"Zərifə Əliyeva Averbax mükafatına layiq görülən ilk qadın olub" - DEPUTAT ŞƏRH ETDİ

"Zərifə Əliyeva Averbax mükafatına layiq görülən ilk qadın olub" - DEPUTAT ŞƏRH ETDİ

"Akademik Zərifə xanım Əliyeva Azərbaycanın son 100 illik təbabət tarixində ən görkəmli simalardan biridir. O, həm oftalmoloq alim, həm səhiyyə təşkilatçısı, həm də humanist bir insan kimi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Zərifə xanım professor Əziz Əliyevin ailəsində dünyaya göz açıb və ziyalı bir mühitdə böyüyüb. İlk tibbi praktikasını da o zaman Azərbaycanda və dünyada çox təhlükəli göz xəstəliyi sayılan traxoma xəstəliyinin müalicəsi və profilaktikasına yönəldib. Bundan sonrakı bütün fəaliyyətində ictimai-sosial əhəmiyyət daşıyan göz xəstəliklərinin müalicəsi ön planda olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq göz xəstəliklərinin peşə ilə bağlılığını müəyyən etmək və bu xəstəlikləri müalicə etməkdən ötrü laboratoriya təşkil edib: "O, eyni zamanda, SSRİ məkanında ilk dəfə Averbax mükafatına layiq görülən azərbaycanlı akademik qadın olub. Hansı ki bu mükafat Nobel mükafatına bərabərdir. Zərifə Əliyevanın ictimai fəaliyyəti də olduqca geniş olub. Bilik Cəmiyyətinin xətti ilə həm Azərbaycanda, həm də SSRİ-nin müxtəlif məkanlarında mühazirələr oxumuş, insanların tibbi sağlamlığının profilaktikası ilə bağlı biliklərin artırılmasından ötrü xidmətlər göstərmişdir. Dəyərli akademik həmçinin, nümunəvi qadın, ana obrazını yaratmışdır. Zərifə xanım böyük bir məktəb qoyub gedib. Bu yalnız oftalmologiya məktəbi deyil, eyni zamanda humanizm məktəbidir. Bu məktəbin davamçıları da bugünkü gündə ləyaqətlə yetişən Azərbaycan oğulları və qızlarıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə