"Salyan regional “ASAN xidmət" Respublika üzrə 25-ci mərkəzdir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Salyan regional “ASAN xidmət" Respublika üzrə 25-ci mərkəzdir" - QURUM RƏSMİSİ AÇIQLADI

“Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə mərkəzin 3 blokdan ibarət inzibati binası, yerüstü 2 avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb, digər fasadlarda müasir alkapon, şüşə vitraj və keramoqranit materiallarından istifadə edilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, Salyan regional “ASAN xidmət” mərkəzi ümumilikdə Respublika üzrə 25-ci mərkəzdir: “Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan, rayonlarında qeydiyyatda olan ümumilikdə 426.600 vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dən çox xidmət həyata keçiriləcək. Əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

​Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür. Burada region gəncləri üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərməsi də nəzərdə tutulur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə