsasını təşkil edir. Məhz bu çağırışı etmək üçün cavabdehlik danışıqları bərpa etmək və qanuna hörmət etməkdən ibarətdir.

Nazir şübhəli açıqlaması ilə də yadda qalıb, bildirib ki, "biz Rusiyanın Ukraynaya təcavüzünün nəticələrini birgə qiymətləndirməliyik. Hər kəs öz məsuliyyətini dərk etməli və sülhün bizim ən böyük dəyərimiz olduğunu qavramalıdır. Həlledici məqamdayıq".

Politoloq Tofiq Zülfüqarlı nazirin regiona səfərinə münasibət bildirərkən deyib ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycana Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasına görə gəlməyib: "Belə səfərləri adətən bir neçə həftə öncədən planlaşdırırlar. Təbii ki, Laçın dəhlizində qurulan nəzarət-buraxılış məntəqəsi ilə əlaqə var, ancaq Fransa xarici işlər nazirinin sırf bu məsələyə görə Bakıya gəldiyini demək düzgün olmaz. Çünki bu, regional səfərdir. Başa düşüləndir ki, Fransanın vasitəçilik cəhdləri uzun müddətdir Azərbaycan tərəfindən qəbul olunmur. Düşünürəm ki, Bakıda keçirilən müzakirələr ilk növbədə ikitərəfli əlaqələrə həsr olunub".

Politoloqun fikrincə, Fransa xarici işlər nazirinin Laçın dəhlizində qurulan nəzarət-buraxılış məntəqəsini müzakirə etməyə cəhd göstərdiyi istisna deyil: "Onun cavabı Xarici İşlər Nazirliyinin bəyanatı çərçivəsində oldu. Çünki Fransanın Laçın məsələsi ilə bağlı bəyanatı var idi və bizim XİN onlara cavab vermişdi. Ümumiyyətlə, hansısa bir Qərb ölkəsinin Laçında gedən proseslərlə bağlı fikir bildirməsi məntiqə uyğun deyil. Onlar istəyirlər ki, Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etsin. Azərbaycan imkan verməz ki, kimsə onun suveren hüquqlarını şübhə altına qoysun. Ölkəmiz onsuz da əvvəldən Fransanın vasitəçiliyini qəbul etmir. Azərbaycan Prezidenti də məsələ ilə bağlı öz mövqeyini dəfələrlə bildirib. Fransa istəyirdi ki, Avropa İttifaqının vasitəçiliyində xüsusi rol oynasın. Nəticə olaraq mən düşünürəm ki, belə səfərlər heç nəyi dəyişən deyil".

Əldə edilən məlumata görə, Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb. Bu barədə Fransanın nüfuzlu "Intelligence online" portalı da məlumat yayıb. Bildirilib ki, rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağa hazırlaşır. Belə ki, Fransa tezliklə İrəvana daimi hərbi attaşe təyin edəcək. Hazırda bu funksiyanı Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir. Bununla yanaşı, aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun (Direction générale de l'armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Eyni zamanda Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa edir. Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə də Fransanın xarici işlər naziri Ketrin Kolonna Laçın dəhlizi ətrafındakı vəziyyəti müzakirə edib. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan ikitərəfli münasibətlərin dinamikasını vurğulayaraq, onların inkişafı üçün potensialı qeyd edib. O, regionun problemlərinə, xüsusilə Qarabağ ətrafındakı baş verənlərə və Laçın dəhlizinə göstərdikləri diqqətə görə Fransa prezidentinə və xarici işlər nazirinə təşəkkür edib. Ketrin Kolonna öz növbəsində Fransanın Ermənistanın dostu olduğunu vurğulayıb: “Bilirsiniz ki, Fransa Ermənistanın yanında, Ermənistanın dostudur və bizim bu ölkə ilə çox oxşar cəhətlərimiz var. İslahatlarınız, səyləriniz, işiniz zamanı biz sizinləyik, ədalətli və sabit sülh axtarışında da sizinləyik”.

Görüş zamanı yaranmış vəziyyəti müzakirə etməklə yanaşı Kolonna Beynəlxalq Ədalət Məhkəməsinin qərarının dərhal həyata keçirilməsinin və Azərbaycan tərəfindən Laçın yolunun açılmasının zəruriliyini vurğulayıb. Bundan başqa, Paşinyan və Kolonna İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Başqa sözə ehtiyac yoxdur, Fransa bütün gücü ilə Ermənistanın yanında olduğunu göstərməyə və bununla da ermənilərin rəğbətini qazanmağa çalışır. Əslində isə, Paris Ukraynada başını müharibəyə qatdığı Rusiyanın regionda yerini doldurmağı can atır. Rusiyaya qarşı açıq mübarizə aparmaqdan qorxan Fransa Ermənistanı qurban verməklə məqsədinə çatacağını düşünür. Amma...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə