Sərhəd-keçid məntəqəsinin qurulması prosesin tamamlanması deməkdir - ŞƏRH

Sərhəd-keçid məntəqəsinin qurulması prosesin tamamlanması deməkdir - ŞƏRH

Prezident İlham Əliyev ilin əvvəlində - 10 yanvar tarixində yerli telekanallara müsahibəsində Laçın yolunda ekofəalların aksiyasına münasibət bildirərkən, belə demişdi: "Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə - müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq".

Bəli, bu gün verdiyi sözü ilə əməli üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyevin görüdüyü işlər göz önündədir. Bu ilin - 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Ulu öndər dəqiq bilirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ilk növbədə Azərbaycanın güclü iqtisadiyyatı və ordusu olmalıdır. Bu baxımdan, Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Ulu öndərin tutduğu yol Azərbaycana böyük uğurlar qazandırdı.

Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.

Və bu gün 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu tarixi hadisə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinin təntənəsidir. Azərbaycan liderinin strateji addımlarını nəzərdən keçirəndə bunu daha aydın görmək olur.

Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdi ki, separatçılar ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər. Bu, Azərbaycanın son seçim şansı verməsi deməkdir və Prezidentin bu bəyanatından sonra Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda prosesin tamamlanması deməkdir. Dövlətimizin başçısı, bir daha Ermənistana növbəti mesajını verərək bildirdi ki, "ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar".

Bəli, bu yeni vəziyyət Azərbaycan liderinin yaratdığı reallıq idi.

Bu tarixi hadisə Prezident İlham Əliyevin qətiyyətli, peşəkar, uğurlu xarici və hərbi siyasətinin mühüm uğurudur.
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması separatçılara ağır zərbə vurmaqla bərabər, həm də ermənilərin qanunsuz fəaliyyətinə son qoymaq deməkdir. Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Ona görə də Azərbaycanın Həkəri çayı üzərində Ermənistanla Laçın rayonunu birləşdirən kommunikasiya xəttində sərhəd-buraxılış məntəqəsini qurması ədalətlidir, beynəlxalq hüquqa söykənir, Azərbaycanın suveren hüququdur. Beynəlxalq hüququn fundamental norma və prinsipləri də Azərbaycanı bu hərəkəti etməyə vadar edir. Bölgənin təhlükəsizliyi üçün bu cür adekvat addımlar mühüm aktuallığı ilə seçilir. Bir sözlə, Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda prosesin tamamlanması deməkdir.

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə