Jurnalistlərlə bağlı yeni qərara media kapitanlarının BAXIŞI - SORĞU
Məlum olduğu üzrə, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. SİA mövzu ilə bağlı media nümayəndələri arasında sorğu keçirib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik həm də media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına maneə yaradılmasına qarşı mexanizmlərin sərtləşdirilməsi ilə bağlıdır. İXM-də buna görə fiziki şəxslərin iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunmaları nəzərdə tutulur. Qeyd edək ki, əvvəllər kütləvi informasiya vasitələrinin qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslərin yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu. İndi bu cərimə məbləğinin artırılması, heç şübhəsiz məsuliyyəti də artıracaqdır.
Ümumən, medianın peşəkar fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən tədbirlər yalnız bunlarla məhdudlaşmır. Hesab edirəm ki, sahəyə kompleks yanaşma var. Bu, nikbinlik doğurmaqdadır. İXM-ə dəyişiklik də nikbinlik üçün əsas verən qanunvericilik təşəbbüsüdür”.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: “Media fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsi media fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir. Təklif edilən dəyişikliklər media fəaliyyətinin tənzimlənməsi, jurnalist fəaliyyətinin asanlaşdırılması və hüquqi çərçivələrinin cızılması ilə bağlı son 4 ildə aparılan islahatların məntiqi ardıcıllığı kimi qəbul edilə bilər.
Həyata keçirilən dəyişikliklər fərman və sərəncamlar, eyni zamanda qanunlardakı uyğunlaşdırmalar jurnalistlərin fəaliyyətinin asanlaşdırılması və onların hüquqi səlahiyyətlərinin tanınması kimi qeyd oluna bilər. Bunlar media fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün atılmış müsbət addımlar kimi dəyərləndirilə bilər. Belə ki, indiki dəyişikliklərdə nəzərdə tutulan elementlər əslində jurnalistlərin peşə kodeksində, eyni zamanda media haqqında qanunvericilikdə nəzərdə tutulmuş maddələrdir.
Qeyd edim ki, burada ehtiva olunan, məsələn şəxslərin təqsirsizlik presubsiyasının pozulmasına görə nəzərdə tutulan məsuliyyətlər, jurnalist fəaliyyətinə mane olmaqla bağlı məsələlər, informasiyanın verilməsinə aktiv və passiv maneələrin törədilməsi ilə bağlı olan maneələr əslində bizim media haqqında qanunvericilikdə, eyni zamanda jurnalistlərin peşə kodeksində öz əksini tapıb. Sadəcə olaraq indiyədək peşə kodeksində və media haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu məsələlərin pozulmasına görə yaranan hüquqi ölçülərdə biraz qeyri-müəyyənlik var idi. Yəni, məsələn jurnalist fəaliyyətinə maneə olmaq qanunvericiliklə yasaqlanıb. Bu prinsip pozulursa, bu şəxsləri hansı cəza gözləyir? Bununla bağlı biraz qeyri-müəyyənlik var idi. Bütün bu qeyri-müəyyənliklər dəqiqləşdirilir, konkretləşdirilir və hər kəsə öz fəaliyyətinə çəki-düzən vermək üçün bir istiqamət verilir. Konkret olaraq bu prinsiplərin pozulmasına görə yaranan hüquqi məsuliyyət eyni zamanda bu məsuliyyətə şamil olan şəxslər haqqında hansı ölçülərin götürülməsi konkretləşdirilir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər burada cərimə və cəzaları konkretləşdirir. Bu da həm jurnalistlərin, həm ümumilikdə medianın fəaliyyətində və informasiya istehsalı sahəsində yeni təkmilləşdirilmələrdir. Bunlar media və jurnalistikanın inkişafına təkan vermək üçün nəzərdə tutulub. Beləliklə, artıq 4 ilə yaxındır ölkədə ümumi və media sahəsində geniş islahatlar həyata keçirilir. Bu islahatlar da onların davamıdır”.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət: “Jurnalistlərin sərbəst fəaliyyət göstərməsi, ümumiyyətlə informasiyanı toplaması, emal etməsi və yayması konstitusiya və müvafiq qanunlarla, eləcə də Azərbaycanın tərəfdar olduğu beynəlxalq konvensiyalarla tənzimlənir. Bütün bu sadaladığım sənədlərdə jurnalistlərin kənar müdaxilə olmadan öz fəaliyyətini həyata keçirməsi bir nömrəli şərt kimi irəli sürülür. Yəni, heç kim və heç bir qurum əsassız səbəblərlə jurnalistin fəaliyyətinə müdaxilə etməməlidir. Amma təəssüflər olsun ki, dünyanın hər tərəfində çox vaxt jurnalistlərin sərbəst informasiya toplamasına və ya yaymasına müdaxilələr müşahidə edilir. Bunu bir qayda olaraq yayımlanan informasiyanın ictimaiyyəti məlumatlandırması nəticəsində sirlərinin faş olacağından, yaxud da ki bəd əməllərinin faş olacağından qorxan tərəflər edir. Belə olan halda jurnalistlər əlbəttə ki, işlərini görə, vəzifələrini yerinə yetirə bilmirlər və belə şəraitdə cəzasızlığın da olması nəticədə ona gətirib çıxarır ki, cəmiyyəti məlumatlandırmaq kimi vacib vəzifəni yerinə yetirən jurnalistlər öz işlərini həyata keçirə bilmirlər. Ona görə də Azərbaycan qanunvericiliyində bu məsələ daha konkret bir şəkildə təsbit edilməli idi və artıq edildi.
İndi cənab Prezidentin imzaladığı qanuna görə artıq bundan sonrakı mərhələdə jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxiləyə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Yəni, şəxslər, qurumlar, fərdlər bu və ya digər şəkildə jurnalistin öz peşə fəaliyyətini yerinə yetirməsinə müdaxilə edərsə, onun qarşısını alarsa, bu və ya digər şəkildə əngəl törədərsə cərimə ediləcək, konkret məbləğ də göstərilib. Məbləğin göstərilməsi o baxımdan diqqətəlayiqdir ki, bu məsələdə artıq gümana yer qalmır. Yəni, konkretdir. Minimum 300, maksimum 600 manatdır.
Hüquq praktikasında da belə bir məqam var ki, bir insan hansısa qanun pozuntusuna yol verərsə ilkin mərhələdə ona minimum cəza tətbiq edilir. Amma bu hallar təkrarlandığı halda ona maksimum cəza tətbiq edilir. Yəni 300 və 600 manat nə vaxt tətbiq ediləcək məsələsi də burada öz həllini tapmış olur. İlk dəfə bu cür pozuntuya yol verən şəxslərə təbii ki, minimum cərimə tətbiq ediləcək. Yəni, 300 manat. Amma bunu adət halına çevirmiş, davamlı şəkildə jurnalistlərin peşə fəaliyyətinə maneələr törədən şəxslərə qarşı cəzalar həmişə daha yüksək olacaq. Yəni ən azı 600 manat cərimə tətbiq ediləcək. Əlbəttə, düşünürük ki, bunun özü haradasa jurnalist əməyinə, medianın fəaliyyətinə daha diqqətlə yanaşmaq üçün əlavə stimul olacaq".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Ümumiyyətlə, jurnalistin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə birmənalı şəkildə yolverilməzdir. Qanunlar çərçivəsində öz vəzifə borcunu və peşəsini icra edən jurnalistin fəaliyyəti düşünürəm ki, həm cəmiyyət, həm dövlət, həm hər bir fərd, eyni zamanda jurnalistika üçün çox önəmlidir. Bu, jurnalistikanın ümumiyyətlə statusuna, nüfuzuna kifayət qədər müsbət mənada təsir göstərən nüanslardan və amillərdəndir. Ona görə də düşünürəm ki, bu peşəkar fəaliyyətə qanunsuz müdaxilə yolverilməzdir və bu müdaxilənin qarşısında müvafiq qaydada lazımi addım və tədbirlərin görülməsi də önəmli hadisələrdəndir.
Jurnalist vəzifəsini yerinə yetirirsə, peşəkar qanunlar çərçivəsində öz funksiyasını yüksək səviyyədə reallaşdırmağa cəhd göstərirsə, təbii ki buna da müsbət yanaşılmalıdır.
Qanunsuz müdaxilə peşə fəaliyyətinə yolverilməzdir və bu baxımdan bu hadisədə bu halın baş verməsinə şərait yaradan, bilavasitə iştirak edən insanın müəyyən mənada qanunlar çərçivəsində adekvat münasibət bildirməsi vacibdir və cərimələnməsi müsbət bir haldır. Bu jurnalistikanın inkişafına müsbət təsir göstərəcəkdir”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Mətbuat cəmiyyətin güzgüsüdür. Yalnız azad və müstəqil mətbuatın köməyilə şəffaf cəmiyyət qura, tərəqqiyə nail ola bilərik. Bu baxımdan mətbuat nümayəndələrinin sərbəst fəaliyyəti vacibdir.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsini müsbət qiymətləndirib. Onun sözlərinə görə, yeni dəyişiklik ölkədə mətbuatın inkişafına mane olmaq istəyən adamların əl-qolunu bağlayacaq, onların məsuliyyət hissini artıracaq.
Bildiyiniz kimi, Məcəlləyə əsasən, Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək. Əminəm ki, bu cəza növünün tətbiqi həm fiziki, həm də vəzifəli şəxsləri mediaya münasibətdə daha məsuliyyətli olmağa vadar edəcək. Nəhayət, biz jurnalistlərlə normal rəftar qaydasını öyrənməliyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB